İlham İsmayılov: “Mən prezidentin diqqətinə onu da çatdırdım ki, Mingəçevirin əsas problemi işsizlikdir”
Mingəçevirin park və xiyabanlarında yenidənqurma işləri davam etdirilir. Qurucular parkı isə tamailə yenidən qurulacaq. Bu barədə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iyulun 7-də mövcud ərazidə jurnalistlər və yerli sakinlərlə görüşərkən məlumat verib. Bildirib ki, parkın görkəmi şəhərin və insanların zövqünə uyğun deyil: “Memarlıq şöbəsi tapşırığıma əsasən ərazinin bərpa layihəsini hazırlayıb. Layihə parkıda, uyğun yerdə asılacaq və insanlar biləcək ki, burada hansı işlər aparılacaq”.
Başçı nəzərə çatdırıb ki, 2020-ci il ərzində şəhərin Tərəvəzçilik, Energetiklər və Sağ Sahil yaşayış massivlərində və sol sahildəki 2 məhəllədə insanların rahat istirahəti üçün güşələr yaratmaq planlaşdırılıb: “Nizami parkı yenidən qurulacaq, eyni zamanda Tarix Muzeyinin qarşısındakı boş meydanda Avropa ölkələrində müşahidə olunan şəlalə kompleksi yaradılacaq”.
İ.İsmayılov deyib ki, Prezident Mingəçevirdə səfərdə olarkən görülən işləri davam etdirməyi tövsiyə edib: “Cənab Prezidentə məruzə etdim ki, əlimizdə 5 layihə var və biz bu işlərə başlayıb, Mingəçevirdə əlavə 5 istirahət güşəsi yaradacayıq. Planlaşdırırıq ki, çox iş görüb, şəhəri daha da abad edək. Mən prezidentin diqqətinə onu da çatdırdım ki, Mingəçevirin əsas problemi işsizlikdir. Yeri gəlmişkən, prezident bunun həllinə dair artıq İqtisadiyyat Nazirliyinə tapşırıqlar verib və Bakı və Sumqayıtdakı layihələr artıq Mingəçevirə yönəldiləcək. Mən cənab prezidentdən şəhərin istilik sisteminin bərpasına kömək etməyi də xahiş etmişəm”.
Başçı vurğulayıb ki, kiçik məsələləri şəhər öz daxili imkanları hesabına həll edə bilir, amma 24 adda qloblal problemin həlli üçün mərkəzi qurumlara müraciət olunub.
İcra Hakimiyyəti başçısı təəssüflə bildirib ki, son vaxtlarda COVİD-19 Mingəçevirdə də yayılıb: “Bütün diqqəti bu işlərin üstünə yönəldirik ki, yoluxma halları çoxalmasın. Pandemiya ilə əlaqədar əhali arasında maarifləndirmə işləri aparılır, dezinfeksiya işləri görülür”.
Başçı şəhərin H.Aslanov küçəsində aparılan işlərin gedişi ilə də yerində tanış olub.
Şərhlər bağlıdır.