Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Özün Yarat” platforması yüzlərlə insanı yaradıcı və maraqlı həll yolları ilə təkrar istifadənin təşviqi üçün bir araya gətirib

Bu həftəsonu Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı “Özün Yarat” yarışmasının qaliblərini elan edib. Birinci yerin qalibi (3000 AZN) plastik çirklənmə probleminə dayanıqlı həll yolunu hədəfləyən “Plastik çantalar” layihəsi ilə Leyla Məmmədova, ikinci yerin qalibi (2000 AZN) lazımsız metal hissələrdən daşına bilən manqal hazırlayan Səid Əliyev, üçüncü yerin qalibi isə (1000 AZN) köhnə metal çəlləyi hər evdə istifadə edilə biləcək rəngarəng əlüzyuyana çevirirək müsabiqəyə qatılan Kamran Qasımzadə olub.

Dördüncü yeri, qatıq hazırlamaq üçün parçalardan istifadə edərək yeni məhsul hazırlayaraq “Qatıqlıq” ideyası ilə çıxış edən Aynur Bəşirova, beşinci yeri köhnə karton kağızlardan istifadə edərək kiçik ev hazırlayan Aysu Məhərrəmli qazanıb.

Xüsusi mükafatlar Sona Məhərrəmova, Eldar Həmidov, Rasim Mahmudov, Murad Şamxallı, Ramin Əkbərov, Səid Əliyev, Banuçiçək Qurbanova, Günel Hüseynli və Xəyalə Məmmədovaya təqdim olunub.

Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günündə təsis edilmiş və daha çox insanı, gündəlik həyatda tullantı hesab etdikləri əşyaları yenidən düzəldərək istifadəyə həvəsləndirmək məqsədilə yaradılmış Azərbaycanın ilk yenidən istifadə platformasına 200-dən çox müraciət daxil olub.

““Özün Yarat” platforması yüzlərlə insanı yaradıcı və maraqlı həll yolları ilə təkrar istifadənin təşviqi üçün bir araya gətirdi. Onların bu həll yolları tullantılara yeni həyat verdi. Bu, həm xammal kimi iqtisadi cəhətdən səmərəlidir, həm də ətraf mühiti ekoloji yükdən qoruyur”, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev qeyd edib.

“Özün Yarat platforması, zərərli tullantıları azaltmaq və ətraf mühitimizi qorumaq məqsədilə insanları təkrar istifadəyə dair yaradıcı fikirlərini bölüşməyə təşviq etmək üçün 2 ay əvvəl Avropa İttifaqının dəstəyi ilə təsis edildi. Platformaya böyük maraq oldu və müsabiqəyə 200-dən çox iş təqdim edildi. Bu isə Azərbaycan xalqının incəsənət və əl işlərində olan istedadından və təbiəti qorumaq barədə qərarlılığından xəbər verir. Bu layihənin əsasında duran mesaj odur ki, dəyişiklik evdən başlayır və hər birimiz təbiətə qayğı missiyasında digərlərinə nümunə olmalıyıq.”, Aİ-nin Azərbaycandakı səfiri Kəstutis Yankauskas bildirib.

“COVİD-19 milyonlarla insanın həyatını olduqca çətinləşdirdi. Lakin bu çətinliklər öz bərabərində yeni bacarıqlara yiyələnmək, eləcə də daha yaşıl və daha dayanıqlı şəkildə bərpa üçün hərəkətə keçməyə fürsət oldu. Dayanıqlı inkişafa yol açmaq üçün hər birimiz daha çox iş görməliyik. Biz bunu dairəvi iqtisadiyyata üz tutaraq edə bilərik. Bu növ iqtisadiyyatda məhsullar hazırlanır, istifadə edilir, emal olunur və yenidən istifadəyə verilir. Gənc azərbaycanlıların Özün Yarat platformasında nümayiş etdirdiyi bacarıqlar həqiqətən ilhamlandırıcıdır”, BMTİP-nin Rezident nümayəndəsinin müavini Çaru Bist qeyd edib.

“Özün Yarat” platforması Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi, Şərq Tərəfdaşlığı regionunun altı ölkəsində iqlim fəaliyyətinin sürətləndirilməsinə kömək məqsədi daşıyan EUforClimate regional təşəbbüsünün bir hissəsi olaraq istifadəyə verilib.

Şərhlər bağlıdır.