Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İTS sağlamlıq həftələrinə start verdi

Sentyabrın 20-də Mingəçevir şəhərində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot ərazilərin sakinlərinin sağlamlığının qorunması, maarifləndirilməsi və profilaktik müayinələrə cəlb edilməsi məqsədi ilə “Sabaha sağlam addımla” şüarı ilə  2017-ci ilin oktyabr-dekabr ayları ərzində keçiriləcək sağlamlıq həftələrinin açılış mərasimini keçirib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev bildirib ki, oktyabrın 2-dən dekabrın 17-dək Mingəçevir şəhəri və Yevlax rayonunun inzibati ərazilərində yerləşən Ailə Sağlamlıq Mərkəzlərində keçirilməsi nəzərdə tutulan sağlamlıq həftələrində ailə həkimləri tərəfindən əhaliyə sağlam qidalanma və sağlam həyat tərzi haqqında məsləhətlər veriləcək, müxtəlif müayinələr aparılacaq. Sağlamlıq həftələrinin təşkilində məqsəd pilot ərazilərdə sağlam həyat tərzinin təbliği, əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və sakinlərin ailə həkimləri ilə ünsiyyətinin möhkəmləndirilməsidir.

Agentlik tərəfindən şəkərli diabet, skolioz, döş vəzinin xərçəngi, prostat vəzinin xəstəlikləri, hipertoniya, xolesterin, tütünün zərərləri, sağlam qidalanma mövzularını əhatə edən çap materialları sağlamlıq həftələrində pilot ərazilərin sakinlərinə paylanacaq.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev səhiyyə sistemində aparılan mühüm islahatlardan, Azərbaycanda səhiyyənin inkişafından danışıb.

Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Musa Urud bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu gün vətəndaşların sağlamlığının qorunmasının təminatçısı rolunda çıxış edir, Milli Məclisin Səhiyyə Komitəsi Səhiyyə Nazirliyi ilə birlikdə Agentliyin icra etdiyi pilot layihəyə dəstək göstərir.

Açılış mərasimində Mingəçevir şəhərindəki Müşfiq Mirzəyev adına  parkda qurulan 4 çadırda sakinlərə sağlam həyat tərzi haqqında məlumat və məsləhət verilib, profilaktik müayinələr (arterial qan təzyiqinin ölçülməsi, bədən kütlə indeksinin təyini, qanda şəkərin səviyyəsinin müəyyən edilməsi, süd vəzisinin manual müayinəsi, görmə itiliyinin, tənəffüs yollarının müayinələri və s.) aparılıb.

Tədbirin təşkilinə Mingəçevir Şəhər İcra Hakimiyyəti, şəkərli diabet xəstələri ilə bağlı tədbirlərin həyata keçirilməsinə isə “Novonordisk” şirkəti texniki dəstək göstərib.

Sonra tədbir iştirakçıları DRES qəsəbəsində yeni təmir olunan Ailə Sağlamlıq Mərkəzinin (ASM) açılışında iştirak ediblər. Hazırda köhnə həkim tibb məntəqələrinin yerində Ailə Sağlamlıq Mərkəzləri (ASM) fəaliyyət göstərir. İki pilot bölgə üzrə ASM-də ümumilikdə 79 ailə həkimi çalışır. Ailə həkimlərinin bilik və bacarıqlarının artırılması məqsədilə təlim proqramı hazırlanıb və həyata keçirilir. Rayonlarda yerləşən ASM-lər lazımi tibbi avadanlıqlarla (USM aparatı, elektrokardioqraf, rentgen, fetal doppleroqrafiya, ktq (kardiotokoqrafiya) təchiz edilib . Mərkəzi ASM-lərdə isə yuxarıda sadalanan avadanlıqlarla yanaşı göz müayinəsi üçün (refraktometr, göz uniti, foropter, biomikroskop) digər avadanlıqlar da mövcuddur.

Şərhlər bağlıdır.