Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Nazilə İsayeva: “Özümdə cəsarət tapıb, ayrılmağa qərar verdim”

237

Boşanmış qadının etirafları

“Mənim ailə qurmağım valideynlərimin istəyi ilə oldu. Məndən heç fikrimi
soruşmadılar. Etiraz da edə bilmədim. Onlar böyüyümdülər dedim və susdum. Heç
sevmədiyim birinə ərə getdim. İnsan sevdiyi ilə toy axşamını yaşamaq istəyər. Mən
isə sanki təcavüzə uğradım. Etiraz etsəm də mənası olmadı”
Adının çəkilməsini istəməyən Nazilə İsayevanın (onu şərti olaraq belə adlandırırıq)
başına gələn əhvalatı qələmə almaq o qədər də asan deyil. Səsyazısına təkrar-təkrar
qulaq asıram. Nazilənin əzablı həyatı kino lenti kimi gözümün qabağından keçir:
“İlk 3 ayı hamilə qala bilmirdim. Buna görə evdə söz-söhbət yarandı. Məni və
anamı günahlandırırdılar. “NİYƏ ANAN SƏNİ MÜALİCƏ ELƏTDİRMƏYİB?”
kimi fikirləri hər gün eşitməkdən bezmişdim. Əslində müalicə olunsam da bir xeyri
olmamışdı. Bir müddət keçdi və anam məni həkimə apardı. Müalicə olundum və
hamilə qaldım. Amma mənim hər gecə təcavüzüm davam edirdi. Cinsi əlaqədə
olmaq istəmirdim. Gecələr soyuq pəncərə qarşısında ağlayırdım…”

Həyatının çətinliyinə baxmayaraq, Nazilənin tək təsəllisi bətnində böyüyən övladı
idi: “Sadəcə ona bağlanaraq yaşayırdım. Bir qadın kimi yox, dustaq kimi hiss
edirdim özümü. Daha sonra basqılar artmağa davam etdi. Zorla hicab geyinməyə
məcbur edildim. Etdiyim ibadətlərə gülürdülər və mənə lağ edirdilər. Hər şeyə dözürdüm. Ailəm dağılmasın deyə nə desələr, onunla razılaşırdım. Sonra getdikcə yoldaşım evə gəlməməyə başladı. Harasa gedir, aylarla gəlmirdi. Orada yaşamaq hər gün daha da çətin olurdu. Geyinməyə paltar almırdılar. Ehtiyacım olan çox şeyi anam alırdı. Ümumiyyətlə mənimlə qətiyyən nə yoldaşım, nə də onun ailəsi maraqlanırdı”.
Nazilə deyir ki, uşağı dünyaya gələndən sonra da onun da ehtiyaclarını
qarşılamırdılar: “Hətta uşaq bezi də almırdılar. Beşiyi uşaq islatmasın deyə içinə
qalın əskilər qoyurdum. Uşaq xəstələnirdi, amma ona dərmanı almırdılar. Hər gün
əvvəlkindən daha çox əzab çəkirdim. Evdə nəsə itəndə məni günahlandırdılar.
“Sənin oğurladığını bilirik”, “Hara gizləmisənsə, get gətir” kimi fikirlər məni lap
boğaza yığmışdı. Təhqir edildiyim yerdə yaşamaq daha istəmirdim. Basqılar və
təhqirlər mənim ən sonda səbrimi daşırdı və mən artıq hər şeyi valideynlərimə
danışdım. Nəhayət ki, özümdə cəsarət tapıb, ayrılmağa qərar verdim”.

“Hər kəs həyatındakı səhvləri düzəltmək üçün özündə güc toplamalıdır”.

Mingəçevir Dövlət Universitetinin tələbəsi Tahirə Mustafayeva boşanmalara o
qədər də pis baxmır: “Əgər bir ailədə hər gün dava olursa, qadın zorakılığa, şiddətə
məruz qalırsa və yaxud digər bu kimi hallar yaranırsa və bütün bunların
nəticəsində qadın ayrılmağı seçirsə, niyə görə də bu qadının günahı olmalıdı?
Təəssüf ki, bir çox insanlar qadınların boşanmasına pis baxır: “Ər evinə getdinsə,
oradan sadəcə sənin cənazən çıxmalıdır!”. Axı qadının da xoşbəxt və azad həyat
yaşamaq haqqı var”.

Tahirə xanım bu hüququn kənardan deyilən fikirlərə görə məhv edilməsinin heç də
doğru hesab etmir: “Hər kəs səhv edə bilər. Onun ilk qərarı doğru olmayıb deyə
niyə ömür boyu bu yanlış qərarın cəzasını çəkməlidir? Hər bir insan öz həyatındakı
səhvləri düzəltmək üçün özündə güc toplamalıdır. Ancaq kənardan səslənən
fikirlər xüsusilə qadınlara psixoloji təsir göstərir, onları öz həyatları üçün qərar
verməkdən məhrum edir. Qadınlar təhsildən yayındırmaq lazım deyil. Savadlı
insanları aldatmaq çətin olur.”
Bu gün Nazilə oğluyla valideynlərinin himayəsində yaşayır: “Heç bir qadın
istəməz ki, ailəsi dağılsın. Məni valideynlərim oxumağa qoymadılar. Ev işləri və
özümdən kiçik bacı-qardaşlarıma baxmağı tapşırdılar. Əgər vaxtilə onlar da
“NEYİRSƏN OXUMAĞI?”, “ƏRİN SƏNƏ BAXACAQ DA” kimi fikirlərə
qapılmayıb, məni oxutmuş olsa idilər və ailə quracağım şəxsi də seçməyi öz
öhdəmə buraxsaydılar, mən bunların heç birini yaşamazdım. Ancaq mən
valideynlərimdən fərqli olaraq, oğluma qadınlara hörmət etməyi öyrədirəm. Çox
istərəm ki, bütün qadınlar öz hüquqlarını bilsinlər və onun tapdalanmasına imkan
verməsinlər. Bu isə yaxşı təhsildən, savaddan keçir”.

Kənar müdaxilələr ailənin bünövrəsini laxladır

Mingəçevirdə yaşayan evdar qadın Ceyran Quliyevanın fikrincə, boşanmanın
səbəbləri müxtəlifdir: “Onlardan biri işsizlikdir. İşsizlik adətən ailədə söz-söhbət
və problemlər yaradır. Valideynlərdən biri işsiz olanda yük digərinin üzərinə düşür
və ailədə qeyri-sağlam mühit formalaşır”.
Ceyran xannım belə hesab edir ki, ailəyə kənardan yardım əvəzinə müdaxilələr
onun bünövrəsini laxladır: “Bu da ailənin dağılmasına gətirib çıxardır. Nəticədə əksər hallarda analar uşaqla tək qalır. Bəzən olur ki, atalar alimentdən yayınırlar. Bu da qadının işini çətinləşdirir. Qadın bu halda daha çox işləməyə məcbur olur. Bəzi hallarda boşanmış qadınları evlərindən çıxarırlar. Kirayədə yaşamaları isə onların vəziyyətini daha da çətinləşdirir.”
Mingəçevir Dövlət Universitetinin Pedaqogika və Psixologiya kafedrasının baş
müəllimi, pedaqoq-psixoloq İlhamə İsmayılova düşünür ki, boşanmaq ilk seçim
olmamalıdır: “Əksər hallarda ailələr boşanmağı tək çıxış yolu kimi görürülər.
Xırda məsələləri şişirdib, onu böyük problemlərə çevirirlər. Boşanmalar ailədə
qadına və ya uşağa psixoloji və ya fiziki şiddət olarsa, labüddür. Əgər ailədə
qadına qarşı zorakılıq, basqı və məsuliyyətsiz ata prototipi varsa, bu zaman qadın
boşanmağı çıxış yolu olaraq seçə bilər”.
Psixoloq ailədə boşanmaların uşaq psixologiyasına mənfi təsir etdiyini deyir və
buna görə də o, ailələri hər kiçik məsələyə görə boşanmamağa çağırır.

Şərhlər bağlıdır.