Mədəniyyət

Mingəçevirdə “Müasir Azərbaycan fotoqrafiyası” mövzusunda sərgi keçirilib

Sərgidə Azərbaycan Fotoqraflar Birliyi Mingəçevir bürosunun acılması da elan olunub

Azərbaycan Fotoqraflar Birliyi və ARTFAKTOR təşkilatı Mingəçevirdə “Müasir Azərbaycan fotoqrafiyası” mövzusunda sərgi təşkil edib. Mingəçevir Rəsm Qalereyasında baş tutan sərgidə Azərbaycan Fotoqraflar Birliyi Mingəçevir bürosunun acılması da elan olunub.
Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini Ramiz Əliyev, Azərbaycan Fotoqraflar Birliyinin sərdi Mirnaib Həsənoğlu, təşkilatın Mingəçevir bürosunun rəhbəri Şahin Məmmədli çıxış edərək fotoqrafiya sənətinin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, son vaxtlar gənclərin fotoqrafiya sənətinə marağı artıb. Hazırda Azərbaycan Fotoqraflar Birliyinin Şəki, Qarabağ, Gəncə, Lənkəran, Mingəçevir və Xaçmaz büroları fəaliyyət göstərir, ölkəmizdə 5500 nəfər fotoqrafiya sənəti ilə məşğul olur. Müasir dövrdə demək olar ki, hər kəs mobil telefonu vasitəsilə həvəskar fotoqraf kimi şəkil çəkir, öz fotolarını sosial şəbəkələrdə paylaşır.
Sərgidə nümayiş olunan fotolar fərdiliyi, mövzuların özünəməxsusluğu ilə seçilir. Bu əsərlərdə rəngin deformasiyası, ton cızığının daralması, digər texniki qeyri-dəqiqliklər obrazın mənimsənilməsini artırır. Obrazlar isə həmişəki kimi xeyir və şərdən, sevgi və nifrətdən, tənhalıqdan, əməkdən, xoşbəxtliyə can atmaq və yaşamaq arzusundan bəhs edir.
Sərgidə Elnur Babayev, Fəxriyyə Məmmədova, İlkin Hüseynov, Rəna Əfəndi, Sergey Xrustalyov, Təhminə Əhmədova və Şahin Məmmədlinin fotoları nümayiş olunur.

Daha çox

Oxşar yazılar

Bu xəbəri oxumusunuz?

Close
Close