“Mingəçevirdə avropalı turist nəyə baxa bilər?”
Görüş zamanı əhalinin məşğulluğu, peşə təhsili, şəhərin turizm və investisiya imkanları müzakirə olunub. Xanım vurğulayıb ki, Azərbaycan nəinki neft –qaz yataqları ilə zəngindir, həm də dünyanın əlverişli mövqeyində yerləşməsi ilə fərqlənir: “Çindən Avropayadək uzanan ipək yolu Azərbaycandan keçir”.
N.Bayramov qeyd edib ki, 1948-ci ildə şəhər statusu alan Mingəçevir ölkənin 4-cü şəhərdir, sənaye məkəzlərindəndir: “İndi Qafqazda ən yeni sənaye parkının tikitisinə də bu şəhərdə başlanıb. Orada 5 fabrik olacaq. Sovetlər zamanı burada toxuculuq kombinatı fəaliyyət göstərirdi. Onun inşası üçün artıq bir alman şirkəti ilə müqavilə bağlanıb. Növbəti il tikintiyə başlanacaq. Orada 6-7 min insan çalışacaq”.
Başçı bildirib ki, sənaye parkı yerli xammal hesabına işləyəcək: “Artıq ölkədə pambıq əkini genişlənib. Dövlət bu sahəyə diqqəti artırıb. İndi bütün dünyada krizis hökm sürür. Buna baxmayaraq, bizim ölkədə mütəmadi olaraq yeni iş yerləri açılır. Sərhəd rayonu olan Füzulidə kənd təsərrüfatının inkişafı genişləndirilir. Qonşu Yevlax rayonunda pambıq əkininə başlanıb. 101 min yerli əhalinin və 21 min məcburi köçkünün yaşadığı Mingəçevirdə də yeni iş yerləri açılır. Yeni salınan sənaye parkında, həm də onun tikintisində də elə mingəçevirlilər çalışacaqlar”.
Görüş zamanı daha çox əhalinin məşğulluğu və peşə təhsilinə diqqət yetirilib. Xanım Malena Mard soruşub ki, Mingəçevirdəki peşə məktəbi şəhərin kadrlara ehtiyacını nə dərəcədə ödəyir və yaxın illərdə fəaliyyətə başlaması nəzərdə tutulan sənaye parkının kadr hazırlığı necə həyata keçiriləcək?
Başçı etiraf edib ki, adətən müəssisələr işçiləri küçədən götürməyə məcbur olurlar: “Çünki peşəkar işçi tapmaqda çətinlik çəkirlər. Bizim peşə məktəbi sovetlər vaxtında tikilb və müasir standartlardan çox uzaqdır. Həmin məktəbdə uzun illər məcburi köçkünlər də yaşayıb. Biz onları yeni evlərə köçürdük. Amma burada yaxşı kadrlar hazırlamaq üçün texniki imkanlar yoxdur. 7 ha ərazisi olan keçmiş uşaq xəstəxanasının yerində peşə ixtisasları öyrədən kompleksin tikintisi nəzərdə tutulub. Təhsil Nazirliyinin nümayəndələri həmin əraziyə baxıblar və xoşlarına gəlib. Sənaye parkı üçün kadr hazırlığı isə bir müddət Sumqayıtda, sonra isə sənaye parkının nəzdində aparılacaq”.
Qonaq və onu müşaiyət edən nümayəndələr Sumqayıta nə vaxt və nə qədər gəncin göndəriləcəyi ilə də maraqlanıblar: “Bizim fikrimizcə, yerli şirkətlər peşə məktəbinin məzunlarını işə götürmək istəmirlər. Onlar kənardan insanları uzun müddətli sınaq şərtilə qəbul edirlər. Peşə məktəbləri Avropanın özündə də problemlidir. Avropa İttifaqında bu sahədə təcrübə fərqlidir. Avstriya və Almaniyada ən güclü ənənələr formalaşıb. Avropanın şimalında isə fərdi ənələr inkişaf edib. Avropa İttifaqı ilə Azərbaycanın Təhsil Nazirliyi bu istiqamətdə sıx əməkdaşlıq edir. Biz buraya missiyamızla, Əmək və Əhalinin Sosial Müdafiə və Təhsil nazirliklərinin nümayəndələri ilə gəlmişdik ki, öyrənək: peşə təhsilində hansı uyğunsuzluqlar var və onu necə aradan qaldırmaq olar. Çünki biz texniki peşə təhsili üçün 19 milyon qrant ayıracağıq”.
Xanım Mingəçevir bazarına gətirilən yerli istehsal, şəhərə xarici iş adamlarının sərmayə yatırması və turizm imkanları ilə də maraqlanıb: “Avropalı turist Mingəçevirdə nəyə baxa bilər?”
Ona bildirilib ki, Mingəçevirin böyük su hövzəsi və çimərliyi mövcuddur: “Su burada təmizdir. Dadlı balığımız var. Hətta balıq da tuta bilərsiniz. Çay sahili boyunca parklarımıza, tarix muzeyimizə baxa bilərsiniz. Biz ekoloji cəhətdən ən təmiz məhsullarla qidalanırıq. İnsanlar əvvəllər başqa yerlərə köçsələr də, indi bu şəhərdə qalıb işləməyi üstün tuturlar. Şəhərdə universitet, tibb və turizm kollecləri fəaliyyət göstərir”.
Malena Mardın fikrincə, neft-qaz sahəsi üzrə Azərbaycana xeyli sərmayə qoyan Avropa ölkələri başqa sahələrə də diqqət yetirə bilərlər: “Çünki ölkənizin xeyli potensialı var”.
Bundan sonra avropalı qonaq icra başçısına hədiyyəsini təqdim edib və Azərbaycanda suyun keyfiyyətinin yaxşılaşdırılmasıyla bağlı Avropa İttifaqının maliyyələşdirdiyi layihənin təqdimatına qatılıb. Şəhərlə, xüsusən su hövzəsi ilə tanışlıq Malena Mardda məmnunluq yaradıb: “Burdan çox xosum gəldi. Gozel mənzərəsi var”.
Şərhlər bağlıdır.