“Oğlum Səmədov Şəhriyar İqtisad Universitetinin 4-cu kursunda oxuyurdu, Prezident təqaüdçüsü idi. 685 balla bu ali məktəbə daxil olmuşdu. 2019 -cu ildə buraxılış imtahanından maksimum 300 bal toplamışdı. Yaşının az olmasına baxmayaraq, öz istedadı, savadı ilə tanınmışdı.
Oktyabrın 6-da gecə saatlarında kirayə yaşadığı mənzildə asılı vəziyyətdə cəsədi tapılmışdı. Asıldığı turnik o qədər də hündürdə deyildi. Əllərini turnikə atanda ayaqları yerə dəyirdi. Yəni onun özünü asması şübhələr doğurur. Axı niyə özünü assın? Həmin gün fakültənin dekanlığından praktika üçün arayış alıb. Xaricdə magistratura təhsili almağa hazırlaşırdı, yanvar ayında seçim edəcəkdi. Dil səviyyə imtahanının birindən uğurla keçmişdi, ikincisinə hazırlaşırdı ki, dünyanın daha nüfuzlu universitetlərinə düşə bilsin. Ümumvətəndaşlıq pasportu götürmək üçün ASAN Xidmətə müraciət etmişdi. 4 gündən sonra əmisi oğlunun toyunda iştirak etmək üçün rayona gəlməyə hazırlaşırdı. Belə planları olarkən nə baş verdi ki, bu uşaq oktyabrın 6-da intihar etdi?”
Bu sözləri ötən ay Bakıda kirayə yaşadığı mənzildə intihar edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi, 2003-cü il təvəllüdlü Şəhriyar Səmədlinin atası Şahin Səmədli sosial şəbəkə səhifəsində yazaraq oğlunun qəsdən öldürüldüyünü iddia edib.
Qeyd edək ki, Şahin Səmədli Masallıda yaşayır və bu rayonda ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir.
Şərhlər bağlıdır.