Mingəçevirlilər isveçliləri məğlub edib, növbəti mərhələyə addadı
Azərbaycanın qadınlardan ibarət son ölkə çempionu olan “Nur” həndbol komandası Avropa Həndbol Federasiyasının (EHF) kuboku uğrunda iki oyununu keçirib. Onlar Mingəçevirdə, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində İsveçin “Luqi HK” komandası ilə üz-üzə gəliblər. Gərgin və maraqlı idman mübarizəsi şəraitində sentyabrın 16-da keçən ilk oyun 24:24 hesablı heç-heçə ilə yekunlaşıb.
Matça rəqib komanda üstün başlayıb. Lakin təşəbbüsü ələ alan Mingəçevir təmsilçisi hesab arasındakı fərqi azaldıb. Buna baxmayaraq, isveçli həndbolçular ilk hissədə minimal hesabla qalib gəliblər – 11:10. Görüşün ikinci hissəsində komandamız əzmkar oyun nümayiş etdirib. “Nur” kollektivi qarşılaşmanın ikinci setində güclü rəqibini 14:13 hesabı ilə məğlub etməyi bacarıb.
Komandalar arasında sentyabrın 17-də Mingəçevirdə, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən cavab oyunu komandamızın üstünlüyü ilə yekunlaşıb. Görüşün ilk dəqiqələrindən təşəbbüsü ələ alan komandamız ilk hissəni 5 xal fərqlə bitirib – 15:10.
İkinci hissə daha gərgin mübarizə ilə yadda qalıb. Hər iki komandanın maraqlı və qarşılıqlı hücumları şəaitində keçən oyunda daha dəqiq oynayan skandinaviyalılar seti 17:14 hesabı ilə öz xeyirlərinə başa vurublar. Lakin 2 hissənin nəticəsinə görə 29:27 hesabı ilə Azərbaycan həndbolçuları qalib gəliblər. 2 oyunun ümumi nəticəsinə görə isə Mingəçevir təmsilçisi 53:51 hesabı ilə İsveç çempionunu məğlub edib.
“Nur” klubunun hər iki oyununu canlı izləyən Azərbaycan Həndbol Federasiyasının (AHF) prezidenti, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov qarşılaşmadan sonra məşqçilər və komanda üzvləri ilə görüşüb. İnamlı qələbə münasibətilə həndbolçuları təbrik edən S.Məmmədov bildirib ki, klubların gücləndirilməsi daim diqqət mərkəzindədir və onları inkişaf etdirmək əsas məqsədlərdən biridir.
Görüşü ukraynalı hakimlər briqadası – Marina Dupli və Olena Kaverina idarə edib. EHF nümayəndəsi isə ruminiyalı Horatu Kristian Belu olub.
Şərhlər bağlıdır.