Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Öz işinin vurğunu

Hansı sahədə olursa olsun, ən böyük uğurların açarı peşəkarlıqdır. Haqqında söz açacağım insan qabiliyyətli, istedadlı, işində peşəkarlığı ilə seçilən adamlardan biridir… O öz işinin vurğunudur. Az adam tanıyıram ki, işinə Osman kimi məsuliyyətli yanaşsın.
Osman Osmanov 1965-ci il, fevralın 23-də Ağdaşda anadan olub.
Uşaqlıqda hüquqşünas olmaq istəyirdi. Amma ailə vəziyyəti, evin qayğıları böyük qardaş kimi onun çiyinlərində olduğuna görə bu arzusundan vaz keçdi. Uşaq ikən qəzet-jurnal oxumağı daha çox sevən Osman 1983-cü ildə, 17 yaşı olanda Mingəçevir Şəhər Rabitə Qovşağında işə başladı. İl yarım qəzetlərin dağıdıcısı vəzifəsində çalışdı. Yaxşı işçi olduğuna görə fəxri fərmana layiq görüldü, üstəlik şəhər xidmət poçtuna təyin olundu. 50-yə qədər idarə, müəssisə və təşkilata xidmət göstərməyə başladı. Qarabağ müharibəsi illərində döyüşə gedən çeşidləmə və çatdırma şöbəsinin müdirini 4 il (1993-cü ildən 1997-ci ilə qədər) əvəz etdi.
1997-ci ildə poçt sahəsi texniki sahədən ayrıldı. Şəhərin abunə və yayım işi mətbuat yayımına verildi. O vaxtdan Osman Osmanov bütün şəhər üzrə qəzet yayımını öhdəsinə götürdü.
33 illlik məsuliyyətli əmək sizi yormayıb ki?” Sualımıza Osman təbəssümlə cavab verdi: “Özümün qəzet-jurnala olan həvəsim məni bu yerə gətirib çıxarıb. Mən burada özümü, həyatımı tapmışam. Mütaliəni çox sevirəm. Orta məktəb illərində də həmişə kitab, qəzet, jurnal oxuyardım. Elə indi də. Düzdür, gözlərim bir az zəifləyib, amma işimi qurtarandan sonra qəzetlərə baxıram. Bütün xəbərlərdən xəbərim olur. Evə saat 21-22 radələrində gedib çıxsam da yorulmuram”.
Bu gün Osman Osmanov mətbuat yayım şöbəsində qəzetləri çeşidləyib, ünvanlarına çatdırmaqla, eyni zamanda satışını təşkil etməklə məşğuldur. Bu günə qədər onun işindən narazılıq edən olmayıb. Osman hesab edir ki, kitab oxumaq, mütaliə etmək insanın mənəvi zənginliyini artırır, onu daha da müdrikləşdirir: “Onu da deyim ki, kitab, qəzet, jurnal oxuyan adam başqa tərbiyədə olur. Bizim hətta 92 yaşlı oxucumuz da var. Əvvəllər insanların əlində qəzet, kitab olardı, indi isə telefon görürsən. Müasir dövrdə qəzet oxuyan təbəqə orta və yaşlı nəslin nümayəndələridir”.
Osmanın xobbisi də var. O, qarmonda, tarda və pianoda gözəl ifalar edir. Musiqiçilər kimi tanınan bu ailə əlamətdar günlərdə bir yerə toplaşanda bir ansambl yaranır. Yaxın qohumları və qızı Gülnar musiqi sahəsində Osmandan heç də geri qalmırlar.

Fuad Bayramov,
Esmira Hidayətova

Redaksiydan: Fevralın 23-də Osman Osmanovun 50, qızı Gülnarın isə 13 yaşı olub. Bu münasibətlə yığışan qohumlar və dostlar, iş yoldaşları Osmanı və qızını təbrik edib, oynayıb, oxuyub, ürək sözləririni söyləyiblər. Ailə ansamblı yubiley tədbirinə şən mahnılarını ərməğan edib. Və bu gecədə Osman pianoda rəngarəng musiqi nömrələri ifa edib.
“Mingəçevir işıqları”nın kollektivi və oxucuları da bu şad günündə Osman Osmanova təbriklərini göndərməkdən məmnundur. Qəzetimizin yayımına ciddi cəhdlə çalışan qardaşımıza deyirik: 50 yaşınız mübarək!

Şərhlər bağlıdır.