MDU-da ümummilli liderin xidmətlərindən danışıldı
Mingəçevir Dövlət Universiteti, Şəhər İcra Hakimiyyəti və Təhsil Şöbəsi Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü “Milli-mədəni irs və onun qloballaşma şəraitində təbliği məsələləri” mövzusunda respublika elmi konfransı ilə qarşılayıb
Öncə Azərbaycan torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə mərdlik və cəsarətlə vuruşan və şəhidlik zivəsinə ucalan əsgər və zabitlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözülə MDU-nun rektoru Akif Hacıyev açıb. O, qeyd edib ki, müasir qloballaşma prosesləri fonunda hər bir xalqın milli-mənəvi və əxlaqi dəyərlərini qoruyaraq, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya adətən fenomen şəxsiyyətlərin üzərinə düşür: “Azərbaycanda bu ağır və taleyüklü missiyanı Heydər Əliyev öz üzərinə götürərək, hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin böyük hamisi oldu. Ümummilli liderimiz dəfələrlə vurğulayırdı ki, müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər xalqın milli kimliyinin və özünəməxsusluğunun qorunmasını aktual məsələyə çevirib”.
Sonra konfransın plenar iclasında məruzələr dinlənilib. MDU-nun humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova “Ulu öndər Heydər Əliyevin banisi olduğu Azərbaycan multikulturalizmi milli-mədəni dəyərlərin qorunması mexanizmi kimi”, şəhər Təhsil şöbəsinin müdiri Sahib Məmmədov “Milli-mədəni irs – milli sərvətimizdir”; MDU-nun dillər və ədəbiyyatın tədrisi kafedrasının müdiri Mayıl İsmayılov “Qloballaşma və mədəni inteqrasiya şəraitində milli-mənəvi dəyərlərin təbliği məsələləri”; şəhər 7 saylı məktəbin direktoru Anar İsmayılov “Şəxsiyyətin formalaşmasında milli-mənəvi dəyərlərin rolu” mövzularında çıxış ediblər.
Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov konfrans və məruzələr barədə fikirlərini bölüşüb. O, məruzələrin yüksək səviyyədə hazırlandığını, universitetin alim və gənc tədqiqatçıları tərəfindən aparılan elmi işlərlə bağlı məlumatlı olduğunu, savadlı kadr potensialının yetişdirilməsində MDU-nun xüsusi çəkiyə malik təhsil ocağına çevrildiyini qeyd edib. Natiq bildirib ki, “Təhsil millətin gələcəyidir!” deyən Heydər Əliyevin müdrik siyasi kursunun davamçısı Prezident İlham Əliyev də elm və təhsilin inkişafını ölkəmizin davamlı inkişaf strategiyasının ən mühüm istiqamətlərindən biri kimi qiymətləndirir.
Proqrama uyğun olaraq iki gün ərzində bölmə iclasları keçirilib.
“Tədris prosesində milli-mənəvi tərbiyə” bölməsində Natavan Mustafayevanın “Şagirdlərin milli-mənəvi tərbiyəsində informatika fənninin rolu”, Namaz Manafovun “Alman dili məşğələlərində atalar sözləri təhsil və tərbiyə prosesinin başlıca funksiyası kimi”, Vəfa Məhərrəmovanın “Azərbaycan dili milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi”, Könül Mustafayevanın “Mənəviyyat varlığımızdır”, Lamiyə İbrahimovanın “Müxtəlif sistemli dillərdə tarix, milli-mənəvi dəyərlərin ötürülməsində ad qruplu frazeoloji paradiqmlərin rolu”, Səadət Ağakişiyevanın “H.Cavid yaradıcılığında milli-mədəni irsimizin əksi”, Səbinə Novruzovanın “Kitabi-Dədə Qorqud” dastanlarında milli-mənəvi dəyərlər sistemində” mözularındakı çıxışları maraqlı və yaddaqalan olub.
Milli dəyərlərimizdən söhbət açan konfrans təşkilat komitəsinin sədr müavini Raifə Mürşüdova və elmi işlər üzrə prorektor Veysəl Əyyubov mövzu ətrafında fikirlərini bölüşüblər.
Şərhlər bağlıdır.