Mingəçevirli “Şahinlər” şəhər birinciliyinə qatıldılar
Martın 12-də Gənclər və İdman idarəsi, Mingəçevir şəhər Təhsil şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsi “N” saylı hərbi hissədə “Şahin” hərbi idman oyunlarının şəhər birinciliyini keçirib.
20 komandanın qatıldığı yarış musiqi sədaları altında sıra düzümü ilə başlanıb. Sonra darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açılması, 100 metr məsafəyə qaçış və turnikdə dartınma, manelərin dəf olunması və mülki müdafiə hazırlığı və s. üzrə komandalar bacarıqlarını nümayiş etdiriblər.
Hərbi hissənin komandiri, polkovnik leytenant Mübariz Feyzullayev hərbi oyunlarda gənc qızların iştirakından məmnunluğunu bildirib: “Təkcə qəhrəman oğullarımız deyil, igid qadınlarımız da sücaətləri ilə Azərbaycan tarixində qalıblar. Bu gün burada olan qızlar Tomris ananın, Nüşabənin, qaçaq Nəbinin Həcərin, Salatının davamçılarıdır”.
Mingəçevir şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Elşən Əliyev, Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Təhsil şöbəsinin metodisti Qurban Vahidov “Şahinlər” idman oyunlarının gənclərin hərbi vətənpərvərlik ruhunda yetişməsində böyük əhəmiyyətindən danışıblar. Onlar vurğulayıblar ki, sabah bu gənclər işğal altında qalan torpaqlarımızı azad edəcəklər.
Qalib komandalar Gəncəbasar zonası üzrə Gədəbəy şəhərində keçiriləcək zona mərhələsinə vəsiqə qazanacaqlar.
Şərhlər bağlıdır.