Mingəçevirdə Qurban bayramı
Sentyabrın 24-də müqəddəs Qurban bayramı münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin xətti ilə Qurbanlar kəsilib. Ət-Süd Aqrar Sənaye Müəssisəsində baş tutan kəski mərasimində yerli hökumətin, idarə və müəssisələrin rəhbərləri və nümayəndələri iştirak ediblər. İH başçısının birinci müavini İlham İsmayılov mərasimə toplaşanlara müraciətlə şəhər rəhbərliyi adından bütün mingəçevirliləri Qurban bayramı münasibətilə təbrik edib, hanıya uzun ömür, can sağlığı arzulayıb: “Allahdan arzu edirəm ki, kəsilən Qurbanlarımızı və dualarımızı qəbul etsin. Hamımızın bir arzumuz, bir duamız var ki, Prezidentimizin rəhbərliyi ilə ölkəmiz inkişaf eləsin, daha qüdrətli olsun, ən əsası, işğal olunmuş torpaqlarımız azad olunsun, soydaşlarımız öz torpaqlarına qayıtsın, bu qurbanlarımızı işğal olunmuş torpaqlarımız azad ediləndən sonra həmin rayonlarda kəsək”.
İ.İsmayılovun sözlərinə görə, 1200 nəfər aztəminatlı insana, güzəştli kateqoriyadan olan şəxsə qurban payı vermək nəzərdə tutulub: “İH mərkəzləşdirilmiş qaydada cəmiyyətləri, valideyn qayğısından məhrum uşaqları bu bayram günündə sevindirmək niyyətindədir. Əlavə olaraq idarə və müəssisələrdə də qurbanlar kəsilib, kollektivin üzvlərinə paylanır”.
Bundan sonra din xadimi dua verib və qurban kəsiminə başlanıb. Həmin gün Milli Məclisin üzvləri Aydın Mirzəzadə və Əli Hüseynli də Mingəçevirin imkansız ailələrinə paylanmaq üçün qurbanlar kəsdiriblər.
Sentyabrın 24 və 25-də qurban tikələri ünvanlarına çatdırılıb.
Şərhlər bağlıdır.