Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Nəcəf kişinin toyu 7 gün, 7 gecə çəkib

“Novruz əsl müsəlman bayramıdır. İlin təzələnməsidir. Camaat bu bayrama həftələrlə hazırlıq görərdi. Elə olardı ki, insanlar yığılıb heyvan kəsərdi. Çalğıyla keçirərdilər Novruzu. Gənclər dəstələrlə qodu-qoduya gedərdilər, tonqalın ətrafında “Yallı” oynayardılar. O vaxt çox yaxşı keçərdi bu bayram. Heyif deyildi o vaxtlar. Ey, ay bala, o vaxt insanlar bir-birini başa düşərdi. İndi elə şeylər yoxdu”. 84 yaşlı Nəcəf Abdullayev belə deyir, adət-ənənələrin get-gedə yaddan çıxdığından, unudulduğundan gileylənir.
Nəcəf kişi deyir ki, o vaxt kosa və keçəl zurnaçılar dəstəsi ilə evlərə gedər, maraqlı səhnəciklər göstərər, bayram paylarını da alıb geri qayıdardılar: “Yaxşı yadımdadı, parçadan məşəl düzəldərdik, 3 gün qabaqdan benzinə qoyardıq ki, yandıranda yaxşı alovlansın. Bayram günü yandırıb göyə atardıq. Kimin məşəli ən yüksəyə qalxardısa, o da qalib sayılardı. Böyük tonqal qurardıq kəndin ortasında. Qızlar, gəlinlər niyyət tutub qulaq falına çıxardılar. Tez-tez kəndin uşaqları ilə “Dirədöymə” oynayardıq”.
Nəcəf kişi onu da deyir ki, əvvəllər hərə öz evində yetişdirərdi səmənini. İndi isə onun dükanlardan alınmasına təəssüflənir: “Mədəniyyətimiz bizdən yavaş-yavaş uzaqlaşır. Atamızın yanında utandığımızdan övladlarımızı qucağımıza almazdıq. Həyat yoldaşım qaynatasının yanında kalağayı ilə gəzərdi. Yoldaşım örpəyi elə örtərdi ki, bircə gözləri görünərdi. O vaxt böyüyə hörmət vardı. Amma indikilər…”
Nəcəf kişi 1928-ci il may ayının 3-də Samux rayonunun Öcək kəndində anadan olub. O vaxtkı fəhlə-gənclər gecə məktəbini əla qiymətlərlə bitirib. Evin böyük oğlu olduğu üçün uşaq vaxtından əlini əməyə alışdırıb, hər zaman atasına kömək edib. Atası rəhmətə gedəndə ailənin bütün yükü Nəcəf kişinin üzərinə düşüb. Yanğın söndürmə idarəsində, balıq zavodunda, ovçular cəmiyyətində işləyib. 1953-cü ildə valideynlərinin xeyir-duası ilə Sədiqə xanımla ailə qurub. Dediyinə görə, 7 gün, 7 gecə toyları olub. Ömür-gün yoldaşı ilə yeddi övlad boya-başa çatdırıb. Bostanda işləməklə övladlarının dördünü oxudub. Balalarının hamısı ailə sahibidir. Lakin amansız fələk övladlarının üçünü və həyat yoldaşını Nəcəf kişinin əlindən alıb.
On altı nəvəsi, on bir nəticəsi var Nəcəf babanın. Hər il olduğu kimi bu ilə də bayramı nəvə və nəticələri ilə keçirəcək, onlara Novruz adətlərindən danışacaq.

Elnarə

Şərhlər bağlıdır.