QHT

Mingəçevirdə “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” mövzusunda tədbir keçirilib

“Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” adlı vəsait də çap  edilib

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB)   Mingəçevir şəhərində “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri”  mövzusunda seminar  keçirib.  Mingəçevir Media Mərkəzində keçirilən tədbirə Qərb bölgəsində mövcud olan yerli KİV-lərin  nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin  bölgə  üzrə  təmsilçiləri, həmçinin, yerli internet fəalları və QHT-lərin  nümayəndələri qatılıblar.

Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” mövzusunda konfrans və seminarların  təşkili” layihəsi çərçivəsində baş tutub.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki,  xəbər istehsalçılarının “yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımını məhdudlaşdıran məqamlar”a yanaşmaları  problemlidir: “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının  qanunu (11-ci maddə),  ”Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunu  (11.5.3),  “İnformasiya əldə etmək azadlığı haqqında”  Azərbaycan Respublikasının qanunu  (maddə 37), o cümlədən,  “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”  (3-cü prinsip) yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımına həssas yanaşmanı, lazımi anda məhdudiyyətlər tətbiq edilməsini tələb etsə də,  xəbər istehsalçılarının bu tələbləri  ya bilgisizlikdən, ya da bilərəkdən pozmaları halları intensiv olaraq qalır. Cinayət hadisələrinin iştirakçısına, yaxud, qurbanına çevrilmiş yetkinlik yaşına çatmayanların ad və soyadlarının, ünvanlarının dəqiqliklə  təqdim edilməsi, valideynlərinin, himayəçilərinin, hüquqi təmsilçlərinin rəyini nəzərə almadan bu tip məlumatların ictimailəşdirilməsi ciddi problemlərə yol açır,  cinayət qurbanına çevrilmiş uşaqların gələcək həyatlarını ciddi çətinliklərlə qarşı-qarşıya qoyur. Bu baxımdan, keçirdiyimiz seminar KİV işçilərində, xüsusən, internet üzərindən xəbər yayan informasiya istehsalçılarında yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri  barədə təsəvvür formalaşdırmaqdan ibarətdir”.

Müşfiq Ələsgərli əlavə edib ki, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə  “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” adlı vəsait də çap  edilib və seminar iştirakçılarına pulsuz paylanıb.

Tədbirdə  çıxış edən media eksperti Azər Həsrət  yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtlərinin pozulması nəticəsində yaranan problemlər brədə seminar iştirakçılarını məlumatlandırıb.

“Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, “Bərdə” qəzetinin baş redaktoru Elbrus Məmmədov, İTV-nin Qərb bölgə müxbiri Şöhrət Eyvazov, JuHİ-nin layihələr meneceri Nəzrin İlhamqızı, “Azərbaycan bələdiyyələri”qəzetinin əməkdaşı İxtiyar Həsənli  və digər çıxışçılar “KİV və  uşaq hüquqları” mövzusunda  gerçəkləşdirilən layihələrin faydalarından danışıblar.

QHT Şuranın təmsilçisi Mirzə Zaidov seminarın gedişini müşahidə edib. O, Şuranın fəaliyyət və icra olunan layihələr barədə seminar iştirakçılarını bilgiləndirib.

MİTD İB Mətbuat xidməti

Daha çox

Oxşar yazılar

Close