Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə Ramiz Dadaşovun xatirəsinə yarış keçirilib

Aprelin 23-24-də Mingəçevirdə  yeniyetmə və gənclər arasında  kayak və kanoe üzrə açıq şəhər birinciliyi  keçirilib. Uşaq Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə baş tutan idman bayramı  UGİM-ın ilk məşqçi müəllimi, Mingəçevirdə avarçəkmə idmanının inkişafında böyük xidməti olan  Ramiz Məhərrəm oğlu Dadaşovun xatirəsinə həsr edilib. Açılış mərasimində bu barədə ətraflı danışılıb.   Mingəçevir İcra Hakimiyyətinin və yerli Bələdiyyənin nümayəndələri Sahib Əliyev və Fikrət Həsənov, Gİİ-nin rəisi Kamal Nəcəfli,   şəhər Təhsil şöbəsinin müdiri Sahib Məmmədov, idman ustası Arif Məhərrəmov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının üzgüçülük kafedrasının müdiri, professor Şamil Əbdürrəhmanov  uşaq idmanının inkişafında R.Dadaşovun xidmətlərindən danışıblar.

Şamil müəllimin dediyinə görə, onun Ramiz müəllimlə ilk tanışlığı 1967-ci ilə təsadüf edib: “Biz  Kür sularında, qayıqlarda rusları, ukrayınları və başqa millətlərin nümayəndələrini görürdük.   Su idmanı azərbaycanlılar üçün yeni idi. Mən avarçəkməyə yazılmışdım, amma Ramiz müəllimlə tanışlıqdan sonra kanoe ilə məşğul olmağa başladım. Bakıdan gəlmişdi, həvəskar uşaqları başına toplayıb, məşqçi kimi çalışırdı. Mənim 17 yaşım vardı. Ramiz də gənc idi, 19-20 yaşı olardı, amma çox təcrübəliydi. Elə onun sayəsində biz mötəbər yarışlara qatılır, şəhərimizə medallar gətirirdik. O, çox tələbkar idi, eyni zamanda hamımıza qayğısını əsirgəmirdi,  zarafatından da qalmırdı… Bu gün su idmanında adı-sanı olan yaşlı idmançıların  əksəriyyəti uğurlarına görə Ramiz müəllimə borcludur. Düşünürəm ki, onun xatirəsini yad etmək bizim borcumuzdur.

UGİM-in direktoru Aslan Saadov bildirib ki, bu gün kanoe və kayak üzrə uşaq idman məktəbi ancaq Mingəçevirdə fəaliyyət göstərir:  “Sabahın idman ustaları, olimpiya çempionları bu uşaqların arasından çıxacaq.  Düşünürəm ki, başqa sahələr kimi, idmana da xüsusi önəm verən dövlətimiz bizim üzərimizə çox vacib bir vəzifə qoyub:  Bu idman növünü yaşatmaq  və inkişaf etdirmək, özülü düzgün qurmaqla,  yaxşı idmançılar  yetişdirmək. Maddi-texniki bazamız zəif olsa da, çalışırıq ki, bacarıqlı, peşəkar kadrlarımızın sayəsində məqsədə nail olaq”.

Baş hakim İlqar Tağıyevin və baş katib  Alya Axundovanın idarə etdiyi 2 günlük yarışda fərqlənən idmançılar medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.   Yarış günü UYM rəqs qrupu  və Mehman Məlikovun rəhbərlik etdiyi Tayçszi-Çsyuan idman sağlamlıq klubu üzvlərinin çıxışları idmançıları  ruhlandırıb.

Şərhlər bağlıdır.