Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Mingəçevirdə “hörümçək toru”nu xatırladan qaz xətləri standarta uyğun xətlərlə əvəz olunacaq”

209

“Sənaye şəhəri Mingəçevirdə sənaye xəttinin mövcud olmaması sahibkarlıq subyektlərinə ciddi çətinlik yaradır”.

Bu sözləri Mingəçevir Sahibkarlar Konfederasiyasının sədri Vaqif Həsənov “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində yerli sahibkarlarla 26 yanvar 2022-ci ildə baş tutan görüş zamanı bildirib. “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev isə qazlaşdırma zamanı kobud nöqsanlara yol verildiyini diqqətə çatdırıb: “Hərə özünə bir qaz xətti çəkdirir. Biri 15-lik, o biri 20-lik, digəri 32-lik boru ilə. Heydər Hüseynov küçəsində bu xətlərin bir hissəsi torpağın içindən keçir, hörümçək torunu xatırladır və təhlükə yaradır. Bu yaxınlarda şəhərin “Günəşli” yaşayış massivində baş verən, insan tələfatı və böyük dağıntılara səbəb olan qəza da belə münasibətin nəticəsidir. Olmazmı “Azəriqaz” yeni yaşayış məhəllələrini standarta uyğun şəkildə qazlaşdıra?”

3-cü qrup əlilliyi olan Aynaxanım Məmmədova maddi durumunda sıxıntı olduğunu və bu səbəbdən də istehlak etdiyi təbii qaza görə borcunu ödəməkdə çətinlik çəkdiyini deyib, fərdi yaşayış evinə quraşdırılan əvvəlcədən ödənişli sayğacın sonradan ödənişli sayğacla əvəz olunmasını xahiş edib.

Aksiyaya yalnız Mingəçevir şəhərindən deyil, ətraf rayonlardan da vətəndaşlar qatılıblar. Yevlax rayonunun Tanrıqulular kənd sakini Orxan Məmmədov fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib.

Daxil olan bütün müraciətlər aidiyyatı üzrə qeydə alınıb. “Azəriqaz” İstehsalat Birli baş direktorunun satış üzrə müavini Rəşad Cavadov sahibkarların və adi vətəndaşların problemlərini dinləyib, onlara yerindəcə izahatlar verib. O, eyni zamanda vəziyyəti araşdırılmasını, “hörümçək torunu” xatırladan ərazilərin standarta uyğun qazlaşdırılması ilə bağlı tədbirlər planı hazırlanmasını qurumun yerli nümayəndələrinə tapşırıb.

Görüşdə Birliyin digər struktur bölmələrinin rəhbər şəxsləri ilə bərabər Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri də iştirak ediblər. Agentlik əməkdaşı “Azəriqaz” İB ilə birgə sahibkarlara bundan sonra da lazımi dəstək göstəriləcəyini vurğulayıb.

Şərhlər bağlıdır.