Mingəçevirli sahibkarların güvənə biləcəyi yeni ünvan
Mingəçevirdə Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyi Heydər Əliyev prospektindəki 28/12 saylı binadakı ofisinin açılışını həmin ünvanda və qonşuluqda yerləşən dövlət, QHT və bələdiyyə qurumlarının nümayəndələri ilə birgə çay süfrəsi ətrafında qeyd edib. Təşkilatın sədri Vaqif Həsənov bildirib ki, QHT 2013-cü ilin mayında qeydiyyatdan keçib. Ofis probleminə görə indiyədək fəaliyyət göstərə bilməsə də, şəhərdə sahibkarlığın inkişafına dəstək məqsədilə proqram hazırlayıb: “Biz sahibkarların ehtiyaclarını bilirik, buna görə də yaxın vaxtlarda dövlət qurumlarının nümayəndələri ilə bu mövzuda görüşməyi planlaşdırırıq. Sahibkarlarımızın bilik və təcrübəsini artırmaq üçün təlim və seminarlar, xaricə təcrübə səfərləri də nəzərdə tutulub”.
Yeni QHT-yə xeyir-dua verən sahibkar Nəsib Bayramoğlu, İH-nin məsul işçisi Rizvan Mikayıllı, Mingəçevir Bələdiyyəsinin komissiya sədri Zahid Qasımlı, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev və başqaları ondan umacaqlarını da dilə gətiriblər. Belə ki, şəhərdə istehsal olunan məhsulların sərgilərinin təşkili, yerli malların kənar bazarlara çıxarılması, sahibkarlığa yeni başlamaq istəyən gənclər üçün kursların açılması vacibdir və bu işlərin reallaşmasında ictimai birlik aktiv rol oynaya bilər.
V.Həsənov təbrik və təkliflərə görə qonşularına birliyin təsisçiləri və idarə heyəti adından razılıq edib. Eyni zamanda diqqətə çatdırıb ki, birliyin saxlanması üçün üzvlük haqqının ödənməsinə ehtiyac var: “Biz fiziki şəxslər üçün il üzrə 50, hüquqi şəxslər üçün isə 100 manat üzvlük haqqı müəyyənləşdirmişik. Gələcəkdə başqa maliyyə mənbələri hesabına da birliyin fəaliyyətini canlandırmaq fikrindəyik”.
Şərhlər bağlıdır.