“Mingəçevir Gənclərin Regional Debat Forumu: Payız 2017” uğurla yekunlaşdı
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin xəttilə keçirilən “Mingəçevir Gənclərinin Regional Debat Forumu: Payız 2017” uğurla başa çatıb. Gənclər “Gənc nəslin sahibkarlıq fəaliyyətinin inkişafında dövlət dəstəyi əsas faktordur” mövzusunda “Təsdiq” və “İnkar” tərəfdən debatlar aparıblar.
Forumun ilk günü finala qədər mərhələlər yekunlaşıb. “De Facto” və “Dejavu” komandaları finala vəsiqə qazanıblar. Yekunda “De Facto” komandası payız forumunun qalibi adını qazanıb. Qalib komandaya kubok, ən yaxşı hakim, ən yaxşı məşqçı və ən yaxşı natiqlərə medal, bütün iştirakçılara sertifikat verilib.
Mükafatlandırma və bağlanış mərasimində Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli ölkədən aparılan gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan söhbət açıb. O, qeyd edib ki, uzun illər Mingəçevirdə olan debat fəaliyyətinin sistemləşdirilməsi, Mingəçevirdə Karl Popper debat formatın inkişafı məhz Mingəçevir Regional Debat Mərkəzinin fəaliyyəti ilə bağlıdır.
Milli Debat Proqramının Regional Mərkəzlər üzrə meneceri Etiram Sadıqzadə və MRDM-nın sədr müavini Samir Şükürov proqramın əhəmiyyətindən, qazanılan uğurlardan danışıblar.
Vurğulanıb ki, mərkəz tərəfindən 2 il ərzində 7 debat (2 məktəbli, 5 gənclər) forumu təşkil olunub. Hazırda Mingəçevirdə müxtəlif auditoriyalarda Karl Popper debat formatında təlimlər keçən hər bir gənc birbaşa və ya bilavasitə Mingəçevir Regional Debat Mərkəzindən bəhrələnir. Bütün bunlar gənclərin inkişafında mütəsna rol oynayır.
Şərhlər bağlıdır.