Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Qəzetdə gedən tənqidi çıxışlar hökumətin diqqətindən kənarda qalmamalıdır”

212

Bu gün Mingəçevirdə  çalışan KİV nümayəndələri   Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onun adını daşıyan mərkəzdə dəyirmi masa ətrafında müzakirə aparıblar. Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov Azərbaycan Milli Mətbuatının və jurnalistikamızın tarixinə qısa nəzər salıb, ictimai-siyasi fikrin formalaşmasında medianın rolu barədə danışıb, jurnalistləri peşə bayramı münasibətilə təbrik edib.  YAP Şəhər Təşkilatının sədri Cavanşir Yusubov  medianın cəmiyyətlə hakimiyyət arasında körpü rolu olduğunu  nəzərə çatdırıb.

Dəyirmi masada media təmsilçiləri bir sıra təkliflərlə çıxış ediblər. Azərbaycan Prezidentinin  jurnalistlərlə son görüşündəki nitqindən  bəzi fikirləri xatırladan “Mingəçevir işıqları” qəzetinin baş redaktoru,  Əməkdar  jurnalist  Fərman Nəbiyev bildirib ki, qəzetdə gedən tənqidi çıxışlar  hökumətin diqqətindən kənarda qalmamalıdır. MTV-dən  Ehtiram Muradlı deyib ki, Bakıda jurnalistlər üçün mənzil tikilsə də, bölgədəki KİV-lər bu imkanlardan bəhrələnə bilmirlər.   “Azərbaycan işıqları” qəzetində çalışan  Yusif  Ələkbərov əyalətdə yaşayan və çalışanların adlarının dövlət mükafatı alanların arasında görmədiyindən təəssüfləndiyini gizlətməyib.

“Mingəçevir” qəzetindən  Mirsədi Daşdəmirov,  “Mingəçevir leysanı” jurnalından  İsmayıl İmanzadə,   “Zaman” qəzetindən  Esmira Hidayətova,   Bağlar İdarəsinin rəisi Eyyub Rəşidov,  İH-nin ərazi nümayəndəsi Rizvan Mikayıllı da təbriklərə qoşulublar.

Dəyirmi masaya yekun vuran İ.İsmayılov  əslində hər bir yazıdakı çıxışın diqqətlə izləndiyini, sadəcə bununla bağlı media qurumuna məlumat verilmədiyini, eyni zamanda jurnalistləri narahat edən digər məsələlərlə bağlı müvafiq addımlar atılacağını  nəzərə çatdırıb.  Tədbirin sonunda KİV rəhbərlərinə və  bölgə jurnalistlərinə İH adından qələm dəsi bağışlanıb.

Şərhlər bağlıdır.