Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Gəlir və xərclərinin uçotunu aparmayan mikrosahibkarlar güzəştlərini itirirlər

324

11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndələri 26 yanvar 2022-ci ildə Mingəçevir Bələdiyyəsinin iclas salonunda yerli sahibkarlarla görüşüblər. Vergi müfəttişləri Fuad Quliyev və Asəf Abbasov 2022-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişiklikləri izah edib, sahibkarların suallarını cavablandırıblar.

Qeyd olunub ki, bu ildən elektrik mühərrikləri ilə işləyən kiçik həcmli nəqliyyat vasitələrini ölkəyə gətirənlər 3 il müddətində vergidən azad olunurlar. Bu da ekoloji mühitin sağlamlaşdırlmasına şərait yaradacaq.

Digər yenilik icarəyə götürülən əmlakın amortizasiya ayırmaları ilə bağlıdır. Məsələn, içarəçi balansında olmayan obyekti təmir edirsə, bu vəsaiti xərclərinə daxil edə biləcək. Mehmanxanalara, işçisi olan bərbərxana və gözəllik salonlarına kassa nəzarət aparatları quraşdırılacaq.

Fuad Quliyev

Toplantıda diqqətə çatdırılıb ki, gəlir və xərclərinin uçotunu düzgün aparmayan vergi ödəyiciləri  bu ildən vergi güzəştlərindən istifadə edə bilməyəcəklər. “Qanuna görə, gəlir və ya mənfəət vergisi ödəyən mikrosahibkarlara 75 faiz vergi güzəşti tətbiq olunur. Son nəticədə onların vergi yükü xərclər çıxıldıqdan sonra qalan məbləğin cəmi 5 faizini təşkil edir. Amma Məcəlləyə dəyişiklikdən sonra şəffaf şəkildə fəaliyyət göstərməyən vergi ödəyiciləri 20 faiz həcmində gəlir və ya mənfəət vergisi ödəyəcəklər”, -F.Quliyev belə deyib.

Asəf Abbasov

A.Abbasov isə əlavə edib ki, əvvəllər də həmin kateqoriyalardan olan vergi ödəyicilərinə uçotu aparmaq tələbi vardı: “Kölgə iqtisadiyyatı”nın qarşısının alınması və uçotun şəffaflaşdırılması məqsədilə qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində həmin güzəştin bütün vergi ödəyicilərinə deyil, yalnız gəlir və xərclərin uçotunu aparan vergi ödəyicilərinə şamil edilməsi nəzərdə tutulub”.

Vergi müfəttişləri sahibkarlara həm də məsləhət görüblər ki, onlar üçün qaranlıq qalan məsələlərlə bağlı vergi hesablarının kargüzarlıq bölümündən rəsmi müraciətlər göndərsinlər və alınan cavablara uyğun hərəkət etsinlər.

 

Şərhlər bağlıdır.