“Pul mənim, ixtiyar mənim”
ahibkarlar zorla satılan su sayğaclarına görə onların mülkiyyət hüququnun pozulduğunu, “Azərsu” rəsmiləri isə su ölçən cihaza görə istehlakçılardan ödənişin qanuni olduğunu iddia edirlər.
Susuz qalan bərbərxana və…
Ruzgar Cəlilov altı ildir ki, Mingəçevirin Rəsul Rza küçəsində, beşmərtəbəli binanın birinci mərtəbəsində, 16 kv.metrlik qeyri-yaşayış sahəsində məhlə qonşusu Yusif Qarayevlə birgə bərbər xidməti göstərir. Obyektin enerji ilə təminatı “Azərenerji”nin vəsaiti hesabına bir neçə il öncə quraşdırılan smart kart tipli sayğacla tənzimlənib. Bir il əvvələ qədər bərbərxananın su ilə təchizatında da problem yaşanmırdı.
“Bizim su sayğacımız var, indi də yerindədir. Özüm 15 manata alıb, quraşdırmışam, su idarəsi də ona plomb vurub. Hər ay istifadə edilən suyun haqqını bu sayğacın göstəricisinə uyğun şəkildə ödəyirdim. Amma bir il əvvəl “Azərsu”dan gəldilər, suyumuzu kəsdilər. Və dedilər ki, 247 manat ödəyin, iş yerinizə smart sayğac qoyub, su verək. Dedim ki, biz istifadə etdiyimiz suyun pulunu öz sayğacımızla ödəmişik, yenisi ilə də ödəməyə hazırıq. Amma bu sayğacı dəyişməkdə siz maraqlısınız, çünki suyu indi bununla satmaq istəyirsiniz. Belə olan halda niyə mən pulumdan keçməliyəm? Pul mənim, ixtiyar mənim, özüm bilərəm, təzəsini alaram, ya da köhnəsindən istifadə edərəm. Onlar da yenisini quraşdırmadılar, ancaq sayğacın haqqını tələb etdilər” -Ruzgar Cəlilov belə deyir.
Eyni vəziyyətlə Cəlilovun qonşuları və Mingəçevirin digər sahibkarları da üzləşiblər. Nisbətən imkanlı iş adamları tələb olunan məbləği ödəsələr də, xırda sahibkarların bəziləri obyektlərini bağlamaq zorunda qalıblar.
Su sayğacının sahibi kim ola bilər?
Vəkillər Kollegiyasının üzvü, İJS hüquq firmasının idarəedici partnyoru Əkrəm Həsənovun fikrincə, mülkiyyət dedikdə əşya və əmlak başa düşülür: “Qanunla hər şey, yəni tоrpаq, zаvоd, binа, zinət əşyаlаrı, pul, iş qüvvəsi, avadanlıqlar mülkiyyət ola bilər. Bu, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində əksini tapıb. AR Mülki Məcəlləsində isə deyilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur”.
Ə.Həsənov belə hesab edir ki, əslində sahibkarların vəsaiti hesabına quraşdırılan suölçmə cihazları onların mülkiyyətində olan avadanlıqlardır: “Məsələ belədir. Sayğacın kimin mülkiyyətində olması məsələsi onun kim tərəfindən alınmasından asılıdır. İstehlakçı alıbsa, onundur. Əks halda təchizatçınındır. Fiziki şəxsə münasibətdə hər bir halda təchizatçı almalıdır, deməli, təchizatçınındır. Fərdi sahibkara gəldikdə, razıyam ki, o da fiziki şəxsdir. Digər hallarda məsələ təchizatçı ilə istehlakçı arasındakı razılaşma ilə həll olunmalıdır. Sözügedən halda isə problem, məncə, heç bunda da deyil. Əsas odur ki, sayğac artıq var. Mövcud qanunvericilik hər iki sayğac növünün olması imkanını nəzərdə tutur. Buna görə də təchizatçı tələb edə bilməz ki, mütləq digər növlü sayğacı qoy”.
Ə.Həsənov onu da deyir ki, ticarət (kommersiya) hüququnda fərdi sahibkar adi fiziki şəxs hesab edilmir, amma bizim qanunvericilikdə bu, birmənalı təsbit edilməyib: “Bu baxımdan sübut edə bilməzlər ki, fərdi sahibkar fiziki şəxs deyil. Belə olsaydı belə, məcburi satış qanunsuzdur əlbəttə”.
Fiziki şəxs “fiziki şəxs anlamı deyil”
Biz “Azərsu” ASC rəhbərliyinin də məsələyə mövqeyini öyrənməyə çalışdıq. ASC-nin sədr müavini Mahir Məmmədov sorğumuza cavabında belə yazır: “Azərsu” ASC tərəfindən istehsalat proseslərinin və istehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, etibarlılığın artırılması, su itkisinin qarşısının alınması, xidmətin dəyərinin tam şəkildə ödənilməsinin təmin edilməsi məqsədi ilə istehlakçıların ön ödənişli smart-kart tipli su sayğcları (SKT) ilə təmin olunması istiqamətində müfafiq tədbirlər həyata keçirilir. Nəzərinizə çatdırırıq ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinin 1-ci bəndinə əsasən “Fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24-cü maddəsinə əsasən “fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir və Azərbaycan Respublikasının bütün vətəndaşları, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayn şəxslər fiziki şəxslərdir”. Azərbaycan Respublikasının Vergi Məcəlləsində “hüquqi şəxs və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs” anlayışı qeyd edilmişdir. Lakin “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsində isə “Hüquqi şəxs və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs anlamı deyil, “fiziki şəxs” anlayışı öz əksini tapmışdır. Qeyd olunan su ölçən cihaz Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının Qərarı ilə müəyyənləşmiş əhali qrupuna aid olmayan obyektdə quraşdırılmalı olduğundan suölçən cihaz su təchizatı müəssisəsinin hesabına quraşdırılmalı deyil”.
İş yerində su pulu niyə ödənilmir?
Bir neçə ildir ki, Mingəçevirdə, eyni zamannda başqa rayon və şəhərlərdə su və kanalizasiya sisteminin yeniləşdirilməsi ilə bağlı dövlət proqramı həyata keçirilir. Bu proqram çərçivəsində milyon manatlarla vəsait xərclənib və hələ iş davam edir. Hökumət köhnəlmiş sistemi dəyişməyi öz üzərinə götürüb. Su və kanalizasiya xətləri yenilənir, su və çirkab sularını təmizləyən qurğular tikilir. İşin nə dərcədə keyfiyyətli görülüb-görülməməsi, ayrılan vəsaitin qanunauyğun xərclənib-xərclənməməsi başqa bir mövzunun söhbətidir, amma nədən “Azərsu” rəsmiləri belə bir məqamda kiçik sahibkarları dövlətdən, hökumətdən incitməyə qərar veriblər, başa düşülən deyil. Yəqin onlar düşünürlər ki, belə xırda məsələni ölkə başçısının diqqətinə çatdıran olmayacaq.
Ekspertlər qanundakı boşluqların gələcəkdə Konstitusiya Məhkəməsinin müstəvisinə çıxarılacağını istisna etmirlər. Problem bundadır ki, 2011-ci ilə qədər qanunda birmənalı şəkildə yazılırdı ki, sayğac təchizatçının hesabına qoyulur. Bu, həm fiziki şəxslərə, həm də digərlərinə aid idi. Yəni 18 mart 2011-ci ilədək qanunun 31-ci maddəsinin 2-ci hissəsi də vardı (“Suölçən cihazlar qanunvericiliklə nəzərdə tutulmuş hallarda su təchizatı müəssisəsinin vəsaiti hesabına quraşdırılır”). Bu hissə isə qanundan artıq çıxarılıb. Dəyişıkilikdən sonra “fiziki şəxs” ifadəsi saxlanılsa da, “Azərsu”da bunun yalnız əhaliyə aid olduğu iddia edilir, sahibkar fiziki şəxslərə yox. İnhisarçı şirkət isə bu fürsətdən yararlanaraq, köhnə sayğacları istehlakçıların hesabına bahalı sayğaclarla dəyişməyə, satmağa başlayıb. Halbuki bunun qiymətinin dəfələrlə şişirdildiyi iddia olunur.
Geyim və təsərrüfat mallarının satışı ilə məşğul olan Tərlan xanım deyir ki, obyektinə smart sayğacı quraşdırıblar, amma tələb olunan 247 manatı ödəmədiyindən kartı vermirlər ki, su yükləyə bilsin: “Biz də evdən, kubu 36 qəpiyə (kanalizasiya xidməti ilə birgə) aldığımız sudan işə daşıyırıq. Halbuki iş yerində kubunu 1 manat 30 qəpikdən bizə satırlar. Sonra da deyirlər ki, büdcə boşdur, doldura bilmirik…”
Şərhlər bağlıdır.