Mingəçevirdə Dövlət Müstəqilliyi günü Heydər Əliyev Mərkəzində keçirildi
Oktyabrın 18-də Mingəçevir Şəhər İcra Hakimiyyəti YAP şəhər təşkilatı ilə birgə Dövlət Müstəqilliyi gününü Heydər Əliyev Mərkəzində şəhər fəalları ilə birgə qeyd edib. Öncə ulu öndərin abidəsi ziyarət edilib, sonra Uşaq Yaradıcılıq Mərkəzinin bayramla bağlı hazırladığı əl işlərinə və müstəqillik tariximizdən bəhs edən filmə baxış olub. “Dövlət müstəqilliyimizin bərpasının 28 ili: Uğurlar, perspekivlər” mövzusunda keçirilən elmi-nəzəri konfransı Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açıb. O, 1991-ci ildə Azərbaycan xalqının əldə etdiyi müstəqilliyin qorunub saxlanmasında və ölkənin inkişaf etməsində, vətəndaş qırğınlarının qarşısının alınmasında ulu öndərin əvəzsiz rolundan danışıb: “1990-cı illərin əvvəllərində ölkəni bürüyən siyasi böhranı, anarxiyanı, xaosu, hərc-mərcliyi hər kəs xatırlayır. Yalnız 1993-cü ildə Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə ictimai-siyasi sabitlik, milli-vətəndaş birliyi yarandı və cəmiyyətin həyatının bütün sahələrində tərəqqi başladı. Ümummilli liderimizin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Konfransda YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov “18 oktyabr 1991-ci il Azərbaycan dövlət müstəqilliyinin bərpası tariximizin şanlı səhifəsidir”, MDU humanitar fənlər kafedrasının tarix müəllimi Vüsalə Mövlayeva “Ulu öndər Heydər Əliyev Azərbaycan dövlət müstəqilliyini əbədi edən tarixi şəxsiyyətdir”, Mingəçevir Turizm Kollecinin müəllimi Aybəniz Əliyeva ”Ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyası müstəqilliyimizin möhkəmləndirilməsinə xidmət edən yoldur”, Gənclər və İdman idarəsinin rəisi, YAP şəhər Təşkilatının şura üzvü Kamal Nəcəfli ”Müasir Azərbaycanın uğurları ölkə Prezidenti cənab İlham Əliyevin düzgün və səmərəli rəhbərlik strategiyasının nəticəsidir” mövzularında məruzələrlə çıxış ediblər.
Şərhlər bağlıdır.