Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İlk dərs günündə tələbələrə rektordan ciddi mesaj

Sentyabrin 15-də Mingəçevir Politexnik Institutunda yeni tədris ilinin başlanması və Bilik günü münasibətilə professor, müəllim heyəti ilə tələbələrin görüşü keçirildi. MPİ-nin rektoru Akif Hacıyev tələbə adını qazanan gənclərə və onlara bilik öyrədənlərə üzünü tutdu: “Ümid edirəm ki, 4 il müddətində gələcəkdə sizi yüksəldə biləcək bilik qazanacaqsınız. Bizim məktəb hər bir tələbəyə şəxsiyyət kimi formalaşmağı, çətin həyatda uçmağı, qanad çalmağı öyrədir. Xoşbəxtliyiniz və gələcəyiniz öz əllinizdədir”.
Dövlət başçısının təhsilə qayğısından danışan A.Hacıyev institututda hökm sürən ab-havadan da tələbələri xəbərdar etdi: “Daxili nizam-intizam qaydalarını pozmağa icazə vermirik. Bu institutda heç kim qeyri-qanuni vasitələrlə qiymət ala bilməz. Elan edirəm: əgər mənə zəng olsa, o tələbə bu institutla vidalaşacaq. Siz yalnız özünüzə güvənməli, gücünüzə inanmalısınız. Qapım üzünüzə həmişə açıqdır. Valideynlərin gəlməsinə isə qadağa qoymuşuq. Öz məsələnizi özünüz həll etməyi öyrənin. Çünki müqaviləni valideynlərinizlə yox, sizinlə bağlamışıq”.
Bundan sonra rektor bu il MPİ-yə yüksək balla qəbul olunmuş bir qrup gəncə-Nigar Mayılova, Zaur Əhmədli, Cavanşir Babayev, Orxan İsmayılov, Günay Əliyeva, Mehriban Fərəcova, Vüsal Quliyev, Elnur Məmmədov və Rövşən Hüseynova tələbə biletlərini təqdim etdi.
Azərbaycan İstilik Elektrik Stansiyasının direktoru Bəhmən Nəcməddinov 40 il bundan əvvəl belə bir auditoriyada tələbə biletini aldığını yada saldı, bu institutun Azərbaycanda qabaqcıl, sayılıb-seçilən ali təhsil ocaqlarından biri olduğunu vurğuladı: “MPİ-da olan şəfaflıq, professor-müəllim kollektivinin tələbələrə qarşı səmimiyyəti digər ali təhsil müəssisələrindən yüksəkdir. Burda tək biliyə qiymət verilir. Sizin üçün təmiz pəncərədən həyata baxış açılır. İnstitutda öyrəndikləriniz sizi gələcəkdə inkişafa, tərəqqiyə aparan yoldur. Biz yerimizi sizə verməyə hazırlaşırıq. Siz də bizi əvəz etmək üçün yüksək biliyə, bacarığa malik olmalısınız. Cəmiyyətimizin savadlı kadrlara ehtiyacı var”.
Mühəndis iqtisadiyyatı və idarəetmə kafedrasının müdiri, dos. Emilya Hüseynova dedi ki, əvvəllər tələbənin ali məktəbi 5 ildən tez bitirmək imkanı yox idi: “Amma indi yaxşı oxuyan tələbə 3 il, 3 il yarıma öz təhsilini uğurla başa vurub, mütəxəssis kimi yetişə bilir. Təhsilin kredit sistemi üzrə özəlliyinin əsas məqsədi də budur. Biz də çalışacağıq ki, 2-ci valideyn kimi sizə dəstək olaq və qayğımızı göstərək”.
Vaxtilə MPİ-nin məzunu olmuş, indi isə bu təhsil ocağında müəllim kimi çalışan Energetika və mexanika fakültəsinin dekan müavini Səbuhi Qəhrəmanov keçdiyi həyat yolundan danışıb: “16 il əvvəl mən də sizin kimi bu institututun tələbəsi adını qazandım. Bakalavr təhsilimdən sonra sənədlərimi elə bu institutda fəaliyyət göstərən magistratura şöbəsinə təqdim etdim”. S.Qəhrəmanov Azərbaycan Texniki Universitetində aspirantura pilləsini keçəndən sonra texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini aldığını və ondan sonra MPİ-yə qayıtdığını fəxrlə dedi: “İndi nəqliyyat və maşın mühəndisliyi kafedrasında baş müəllim kimi çalışıram. Arzulayıram ki, sizlərdən də yüksək vəzifələrdə çalışacaq davamçılarımız olsun”.
Həmkarların xəttilə əlaçı tələbələrə təqaüd, imkansız tələbələrə yarım il müddətində pulsuz yemək verildiyini diqqətə çatdıran Tələbə Həmkarlar Təşkilatının sədri Aygül Namazova da vaxtilə MPİ-də təhsil aldığını dedi: “Burdan sonra Azərbaycan Dövlət Neft Akademiyasında magistr təhsili aldım. Hazırda doktorantura pilləsinə hazırlaşıram. Heç ağlıma gəlməzdi ki, nə vaxtsa müəllimlərim olan insanlarla çiyin-çiyinə işləyəcəm”.
Bu ilki qəbulda nəvəsinin MPİ-yə qəbul olunduğunu diqqətə çatdıran Əli Məmmədov (o, institutun tədris şöbəsinin müdiridir) valideyn kimi sevincini bölüşüb, gənclərə məsləhətlərini verib: “Bilik, bacarıq qazanmayan şəxs həyatda özünə yer tapa bilmir. Çalışın təhsil alacağınız bu illərdə tələbə adını, şərəfini doğruldasınız”.
Bu il MPİ-yə qəbul olunan Nigar Mayılova və Zaur Əhmədli də sevinclərini bölüşdü.

Şərhlər bağlıdır.