Bizimlə həyatınız həmişə işıqlı olacaq!

QHT Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ətraf mühitin qorunmasında vətəndaş cəmiyyətinin rolu barədə tədbirlər icra edir

178

Mingəçevir Regional QHT-lərin Resurs və Təlim Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi İctimai Birliyinin təşkilatçılığı  ilə “Ətraf  mühitin  qorunmasında vətəndaş cəmiyyəti  institutlarının rolu mövzusunda tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində iyulun 9-da təlim gerçəkləşdirilib.  Təlimçi Fizuli Əsədov layihə barədə geniş məlumat verib. F.Əsədov deyib ki, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadəsi məsələsi ölkəmizdə aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutur: “Ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması su ehtiyatlarının çirklənməsinin qarşısının alınmasından, biomüxtəlifliyin qorunmasından, yaşıllıqların artırılmasından, neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsindən, bərk sənaye və məişət tullantılarının, o cümlədən təhlükəli tullantıların tələb olunan səviyyədə idarə olunmasından asılıdır. Son illər ərzində aparılmış məqsədyönlü dövlət siyasəti, beynəlxalq təcrübədən istifadə və həyata keçirilmiş ardıcıl tədbirlər nəticəsində ətraf mühitin mühafizəsi sahəsində ciddi nailiyyətlər əldə edilib. Bunlar barədə isə ictimaiyyətin məlumatlandırılması hökumətin fəaliyyətinin şəffaflıq və hesabatlılığının, ətraf mühitin mühafizəsinə vətəndaş cəmiyyəti, biznes qurumları və beynəlxalq təşkilatların cəlb edilməsi üçün əməkdaşlığın açıqlığının ifadəsidir”.

Təlimçi qeyd edib ki, əhalinin sağlamlığının qorunması və ətraf mühit məsələləri üzrə daha fəal olmağa təşviq edilməsi, onlarla dövlət arasında əlaqələrin inkişaf etdirilməsi və mediaya sərbəst çıxışların təmin edilməsi bu gün ən aktual məsələlərdəndir: “Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair Məlumat“da son beş il üçün ətraf mühitin qiymətləndirilmə nəticələri və ətraf mühitin mühafizəsi sahəsində dövlət siyasətinin prioritet istiqamətləri üzrə görülmüş işlər əksini tapıb. Məlumat 5 bölmədən – “Ölkə haqqında ümumi məlumat“, “Azərbaycan Respublikasının ekoloji siyasəti“, “Ətraf mühitin vəziyyəti“, “Ətraf mühit üzrə görülmüş işlər“ və “Ekoloji təbliğat, vətəndaş cəmiyyəti və QHT-lər“dən ibarətdir. Məlumatın məqsədi Azərbaycanda beynəlxalq göstəricilərdən istifadə etməklə ətraf mühitin qiymətləndirilməsi ilə onun dəyişiklik meyllərini müəyyən etmək, sənədlərin analitik komponentlərinin yaxşılaşdırılması və unifikasiyası, mövcud vəziyyətin yaxşılaşdırılması istiqamətində ölkədə görülən tədbirlər barədə geniş məlumatı və ətraf mühitə dair problemlərin həlli yolları ilə bağlı təklifləri təqdim etməkdən ibarətdir.

Təlimdə QHT-lərə media və vətəndaş cəmiyyəti əlaqələrini inkişaf etdirmək, öz fəaliyyətlərini daha da genişləndirmək üçün müasir media vasitələrindən (sosial şəbəkələr, internet səhifələri, bloqlar) istifadə yolları barədə ətraflı məlumat verilib. Tədbir mövzu ətrafında  maraqlı diskusiya  ilə davam edib. “Eko-TES” İctimai Birliyinin sədri, ekoloq Çingiz Nəzərovun  çıxışı daha maraqla qarşılanıb.

Şərhlər bağlıdır.