Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Qarabağ, qarşıla bizi!”

Mingəçevir Dövlət Dram Teatrında şəhər İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir  Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb. İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov ölkədə ordu quruculuğu və gənclər siyasətindən danışıb. O,  vurğulayıb ki, Vətəni qorumaq naminə sıx birləşmək hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq, həm də mənəvi vəzifə borcu olmalıdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkobnik cənab Rasim Şirinov ordu quruculuğu sahəsində qazanılmış uğurlardan söhbət açıb. Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu vurğulayan natiq düşməndən qat-qat üstün olan ordumuzun doğma torpaqlarımızın keşiyində daim ayıq-sayıq dayandığını, gənclərimizin hərb işin sirlərinə mükəmməl yiyələndiyini, işğal altında olan ərazilərimizin yağı düşməndən tezliklə azad olunacağına əmin olduğunu bildirib.

Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyini sədri Məhəmməd Vəliyev, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli də gənclərin Vətənimizin müdafiəsi, qədim tariximizin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğində fəal iştirak etdiklərini bildiriblər.

Bundan sonra “Vətənin müdafiəsinə hazıram” mövzusunda  musiqi, mahnı və şeir müsabiqəsində Mingəçevirin qalibləri – 4,18 və 19 saylı məktəblərin şagirdləri mükafatlandırılıb.

Tədbirin bədii hissəsində vətənpərvərlik mövzusunda yazılmış mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlı konsert proqramı ilə  çıxış edib. O, sonda böyük coşqu ilə  “Qarabağ, qarşıla bizi” mahnısını ifa edib.

Şərhlər bağlıdır.