Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması niyə zəruridir?

Daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsinə dair qanunvericiliklə bağlı vətəndaşlar, dövlət qurumları və digər maraqlı tərəflər arasında hüquqi izahat işlərinin aparılmasına ehtiyac var. Eyni zamanda qeydiyyat prosedurları barədə ictimai maarifləndirmə, daşınmaz əmlakın qeydiyyatının iqtisadi aspektləri və sosial faydalarının açıqlanması da zəruridir. Bu, şəffaflığın təmin olunmasında, effektivliyin artırılmasında mühüm addımlardandır. Daşınmaz əmlakın qeydiyyatı həmin əmlakın etibarlılığına, hüquqi əsasının və iqtisadi səmərəsinin təminatıdır.
Bütün bunlar barədə Əmlak Məsələləri Dövlət Komitəsinin fevralın 14-də Mingəçevirdə dövlət qurumları, ictimai təşkilat, bələdiyyə və notariat orqanları nümayəndələrinin iştirakilə təşkil etdiyi seminarda ətraflı danışılıb. Tədbir Dünya Bankının dəstəyilə icra olunan “Daşınmaz əmlakın Qeydiyyatı” layihəsi çərçivəsində baş tutub. Qeyd olunub ki, bu ilin əvvəlindən komitə tərəfindən respublikanın regionlarında hüquqi-maarifləndirici seminarların keçirilməsinə başlanıb.
Seminarda DƏDRX-nin nümayəndələri Seymur Əliyev, Qulu Xəlilov və Adil Həbiyev , layihənin meneceri Şahin Pənahov, RİS CO şirkətinin təmsilçisi Ağamirzə Bağırov, daşınmaz əmlakın qeydiyyatı və kadastrının mahiyyəti, hüquqi tərifi, bu sahəni tənzimləyən qanunvericilik bazası barədə ətraflı məlumat veriblər. Eyni zamanda qeydiyyat üçün zəruri olan hüquqi sənədlər , həmin sənədlərə dair tələblər, qeydiyyatın mərhələ və müddətləri, hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi barədə izahat verilib, dövlət reysterinin aparılması qaydaları , hüquqların qeydiyyatının dayandırılması və imtinanın əsasları, öncədən qeydiyyat və qeydiyyatın ləğvi qaydalarından bəhs olunub.
Seminarda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərindən və bu sahədə yeniliklərdən də söz açılıb.Yaxın vaxtlarda istifadəyə veriləcəkyeni elektron xidmətdən – əmlak barədə yüklülük arayışlarının (Forma-1) onlayn rejimdə əldə edilməsi barədə ətraflı məlumat verilib. Həmçinin daşınmaz əmlakın kadastrınım növləri, strukturu, prinsip və mərhələləri, kadastr ucotunun aparılma qaydaları və zəruriliyi, kadastr işinin texniki tərəfləri iştirakçılara izah olunub, daşınmaz əmlakla bağlı əməliyyatların aparılmasından öncə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının zəruriliyi vurğulanıb.
Seminar boyu suallar da cavablandırılıb.

Şərhlər bağlıdır.