Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Gender dünyasında xanımlarımızın yeri

Qadının evdə oturmaq, ya işləmək istəyilə bağlı seçim haqqı var

Ölkəmizin ucqar bölgələrində qadın iştirakçılığının və qərarvermə prosesinə çıxış imkanlarının gücləndirilməsinə necə nail ola bilərik? Zərif cinsin nümayəndələrini mətbəxdən çıxması, münbit şəraitdə sahibkarlıq fəaliyyəti ilə məşğul olaması üçün dövlətin siyasəti, vətəndaş cəmiyyəti və medianın rolu nədən ibarətdir? Bu və digər suallara Azərbaycanın tanınmış ekspertlərindən cavab almağa çalışdıq.
Azərbaycanda Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov xanımlarda sahibkarlıq vərdişlərinin aşılanmasını, onların ictimai və iqtisadi fəalliğının artırılmasını vacib hesab edir: “Ölkəmizin gələcəyi qeyri-neft sektorunun inkişafındadır. Bu işə xırda sahibkarlıqla məşğul olan qadınlarımızın xüsusi töhfəsi ola bilər. Misal üçün deyim ki, Türkiyədə inkişaf kiçik sahibkarlığa böyük dəstək verilməsi ilə bağlıdır”.
İctimai vəkillik üzrə mütəxəssis Günel Səfərova vurğulayır ki, qadına seçim haqqı verilməlidir: “Mən xoşbəxtəm ki, uşaq olanda anam evdar qadın olduğu üçün hər gün qaynar yemək yeyirdim. Amma bu seçimi qadının özünə vermək lazımdır: O, işləmək istəyir, yoxsa evdar qadln olmaq? Biz bir-birimizə dəstək olmalıyıq, şəbəkələşməliyik. Qadın iştirakçılığı proqramı bu yolla həll oluna bilər”.
Milli Məclisin üzvü Elmira Axundova hələ Sovetlər dövründə Heydər Əliyevin diqqət və qayğısı sayəsində qadınların irəli çəkildiyini və son illərdə bu tendensiyanın artdığını nəzərə çatdırır: “Milli Məclisdə 20-dək qadın deputat təmsil olunur. Biz kişilərin idarə etdiyi cəmiyyətdə yaşayırıq. Uğurlu xanımın yanında uğurlu kişi dayanır”.

“Qadınları məhz qadın olduqlarına görə vəzifəyə qoymaq olmaz”.

Bu fikri Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova səsləndirib. O, mediainfo.az-a açıqlamasında vurğulayıb ki, bəzən qadın olduğuna görə qadın irəli çəkilir: “Bir çox rayon icra hakimiyyətlərində belə bir proses getdi. Sıravi bir müəlliməni icra hakimiyyətində müavin təyin edirlər. Amma bir şey nəzərə alınmır ki, idarəetmə özü bir elmdir. O pilləyə çatmaq üçün hələ idarəetmənin aşağı pilləsində olmaq lazımdır, öyrənmək lazımdır, sonra yüksək pilləyə çıxıb kiməsə dərs vermək olar. Qadın irəli çəkilir, amma işinin öhdəsindən gələ bilmir, o kənarlaşdırılır, sonra deyirlər ki, qadınları irəli çəkirik, onlar bacarmırlar”.
Psixoloq Azad İsazadə problemin kökünü kişilərə təklif olunan imkanların qadınlar üçün eyni dərəcədə əlçatan olmamasında görür: “Onların hüquqlarını tələb etmələri çox vaxt uğursuzluqla nəticələnir”.
BDU-nun Radio və Televiziya Jurnalistiakası Fakültəsinin mütəxəssisi Turac Qəhrəmanova isə deyir ki, balaca bir uğuru olan qadının uğur hekayəsini yazmalıyıq: “Bu digər qadınlar üçün ümid ola bilər. Biz nanotexnologiya sahəsində Yaponiya ilə rəqabətə girə bilmərik, amma narşərabla dünya bazarında maraqlı nə isə edə bilərik”.

Qadınların gücünü artırmaq mümkünmü?

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinə rəhbərlik edən, Azərbaycanda “Norveç İnsan Haqları Evi”, “Analıq Məktəbi”, “Qadın Parlamenti” kimi layihələri ilə tanınan, 2013-cü ilin oktyabrından isə “Qadın gücünə güc” layihəsinin əlaqələndiricisi olan Şəhla İsmayılla söhbətimizdə qadınların gücünü artırmaq yollarını müzakirə etdik. O, hesab edir ki, bu gün Azərbaycanda qadınının xeyli problemi var: “Problemdən biri, bəlkə də birincisi qadınların özünün passiv olmasıdır. Yəni çox bacarıqlı, istedadlı, ağıllı qadınlaımız var, amma yetərincə liderlik cəsarəti onlarda yoxdur ki, imkanlarını nümayiş etdirsinlər, hər hansı işin arxasınca sonadək getsinlər. Sözsüz ki, bunu hamıya şamil eləmək olmaz, amma bir qismi məhz buna görə əziyyət çəkir. Buna bariz nümunə kimi qadınlar üçün təşkil etdiyimiz sərgini göstərə bilərəm. Təsəvvür eləyin, bizim layihə çərçivəsində sahibkar qadınlar arasından 400-ə yaxın xanımı müəyyənləşdirdik. Bu 400 qadından təqribən 100-nün əl işləri var. Amma regionlardan olan bu sahibkar qadınların məhsullarının şəkillərini və əlaqə vasitələrini əhatə edən kataloqa cəmi 40 qadını sala bildik. Digərləri müxtəlif səbəblərdən razı olmadılar. Və onların təqribən yarısı gəlib masalar üstündə təamlarını və əl işlərini sərgilədilər. Qalanları isə çox müxtəlif məişət və subyektiv səbəblər irəli sürərək, bu imkandan vaz keçdi. Ailə tərəfindən yaradılan maneələr, utancaqlıq, ictimai qınağa tuş gəlmək qorxusu (yəni “Reklan olunaram, televiziyada göstərərlər, insanlar nə deyərlər”), bəzi çətinliklərin olması (“Bakını tanımıram”, “Ora gəlmək mənim üçün əziyyətdir”) bu səbəblərdən idi. Amma bu sərgi onların tanınmasına, imkanlarının genişlənmsinə bir fürsət idi. Bir çoxlarına elə burdaca alış-veriş etmək imkanı da yarandı. Həm də sifariş götürə bildilər, mobil nömrələrini onların xidmətindən istifadə etnək istəyənlərə verdilər. Yəni hər deyəndə belə imkan olmur”.

“Layihə körpülərin tikilməsinə şərait yaradır”

Şəhla İsmayıl deyir ki, bu gün onları bir çox suallar düşündürür: Məsələn, bizim yerli dükanlara qadınlarımızın çıxışı nə dərəcədədir? Mağazalarımız öz qadınlarımızın istehsal etdiyi məhsulları almağa hazırdırlamı? Və alanda bu, hansı qiymətlərlə tənzimlənəcək? “Təbii ki, bu kimi texniki, məntiqi məsələlər həllini gözləyir. Sözsüz ki, Azərbaycan qadınlarının müxtəlif çətinlikləri var. Amma qadın ilk növbədə özündə olan çətinliyi dəf etməlidir, passivliyin öhdəsindən gəlməlidir. Və müəyyən qədər özündə həm cəsarət, həm də işgüzarlıq tapmalıdır”.
Müsahibimiz vəziyyəti yaxşılığa doğru dəyişmək üçün bir neçə addım ata bildikləri qənaətindədir: “Qadın biznes sərgisinin təşkili ciddi bir iş idi. Bura gələnlər də artıq bir pillə irəliləməyə nail oldular. Bu yaxınlarda 2 günlük qadın forumu keçirəcəyik. Bu forumda biz sahibkar qadınları başqaları ilə, məsələn icra hakimiyyəti, bələdiyyə, mərkəzi idarəetmə orqanları nümayəndələri ilə görüşdürəcəyik. Burada Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindən, Milli Məclisdən də nümayəndələr olacaq. Ümumi dialoq, platforma yaradacağıq. Yəni insanlar öz problemlərinin həlli yolunu bu platformada axtara bilsinlər”.
Şəhla xanım hesab edir ki, onun əlaqələndiricisi olduğu layihə istənilən halda ünsiyyətə və şəbəkələməyə xidmət edir: “Etiraf edək ki, bir layihə ilə hər şeyi dəyişmək olmur. Amma bu 400 qadının istəyi varsa, layihə onlara körpülərin tikilməsinə maksimum şərait yaradır. Bununla onlar özlərinə aid şəxsi çətinlikləri dəf edə bilmək, öz bizneslərini inkişaf etdirmək, başqa yerli qadınların vəkili olmaq imkanı qazanıblar. Artıq layihənin ortasındayıq, amma çox yaxşı nümunələrimiz var. Bizim layihədən ruhlanan, ilhamlanan elə qadınlarımız var ki, yerlərdə, öz icmalarında qadın təşkilatları, fermer təsərrüfatları yaradırlar, mikrokredit götürüb, bizneslərini qurmaq istəyirlər. İstilikxanalar açanlar var. Biz onlara məsləhətlər veririk ki, hardan başlamalı, nə etməli? Hətta günlərlə vaxtımız məsləhətləşmələrdə keçir”.

“Ərindən, qardaşından, atasından, hətta oğlundan asılı olan qadınlarımız var”

Ş.İsmayılın dövlət, beynəlxalq və yerli QHT-lər və media tərəfindən davamlı, uzun müddtli işlərin aparılmasını zəruri sayır: “Liderlik qabiliyyəti formalaşana qədər qadınları “gərginlikdə saxlamaq”, onlara kömək etmək lazımdır ki, tam ayağa dura bilsinlər. Biz cəmi 400 qadını cəlb etmişik və onların heç də hamısı yaranmış fürsətdən eyni dərəcədə bəhrələnə bilmir. Həm də bu layihə qadınlarımız üçün ideal şərait yaratsa belə, okeanda bir damladır. Əslində okeanda bir damla da “yatmış balıqları” oyada bilər. Əgər kişilər onları “qarmağa” keçirib, qurbana çevirməsələr…Əslində bu layihədə olmasa da, digər layihələrimiz vasitəsilə kişilərə biz hər zaman təsir edirik. Reallıq ondan ibarətdir ki, qadın hüquqlarını get-gedə yüksəltsək də, əksər xanımlarımız ailədən çox asılı vəziyyətdədir. Evində ərindən, qardaşından, atasından, hətta oğlundan asılı olan qadınlarımız var. Başqa layihələrdə onlarla təmasa girməyə çalışırıq. Adətən deyirlər ki, hər bir uğurlu qadının arxasında uğurlu kişi dayanır. Amma hesab edirəm ki, yenə də çox şey qadının özündən asılıdır. Bəzən qadınlar dürüst, səlist danışmağın əleyhinə olur. Yəni elə bir kişi ola bilməz ki, oturub ona sadəcə bütüm üstünlükləri, çətinlikləri izah eləyəsən, kişi onu anlamasın. Mən sadəcə buna inanmıram. Qadınlar çalışsalar, tənbəllik etməsələr, işlərinə başdansovdu yanaşmasalar, özləri müəyyən qədər kişilərin “qılığına girib, damarını tutub”, istəkərinə nail ola bilərlər. Gəlin bizim təşkil etdiyimiz sərgiyə nəzər salaq. Bir xeylisi kişilər tərəfindən müşayiət olunmuşdu, eləsi var həyat yoldaşı, qardaşı, ya oğli ilə gəlmişdi. Təbii, tək də gəlmək olar, yaxın adamla da. Burda əslində pis heç nə yoxdur. Şəxsən mən də hər yerə həyat yoldaşımla gedirəm. O, bu sərgiyə də gəlmişdi. Bu hər zaman belə olmayıb. Vaxt olub ki, biz də oturub söhbət etmişik, indi o, mənə mane olmaq əvəzinə, əksinə dəstək olur. Ona görə hesab edirəm ki, hər şey qadının əlindədir. Dilnən, danışıqnan, ünsiyyətnən, mehribançılıqla ümumi bir məxrəcə gəlmək olar”.

“Qadının ailəyə və cəmiyyətə töhfəsi daha çoxdur”

Şəhla İsmayıl onu da vurğulayır ki, əslində qadınları yaxşı maarifləndimək, bəlkə də təlimləndirmək lazımdır ki, həm ailədə fikirlərini bölüşə bilsinlər, üstəlik işlərini də qurmağı bacarsınlar: “İlk baxışda hər şey həm mürəkkəbdir, həm də sadədir. Yəni mürəkkəb olan bir şey məharətli, iradəli əllərdə çox sadə bir şeyə çevrilə bilər. Yetər ki, qadının istəyi olsun. İstər qadın, istər kişi, qarşısına hər hansı bir hədəf, məqsəd qoyarsa, həqiqi iradə, səy gücünə ona çatmamaq nümkün deyil. Layihənin qarşıda hələ bir ili var, əminəm ki, bir ildən sonra biz Azərbaycan qadınının çoxlu uğur hekayələrini danışa biləcəyik. Bəzən bizdən soruşurlar: Siz dünyanı yaxşılığa doğru dəyişmək istəyirirsiniz, bu prosesdə qadınların rolu böyük ola bilər, yoxsa kişilərin? Hesab edirəm ki, hər ikisinin rolu əvəzsizdir. Amma nəzərə alaq ki, qadın həm də anadır. Bir qadının maarifçi, təhsilli, təşəbbüskar olması o ailənin çox yüksək səviyyədə təmsil olunmasına zəmin yaradır. Yəni qadının ailəyə və cəmiyyətə töhfəsi daha çoxdursa, deməli dünyanı yaxşılığa doğru dəyişmək üçün rolu da böyükdür”.

Şərhlər bağlıdır.