Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Turizm Kollecində yeni tədris ilinin ilk günü

Təbrik nitqi ilə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor  Əyyub Əyyubov  ölkədə təhsilin, turizmin  inkişafına, turizm yönlü kadr hazlığı prosesinə  dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söhbət açıb:  “Cənab prezident İlham Əliyev başda olmaqla aidiyyati nazirlik və dövlət qurumları  ümumən cəmiyyətin hərtərəfli inkişafı üçün  bütün zəruri addımları atır, komleks tədbirlər həyata keçirir. Ölkədə  minimum əmək haqqı mislinin  yüksəldilməsi, pedaqoqların əmək haqqlarının    və tələbələrin təqaüdlərinin artırılması vətəndaşların dövlətçiliyə olan inamını daha da  gücləndirib. Bu  işlər pedaqoq və tələbələr önündə yeni perspektivlər açır. Pedaqoqlar kadr hazırlığında daha nəticə yönümlü yaradıcı fəaliyyət,  gənclər isə ixtisaslı  və  hərtərəfli  mütəxəssis kimi yetişmək üçün əlavə stimul qazanır”.

Əyyub Əyyubov  kollecin sıralarına  yeni tədris ilində tələbə adını qazanmış 728 gəncin də qatıldığını xatırladaraq bu seçimin gənclər və valideyinlər arasında Mingəçevir Turizm Kollecinə  olan inam və etimadın göstəricisi olduğunu bildirib:

“Kollektivimiz ölkədə və onun hüdudlarında kənarda  qazandığı uğurları ilə diqqət mərkəzinə düşmüş bir ünlü təhsil ocağıdır. Bu kolleci seçənlər heç zaman yanılmayıb. Artıq turizm sənayesinin müxtəlif istiqamətlərində kollecimizin 7 mindən çox yetirməsi  daimi əmək fəaliyyəti ilə məşğul olaraq Azərbaycan turizminin inkişafına önəmli töfhə verir. Digər tərəfdən yeni qaydalara əsasən   kollecin məzunlarına  birbaşa ali təhsil müəssisələrində təhsil almaq  imkanlarının yaradılması da  cəmiyyətdə kolleclərə olan marağı xeyli artırıb. Biz hər il olduğu kimi, bu tədris ilində də tədris prosesində  daha mütərəqqi metodları tətbiq etməklə mövqelərimizi daha da möhkəmləndirmək  niyyətindəyik.  Təhsil müəssisəmiz 2006-cı ildən fəaliyyət göstərir, ötən ildən isə  Azərbaycan Dövlət turizm Agentliyinin tabeliyinə daxil edilib.Agentliyinin əsas strategiyasına uyğun olaraq  kollecimizdə obyektivlik və şəffaflıq  yüksək səviyyədə təmin edilir, nəticəyönümlü kadr hazırlığı həyata keçirilir. Dövlət Turizm Agentliyin sədri  cənab Fuad Nağıyev başda olmaqla Agentliyin bütün əməkdaşları bizə hərtərəfli dəstək nümayiş etdirir. Bu gün  ölkə turizmi yüksəliş dönəmini yaşayır, hesab edirəm ki, gələcəyin kadrları olaraq bu inkişafın davamlı olması həm də sizin hazırlıq səviyyənizdən asılı olacaq.”

Daha sonra tədbirdə digər çıxışlar dinlənilib. Yüksək balla kollecə qəbul olan tələbələr, valideynlər, keçmiş məzunlər və kollektivin təcrübəli mütəxəssisləri  düşüncələrini və təbriklərini paylaşıb.

Tədbir həm də digər  maraqlı məqamları ilə yadda qalıb. Belə ki, kollecin istedadlı tələbələri tədbir boyu təqdim etdikləri şer və  bədii kompozisiya nümunələri ilə iştirakçıların qəlbində xoş təəssüratlara yol açıb.

Şərhlər bağlıdır.