Cəmiyyət

Mingəçevirdə polis baş leytenantı işdən çıxarıldı, 21 nəfər həbs edildi

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu Mingəçevirdə baş verən hadisələrlə bağlı açıqlama verdilər

mi-news.az  Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu Mətbuat Xidmətlərinin Məlumatına əsasən xəbər verir ki, Mingəçevir Polis şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili,  polis baş leytenantı Şahlar Şahlarzadənin cinayətdə şübhəli şəxslərin saxlanılması və mühafizəsinə dair vəzifə təlimatının tələblərini pozaraq Bəhruz Hacıyevin təhlükəsizliyini təmin etməməsi və sayıqlığını itirməsi ağır nəticəyə səbəb olub: “Daxili təhqiqatın yekununa əsasən, Azərbaycan Respublikası daxili işlər nazirinin əmri ilə polis baş leytenantı Şahlar Şahlarzadə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Eyni zamanda, tabelikdəkilərin xidməti fəaliyyətinə nəzarəti zəiflətdiyinə, cinayət törətməkdə şübhəli olduğuna görə gətirilən şəxslərin saxlanılması işini düzgün təşkil etmədiyinə görə Mingəçevir şəhər polis şöbəsinin rəisi polis polkovniki Ələsgər Bədəlova “şiddətli töhmət” elan olunmuşdur. Baş vermiş hadisələrlə əlaqədar istintaqın gedişi Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir və mütəmadi məruzə olunur.

DİN-in yaydığı digər məlumatda isə deyilir ki,  avqustun 20-də narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilinən Bəhruz Hacıyev Mingəçevir Polis Şöbəsinə gətirilib  və  inzibati binadakı xidməti otaqlardan birində əməkdaş tərəfindən dindirilərkən qəfildən özünü pəncərədən aşağı atıb: “Mərhumun yaxın qohumlarının da iştirakı ilə  məhkəmə tibbi eksperti tərəfindən müayinə olunan meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməmişdir. Hazırda faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmışdır və istintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir.

Bununla belə, avqustun 22-də dəfn mərasimindən sonra bir qrup sakin ictimai asayişi kobud şəkildə pozaraq polisin qanuni tələblərinə tabe olmadan xuliqanlıq hərəkətlərinə yol vermiş və şəhərin mərkəzi hissəsində yürüş keçirməyə cəhd göstərmişlər.

Xidməti vəzifələrini yerinə yetirən daxili işlər orqanları tərəfindən qanunsuz hərəkətlərin qarşısı alınarkən 4 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri almış, Şəhər Polis Şöbəsinin bir avtomobili isə yarasız hala salınmışdır.

İctimai asayişi pozan 21 nəfər saxlanılmış və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün toplanmış materiallarla birlikdə məhkəməyə göndərilmişdir.

Baş vermiş bədbəxt hadisədən təəssüfləndiyimizi bildirir və mərhum Bəhruz Hacıyevin valideynlərinə başsağlığı veririk. Eyni zamanda, diqqətə çatdırırıq ki, bu hadisədən sui-istifadə edən destruktiv elementlərin təhriki ilə şəhərdə ictimai qaydanı və sabitliyi pozmağa cəhdlərin qarşısı qətiyyətlə alınacaq, təqsirkar şəxslər barədə qanunvericiliyə uyğun tədbir görüləcəkdir”.

Daha çox

Oxşar yazılar

Close