Noyabrın 8-də Mingəçevirdə Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayan bayram tədbirinin iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanına gəldilər. Burada uyuyan bütün şəhidlərin, eyni zamanda itkin düşmüş hərbçilərimizin xatirəsi yad olundu. Gənc qazilər əllərində portretlərini tutduqları şəhidlərimizin bir-bir adlarını çəkərək, uca səslə burda olduqlarını dedilər, Himnimizi ifa etdikdən sonra şəhidlərin adları yazılmış balonları havaya buraxdılar.
Həmin gün şəhərdə ağacəkmə aksiyası da keçirldi. İHB-nin müavini M.Cavadovanın verdiyi məlumata görə, hökumət və ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanı, H.Əliyev, Xətai, Samux, Füzuli küçələrində və parkların ərazilərində 2000-dək müxtəlif növlü ağac əkdilər.
Teatr meydanı bayram tədbirinin əsas mərkəzinə çevrildi. Mərkəzi Kitabxana, Uşaq Gənclər İnkişaf Mərkəzi və orta məktəblərin 30 illik işğala son qoyan Azərbaycanın zəfər yürüşündən bəhs edən sərgiləri bayrama gözəllik qatdı. Uşaqlar Qələbəyə aid şeir və mahnıları oxudular, əl işlərini, asfalt üzərində çəkdikləri rəsmləri böyüklərə həvəslə göstərdilər. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin üzvü Aydın Mirzəzadə bayram şənliyinə toplaşanlara təbriklərini çatdırdılar. Tədbir mədəniyyət işçilərinin maraqlı konsert proqramı ilə davam etdi.
Bu gün axşam saat 18-də Heydər Əliyev meydanında Qələbənin birinci ildönümü münasibətilə atəşfəşanlıq olacaq.
Şərhlər bağlıdır.