Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə “Region gənclərinin “Yaşıl” hərəkatı” layihəsinin təlimlərinə start verilib. Layihənin təqdimatında çıxış edən layihə rəhbəri Zəminə Ədilova gənclərə layihədə iştirak etdikləri üçün təşəkkür edib, layihənin keçirilməsində əsas məqsədin təmiz ekoloji mühitin vacibliyini gənclər arasında təbliğ etmək olduğunu vurğulayıb.
22 yanvar 2019-cu il tarixində keçirilən ilk təlimdə gənclər ekologiyanın qorunması, sağlam ekoloji mühitin faydaları haqqında məlumat alıblar. Ekologiyanın qorunmasına marağı artırmaq, regionlarda “Yaşıl hərəkatın” davamçılarının hazırlanması və aktiv gənclərin üzə çıxarılması layihənin başlıca məqsədini təşkil edir. Layihə zamanı gənclər yeni dostluqlar əldə etmək, qrup işi bacarıqlarına yiyələnməklə yanaşı ətraf mühiti çirkləndirən amillər, ətraf mühitin çirklənməsinin yaratdığı fəsadlar haqqında da biliklərə sahib olacaqlar. Gənclərin ekologiyanın qorunması sahəsində nəzəri və praktiki biliklərinin artırılması, asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı regiondan olan təlim iştirakçılarının daha sonra öz bölgələrində “Yaşıl hərəkat”ın nümayəndəsinə çevrilməsi planlaşdırılıb. Mingəçevirdə yaşayan və təhsil alan gəncləri əhatə edəcək layihədə 16-25 yaş arası gənclərin iştirakı nəzərdə tutulub. Kamal Əhmədov tərəfindən iki gün keçiriləcək təlimlərin ilk günündə 30 gənc iştirak edib.
Təlimlərdə iştirak edən gənclər layihənin üçüncü günü Mingəçevir su anbarı ərazisində ekoturda iştirak edəcək. Layihəni uğurla bitirən gənclər sertifikatla təltif olunacaq.
Şərhlər bağlıdır.