QHT dövlətin dəstəyilə Yevlaxdakı aztəminatlı ailələri məlumatlandırıb
Bu barədə təşkilatın və layihənin rəhbəri Fərman Nəbiyev məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Yevlax İcra Hakmiyyətinin köməyilə həyata keçirilən tədbirdə insanları narahat edən sosial məsələlər müzakirə olunub. 27 nəfərin, əsasən qadınların üstünlük təşkil etdiyi təlimdə Aynur Mustafayeva, Aynur Əmirova, Mətləb Nəbiyev, Pərvin Məmmədova, Nahidə Nəbiyeva, Səhərgül Abdullayeva, Aybəniz Yusifova və başqaları ixtisaslı və ixtisassız insanların, o cümlədən əlillərin işlə təmin olunması, ünvanlı yardım, əmlak tələbi, mənzildə qeydiyyat və yaşayış hüququ, aliment və müavinətlərin verilməsi və başqa məsələlər barədə suallarını ekspertə ünvanlayıblar.
“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin hüquqşünası İnqilab Həsənov vətəndaşların sosial hüquqlarıyla bağlı Azərbaycan qanunvericiliyini, mövcud normativ aktları izah edib. O, məhkəmə mübahisələrində vəkillərin və ya tərəflərin qanuni nümayəndələrinin iştirakı, pensiyaların, əlliliyin təyin olunması, ailə başçısını itirməyə, işsizliyə görə müavinətlərin verilməsi, işçinin məcburi və könüllü sığortası, xeyriyyəçilik fəaliyyətinin inkişafı üçün dövlətin öhdəlikləri, iddia ərizələrinin tərtibi üçün qanunvericiliyin tələbləri, əmək pensiyası ilə sosial müavinətin fərqi barədə tədbir iştirakçılarına bilgilərini çatdırıb.
MVA-nın İdarə heyətinin üzvü və layihənin intervüeri Yeganə Nəbiyeva məlumatın əldə olunması, emal edilməsi və informasiyaya çevrilməsi prosesinin, press-relizlərin hazırlanması və KİV-ə ötürülməsinin, müxtəlif dövlət qurumlarına rəsmi sorğular göndərilməsinin əhəmiyyətindən danışıb: “Beıə sorğular, yazılı müraciətlər dərhal qeydiyyata düşür. Təşkilat rəhbərləri bu sorğuları və müraciətləri qanunun tələb etdiyi səviyyədə cavablandırmağa borcludurlar. Əks halda siz onları məhkəməyə verə bilərsiniz. Eyni zamanda məlumat KİV-ə çıxırsa, o artıq ictimailəşir.”
Xatırladaq ki, may ayının əvvəlindən “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin həyata keçirdiyi yeni layihə Mingəçevir, Bərdə, Ağdam və Yevlax sakinlərinə, o cümlədən məcburi köçkünlərə ünvanlanıb. Ötən müddətdə MVA-nın nəzdində hüquq otağı açılıb, regional MTV kanalı ilə sosial mövzuda bir saatlıq veriliş efirə yayılıb, Ağdam və Bərdə rayonlarında təlimlər keçirilib.
Şərhlər bağlıdır.