“Xocalı yuxuma girir”
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecəni 72 yaşlı Çərkəz Orucov belə xatırlayır: “Onda mənim 52 yaşım vardı. Biz Xocalının Qaladərə kəndində yaşayırdıq. Evimiz kəndin baş tərəfində idi. Həmin günü yoldaşım mənə dedi ki, gedək bacıngilə. Bacımgilin evi kəndin aşağı tərəfində idi. Bir az oturduq, söhbət etdik. Evə qayıdanda Mürşüd adlı bir kişi camaatı və aeroportda çalışan polisləri bir-bir çağırdı. O, ermənilərin hərbi texnikalarının Həsənabada yığışdığını dedi. Bildirdi ki, Əlif Hacıyev deyir ki, gəlsinlər aeroporta. Biz evimizə qayıtdıq. Bir az oturmuşduq, yoldaşım dedi ki, birdən atışma olar, biz çıxa bilmərik”.
Həmin günü övladlarını vertolyotla yola salan Çərkəz dayı həyat yoldaşı və kürəkəni ilə kənddə qaldı. Yenidən bacısıgilə qayıtdılar. Təzəcə bacısıgilə çatmışdılar ki, atəş səsləri eşidildi. Ermənilər ağır texnikalarla dörd bir yandan atəş açırdılar.
Müsahibim o zaman Rəhim Qazıyevin Şuşada olduğunu da dedi: “Bacım oğlunun qəbuledicisi var idi. Yoldaşım onun vasitəsiylə Qazıyevlə danışıb dedi ki, bizi burda atıb öldürsünlər ki, ermənilərin əlinə keçməyək? Ermənilər kəndə od qoydular. Əvvəl kəndin baş tərəfində taxtadan tikilmiş “fin” tipli evləri yandırdılar. Onlar kəndin ortasına çatanda biz çıxdıq. Evlər elə yanırdı ki, elə bil gündüz idi…”
Çərkəz dayı bildirdi ki, camaat alovun içindən keçə-keçə Dərələyəz kəndinə gəldi. Həmin kəndin camaatı da təlaş içərisində idi. Şaxtalı, qarlı havada Qarqar çayını keçməliydi camaat: “Ayaqqabılı, ayağıyalın çayı keçməkdən ayaqlarımızı don vurdu. Bacım qızının ayaqlarını tamamilə donduğu üçün kəsdilər”.
“Çayı keçəndən sonra isə meşəyə qalxmaq lazım idi. Meşəliyə gedən yoxuşda nə qədər insanın öldüyünü gördük. Yolu tanımayan insanlar hara getdiklərini bilmirdilər. Məqsəd isə Ağdama getmək idi. Meşənin içində də atışma başladı. Güllə qar kimi üstümüzə yağırdı. İnsanlar o qədər təlaş içərisində idi ki, meyitləri ayaqlayıb keçirdilər. Hərə öz canının hayında idi. Gözümüz önündə adamlar ölür, amma sağ qalanlar onlara heç nə edə bilmirdi. Yoldaşım dedi ki, artıq taqətim qalmayıb, sən get, uşaqların yanına. Bir xeylax yolu yoldaşımı sürüyə-sürüyə gətirdim”.
Şelliyə çataçatda Çərkəz kişi erməni əsgərlərinin idarə etdiyi UAZ maşınının Naxçivanik tərəfdən Əsgərana getdiyini görür. Bunun ardınca erməni əsgərləri BTR-lərlə oraya gəlirlər. Şelliyə çataçatda BTR-lər camaatı güllə-borana tutur.
“Güc-bəla ilə Ağdama gəldik. Böyük qızım Ağdamda ərdə idi. Getdik onlara. Sonra da gəldik Mingəçevirə. Elə o vaxtdan burda məskunlaşmışıq. “Yeni həyat” qəsəbəsində yaşayırıq”.
Çərkəz kişinin qızı Xocalıda ölən əri Vəlyəddin Abbasovun yoxluğuna dözə bilməyib və 1994-cü ildə dünyasını dəyişdi: “Kürəkənimin meyitini gətirə bilmədik. O qədər meyitlər meşədə qaldı, ay bala. Elə bilirsən meyitləri gətirib basdıran oldu?”
Həmin dəhşətli gecəni xatırladıqca 72 yaşlı Çərkəz dayı göz yaşlarını saxlaya bilmir. Əlindəki əl dəsmalı ilə tez-tez göz yaşlarını silir.
Çərkəz kişi 1940-cı ildə anadan olub. 1963-cü ildə ailə həyatı qurub: “Kəndimizdə ferma var idi. Yoldaşım sağıcı idi, mən də qeydiyyat işlərini aparırdım. Orda görüb bəyənmişdim yoldaşımı. Tanış olduq və ailə həyatı qurduq. 11 uşağımız oldu. Xocalıdan çıxdığım günə qədər təsərrüfatda birqadir işləyirdim. Dolanışığımız çox yaxşı idi. Körpə övladlarımın cehizinə kimi hamısı hazır idi. Elə vəziyyətimiz olub ki, mən cibimdəki pulumun sayını bilməmişəm. Müxtəlif illərdə anbardar, kassir, briqadir, mühasib vəzifələrində çalışmışam. 20 sot torpağım var idi. Tövləmizdə 60 qoyun, 30 quzu var idi. Hamısını orda qoyub, ancaq canımızı götürüb gəldik”.
İkinci qrup əlil olan Çərkəz kişi Mingəçevirdə məskunlaşandan sonra iki qızını, ötən il isə yoldaşını itirdiyini deyir: “Yoldaşım dünyasını dəyişəndən sonra sanki yetim qaldım. Balalarının dərdinə dözmədi yoldaşım”.
Mingəçevirdə məskunlaşandan sonra çox çətinliklər çəkdiyini söylədi. Heç bir yerdə işləyə bilmədiyini, 160 manat təqaüd aldığını dedi: “Təqaüdlə birtəhər dolanırıq. Ayda 60 manat işığa pul ödəyirik. Qəsəbəyə təbii qaz çəkilməyib”.
Çərkəz kişinin ən böyük arzusu Xocalını bir də görməkdir. Doğulub boya-başa çatdığı o yerlər, həyətləri tez-tez onun yadına düşür, yuxularına girir: “Torpaqlarımız geri alınsa, məmnuniyyətlə öz kəndimizə gedərdim. Qayıdıb, o torpaqlarda ölmək istərdim. Məni bura övladlarımın və yoldaşımın qəbri bağlayır”.
Çərkəz kişinin 24 nəvəsi, 5 nəticəsi var. O, tez-tez onları başına toplayıb həyatından danışır.
Elnarə Nərimanqızı
Şərhlər bağlıdır.