Bir neçə gündür ki, bahar bayramı münasibəti ilə Mingəçevirin küçə, park və xiyabanları bayramsayağı bəzədilib. Martın 20-də isə səhər saatlarlndan başlayaraq qara zurnanını sədaları altında atlı çaparlar yaşayış məhəllələrini gəzərək, Novruzun gəlişini müjdələyiblər. Dilarə Əlieva küçəsindən Səməd Vurğun meydanına qədər çeşidli sərgilər, Novruz personajları, milli adət-ənənələrimizin zənginliyindən soraq verən səhnələr bir-birini əvəz edib. Səməni və Novruz xonçalarının müsabiqəsi təşkil olunub. Məktəblilərin və gənc rəssamların əl işləri tarix muzeyinin qədim əşyalardan ibarət sərgisi, müxtəlif kollektivlərin təqdim etdikləri bayram süfrələri meydana səhnə olub. Qız-gəlinlər kətə, yuxa, paxlava, qutab bişirib, nehrə asıb, cəhrə əyirib, yun darayıblar. Əli xoncalı qızların əhatəsində meydana daxil olan Dədə Qorqudla Bahar Qız yurdumuza əmin-amanlıq, bol ruzi arzulayıblar. Alqış sədaları altında Novruz tonqalı çatılıb. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov baharın gəlişi münasibəti ilə təbriklərini çatdırıb. Qədim el bayramının zənginliyindən, insanlara xoş hisslər aşılamasından danışıb. Bildirib ki, məhz ümummilli liderimiz Heydər Əlievin təşəbbüsü ilə bu bayram dövlət səviyyəsində qeyd olunmağa başlayıb: “Milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm verən Prezident İlham Əliyev də tarixi keçmişimizi, ənənnələrimizi yüksək dəyərləndirir”. Aşıqların xoş avazı, milli oyunlarımız, rəqs və folklor qruplarının, musiqi və teatr kollektivlərinin , kəndirbaz və idmançıların nümunəvi çıxışları, Keçəl və Kosanın məzəli əhvalatları xoş anlar yaşadıb. Şənlik boyu Novruz adətləri icra olunub, yumurta döyüşdürülüb. El gəzintisi və maraqlı konsert proqramı ilə davam edən bayram şənliyində həm də yeyinti məhsullarından ibarət sərgi təşkil olunub.
Şərhlər bağlıdır.