Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə “Live Your Goals” adlı festival keçirilib

İyulun 19-da Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda qadın futbolunun təbliğinə həsr olunmuş festival keçirilib. FİFA-nın “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) layihəsi çərçivəsində gerçəkləşən tədbirdə uşaq və yeniyetmə qızlar futbol topu ilə davranmaqda heç də oğlanlardan geri qalmadıqlarını nümayiş etdiriblər.
Festivalın əhəmiyyəti barədə həm açılış mərsimində, həm də mətbuat konfransında Azərbycan futbol veteranı Rüstəm Rəhimov, onqat ölkə çempionu, respublikanın “A” milli yığma komandasının məşqçisi Mahmud Qurbanov, Azərbaycan U-19 Qızlar Milli Yığma Komandasının baş məşqçiləri Partisiya Gonsalez və Siyasət Əsgərov, komandanın oyunçusu Firəngiz Teymurova ətraflı məlumat veriblər. Onların, eyni zamanda Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəflinin çıxışlarında son 4 ildə Azərbaycanda qadın futboluna başlanmasından, qadın futbolunun kütləviliyinin artırılması və əhalidə buna marağın yaradılması, cavan qızların və qadınların futbolda iştirakı üçün güclü platformanın hazırlanması istiqamətində görülən işlərdən bəhs edilib. Qonaqlar jurnalistlərin suallarını cavablandırarkən bildiriblər ki, gələcəkdə qadın futbol məktəblərinin açılması da nəzərdə tutulur.
Şəhər sakini Mahir Əyyubovun dediyinə görə, bu gün stadiona qız nəvəsi ilə gəlib: “O futbolla maraqlanır və ilk dəfədir ki, belə kütləvi tədbirdə iştirak edir. Kim bilir, bəlkə də nə vaxtsa bu qızlar dünya futbolunda Azərbaycanın bayrağını yüksəltməyə nail olacaqlar”.
Qeyd edək ki, bu tipli festival Azərbaycanda ilk dəfə 2 il əvvəl Quba, Şəki, Masallı və Bakıda baş tutub. FİFA-nın “Live Your Goals” layihəsinə isə 2011-ci ildə Almaniyada Qadınlararası dünya Çempionatında start verilib.

Şərhlər bağlıdır.