“Üzeyir bəy milli musiqimizə lazım olan hər nə varsa, hamısını yazıb, yaradıb”
Sentyabrın 17-də dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin anadan olmasının 129-cu ildönümüylə bağlı Mingəçevirdəki 11 illik musiqi məktəbində konsert olub. Konsertdə məktəbin müəllim və şagird kollektivindən ibarət xalq çalğı alətləri orkestrinin (bədii rəhbər Elşən Bağırov) ifasında bəstəkarın möhtəşəm “Koroğlu” operasından Uvertürani tədbirə toplaşanlar ayaq üstə alqışlayıblar. “Leyli və Məcnun” operasından “Ərəb marşı”, rəqs fantaziya I hissə, “Arşın mal alan” musiqili komediyasından “Müqəddimə” maraqla dinlənilib. Mehin Qarayevanın “Sevgili canan” romansını və xalq çalğı alətləri üzrə III Respublika Müsabiqəsinin laureatı Zeynalabdin Əyyubovun (müəllim Tarıyel Hidayətov) tarda “Cəngi”ni yüksək məharətlə ifa etmələri bəstəkarın musiqisinin damarlarımıza işləməsinin təzahürüdür.
Üzeyir Hacıbəylinin silahdaşı və onunla eyni gün və ildə anadan olan görkəmli bəstəkar Müslüm Maqomayevin “Radio marşı” və “Şah İsmayıl” operasından rəqs də orkestrin ifasında uğurla səslənib.
Məktəbin direktor müavini Esmira Salamova Üzeyir Hacibəyli haqqında xoş sözlər söyləyib: “Bu insan milli musiqimizə lazım olan hər nə varsa, hamısını yazıb, yaradıb. Ondan sonra gələn bəstəkarların yaradıcılığı və fəaliyyəti Üzeyir bəyin xidmətinin qarşısında dənizdə damlaya bənzəyir”.
1995-ci ildən etibarən 18 sentyabr Milli Musiqi Günü kimi qeyd olunur.
Şərhlər bağlıdır.