2021-ci ilin 6 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Zəfər Günü: işğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi inkişaf tarixinin yeni başlanğıcı” mövzusunda elmi konfrans keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda fakültənin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.
Konfransda giriş sözü ilə çıxış edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov, fakültə dekanı, dosent Nüşabə Qədimli Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, tələbələrin elmi fəaliyyətə cəlb olunmasının önəmindən və konfransın mövzusunun aktuallığından bəhs ediblər.
Sonra, proqrama uyğun olaraq tələbələrin məruzələri dinlənilib.
MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrindən Fidan Babayeva “Milli birlikdən və həmrəylikdən keçən şanlı Zəfər yolu”, Gültəkin Musazadə “Möhtəşəm qələbədən böyük qayıdışa doğru”, Gülnar Nəsirova “İşğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində dövlətin regional siyasətinin yeni hədəfləri”, Ləman Əliyeva “Qarabağın sosial-iqtisadi inkişafında Zəngəzur dəhlizinin rolu”, Zəminə Məmmədova “Vətən müharibəsindən sonra Qarabağ iqtisadiyyatının dirçəlişi”, Ülkər Musazadə, Dəyanət Səfərov, Rəcəb Tanrıverdiyev “Qarabağda yenidənqurma və bərpa işlərinin vüsət alması”, Əlirza Abdullayev “Qarabağda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası layihələrinin həyata keçirilməsi”, Fidan Balaşova “Qarabağın bərpasında yeni infrastruktur layihələrin rolu”, Gülşən Cahangirova “Qarabağın mədəni həyatının yenidən canlanması”, Fidan Rəhimli “Vətən müharibəsindən sonra Qarabağda turizm potensialının inkişafı” və Xanımtər Vəliyeva “Vətən müharibəsindən sonrakı dövrdə Qarabağa xarici dəstək” mövzusunda məruzələrlə çıxış ediblər.
Tələbə və müəllim heyəti tərəfindən maraqla dinlənilən məruzələr ətrafında geniş müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb.
Qeyd edək ki, MDU-da tələbələrin elmi potensialının üzə çıxarılması və onların tədqiqat bacarıqlarının inkşaf etdirilməsi diqqət mərkəzində saxlanılır və bu məqsədlə onların universitetdə keçirilən müxtəlif formatlı elmi tədbirlərə aktiv cəlb olunmasına xüsusi önəm verilir.
Şərhlər bağlıdır.