Mingəçevir bu gözəl bahar günlərində daha bir tədbirə ev sahibliyi etdi. Bölgə jurnalistləri bir araya gəldi, öyrəndi, müzakirə etdi. Bu vacib və maraqlı tədbiri isə, Data Jurnalistika təliminin proqram rəhbəri, hörmətli Fərman Nəbiyev idarə edirdi. Ona Fərman müəllim demək daha doğru olardı, çünki belə tədbir jurnalistlərin, icma üzvlərinin maariflənməsinə, dünyagörüşünün artmasına xidmət edir. Belə bir funksiyanı yerinə yetirmək isə böyük cəsarət, qayğı və ürək istəyir. Fərman müəllim isə bunun öhdəsindən çox yaxşı gəlir.
İnsanların daha az öyrənib daha çox danışdığı bir dövrdə ən çox ehtiyac duyduğumuz məhz maariflənməkdir. Maariflənmə zamanı insanlar daha çox məlumatlar alır, bir-birindən öyrənir və eyni bilgilər haqqında xəbərdar olurlar. Ona görə də insanlar bir-birini daha yaxşı anlamağa çalışır, problemlərin nə olduğunu və necə həll etməyin yollarını birgə tapmağı öyrənirlər. Odur ki, icma fəaliyyətləri və qeyri hökümət təşkilatları ilə əməkdaşlıq çox faydalıdır. Fərman müəllim isə təkcə Mingəçevir üçün deyil, eyni zamanda bölgə üçün də vacib olan maariflənməni həyata keçirir. Ölkəmizin müxtəlif bölgələrindən iştirakçıların qatıldığı bu layihə də jurnalistlərin maariflənməsi, texnoloji yeniliklərdən xəbərdar olması, yeniliklərdən öz qəzetçilik fəaliyyətlərində tətbiq etmələri baxımından olduqca vacib və əhəmiyyətli idi. Həmçinin jurnalistin maariflənməsi eyni zamanda onun oxucularının da maariflənməsi, inkişaf etməsi deməkdir. Bütün bunlar üçün Fərman müəllim çox böyük bir minnətdarlığa layiqdir. Təbii ki, belə tədbirlər davamlı olmaldır ki, insanlarımız daha çox öyrənsinlər və öyrətsinlər.
Data jurnalistikaya dair ilk məlumatlar 1821-ci ildə “Qardian” qəzetində meydana gəlmişdir. Mançesterdə oxuyan tələbələr haqqında olan statistik məlumatlara əsasən orada pulsuz oxuyan tələbələrin həqiqi sayı müəyyən edilmişdi. 1858-ci ildə isə Florens Naytingeylin “Britaniya ordusunda ölüm halları” adlı hesabatı verilmişdi. Bəzən müəyyən bir məqsədlə verilən statistik məlumatlardan daha yeni statistika yaratmaq olur. Jurnalistin də əsas bacarığı budur: hamının gördüyünü görmək, lakin diqqətini cəlb etməyən məlumatı insanlara fərqli şəkildə təqdim etmək. Bunun üçün yaradılmış müxtəlif saytlar vardır ki, onlar məlumat üzərində daha yaradıcı şəkildə işləməyə imkan verir, oxucunu yormadan, lakin diqqətini daha çox cəlb edərək, təsvir, cədvəl, video və qrafiklərdən istifadə edərək, daha keyfiyyətli məlumat çatdıra bilməsinə şərait yaradır. Xüsusilə onlayn media ilə məşğul olan jurnalistlər üçün, Google Chrome-də istifadə edilən alətlər çox əlverişli və vacibdir. Venngage, Bellingcat, Piktochart və s. məhz belə alətlərdəndir.Təlimçilərimiz Fərid Həsənov və Rəhim Tarıverdiyev iştirakçıların bu alətləri öyrənməsi, istifadə etməsi üçün əllərindən gələni əsirgəmirdilər. İlk dəfə tanış olduğumuz əksər alətlərdən istifadədə adətən çətinlik çəkirdik, təlimçilərimiz isə yorulmadan bizə kömək edirdilər. Odur ki, onlara da öz minnətdarlığımı bildirirəm.
“Məlumatlarla işləmək geniş və naməlum bir ərazidə addımlamaq deməkdir”. Jurnalist hər hansı bir data üzərində işləyərkən ədalətlilik prinsiplərinə əməl etməli, məlumatı cəmiyyətə elə ötürməlidir ki, insanların hüquqlarına toxunmasın. Ən önəmlisi isə budur ki, insanlar bu məlumatda özünü görə bilsin, iştirakçılığı təmin olunsun, ondan faydalansın və maariflənsin. Təlimçimiz Yeganə Nəbiyevanın təqdimatında növbəti məşğələmiz də çox maraqlı keçdi. Həm geniş müzakirə, həm də bəzən mübahisələr şəklində insan hüquqları ilə bağlı məqamları aydınlaşdırdıq. “Data hekayələrinin hazırlayarkən insan hüquqlarına əsaslı yanaşma” özünün 5 prinsipi ilə diqqətimizi çəkirdi. Bunlar: 1. Məsuliyyət daşıyan tərəflər; 2. Səlahiyyətləndirmə; 3. İştirakçılıq; 4. Gender bərabərliyi; 5.Şəffaflıq və hesabatlılıq.
Bu prinsiplərin hər biri insan amilini, onun azad yaşamasını, keyfiyyətli təhsil almağını, sağlamlığının qayğısına qalmağını, azad seçki hüququna sahib olmağını, iştirakçılığının təmin olunmasını, ayrı-seçkiliyə məruz qalmamağını ehtiva edir. Hər bir vətəndaş yaşadığı cəmiyyətdə layiqli yer tutmalı, məşğulluğa nail olmalıdır. Məşğələmiz də məhz hər zaman müzakirəyə səbəb olan bu mövzularda çox fəal keçdi. Yeganə xanımın beyin həmləsi üçün hazırladığı və iştirakçılara ünvanladığı suallar isə müzakirənin maraqlı keçməsinə səbəb olurdu. Hər zaman aktual və müzakirələrə səbəb olan bu təlim məşğələsi üçün də Yeganə xanıma təşəkkür edirəm.
Ümid edirəm ki, Data Jurnalistikası bizim jurnalistlərin də hər zaman faydalanacağı, oxucularına həvəslə təqdim edəcəkləri faydalı xəbərlər üçün yaxşı stimul və əsaslı dönüş olacaqdır. Eyni zamanda yalnız ölkə daxilində deyil, ölkəmizdən kənarda baş verən və insan hüquqlarına faydalı olan məlumatları bizlər üçün də əlçatan edəcəklər. Bu, həm də bizi dünyaya tanıtmağın ən yaxşı üsullarından biridir.
İnsan Hüquqlarının Universal Bəyənnaməsində deyilir: “Bütün insanlar azad, ləyaqətli, bütün hüquqlarla bərabər doğulur”.
Bu faydalı təlim üçün hörmətli Fərman müəllimə, təlimçilər Yeganə xanıma, Fərid bəyə və Rəhim bəyə təşəkkürlərimi bildirirəm, bütün iştirakçılara isə fəaliyyətlərində uğurlar arzu edirəm!
Şərhlər bağlıdır.