Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Həmin geçə sanki qar yox, göydən qan yağırdı”

Xocalı soyqırımının 25 –ci ildönümü ilə əlaqədar şəhid Rəşad Mirabov adına 7 saylı tam orta məktəbdə “Xocalı-qan yaddaşımızdır” adlı ədəbi-bədii kompazisiya keçirilib. Məktəbin direktoru Anar İsmayılov ermənilərin torpaqlarımızda törətdikləri vəhşiliklərdən danışııb.

Günahsız qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra 5-9-cu sinif  şagirdləri Xocalı faciəsinə aid şeirlər söyləyib, faciə ilə bağlı video görüntüləri nümayiş etdiriblər.  Məktəbli Gülsəfa Ağayeva  həmin qanlı gecənin şahidi Nərgiz Musayevanın dili ilə onun başına gələnlərdən söhbət açıb: “Nərgiz xanım deyir ki, üstündən 25 il keçməsinə baxmayaraq, elə bilirəm hadisə bu gün olub. Xocalı tarixdə görünməmiş müharibə idi. Bu müharibə deyildi, qudurmuş bir kütlənin əliyalın insanların üzərinə hücumu idi. Həmin vaxt Bakıda Tibb universitetində  oxuyan iki qızım da  Xocalıya gəlmişdi. Qızlarımdan biri ailəli idi. 2 aylıq körpəsi vardı. Oğlum isə 7 yaşında idi. Həmin gün biz uşaqlı-böyüklü qarın üstü ilə  qaçırdıq. Həmin geçə sanki qar yox, göydən qan yağırdı. Həmin gecə həyat yoldaşım da Xocalı qadınlarının namusunu qorumaq üçün canından keçdi. Sonradan onu da eşitdim ki, yaxınlarım, əzizlərim hamısı ermənilərin işgəncələrinə məruz qalıb. İndi qalan yaxınlarım isə xəstə və  əlildilər. Biz hələ də bu ağrı-acıyla yaşıyırıq. Bircə  təsəllimiz torpaqlarımızın geri qaytarılmasıdır”.

Məktəbin şagirdlərinin  iştirakı ilə  o müdhiş gecəni əks etdirən kiçik bir tamaşa da nümayiş olunub. Tədbirin sonunda  “Xocalı soyqırımı-25 il yaddaşımızda” mövzusunda inşa və rəsm müsabiqəsinin qalibləri  mükafatlandırılıb. Tədbirin ərsəyə gəlməsində böyük əməyi olmuş dil-ədəbiyyat müəllimi Ləman Qasımovaya təşəkkür  elan edilib.

Şərhlər bağlıdır.