Araşdırma

Layiqli yaşam üçün “Öz biznesinə başla və onu inkişaf etdir”

Avropa İttifaqının dəstəyi ilə AMFA-nın ADSMİRRA layihəsindən bəhrələnənlərin sayı dörd yüzü keçib

Xüsusi çalarlar və qaşlarla cehizlik dəstləri hazırlamağın xəyalını quran Aidə Behbudova, bağlarda qalıb tələf olan yaş xurmanı qurutmağa qərar verən Rəfael Sulxayev və digərlərinin həyat hekayələri 

1-ci hekayə

Maliyyə savadlılığı ağıllı borcalmanın özəyidir

“Adətən öz yerində kiçik pula sahib olan insan kənarda böyük pullar axtarmaqda maraqlı olmur. Kəndini atıb şəhərə gələn, hələ iş tapa bilsə, qazancının xeyli hissəsini kirayə mənzildə, avtobus və taksidə, bir də kafedə xərcləmək zorundadır. Üstəlik ailəsini də ac qoymamalıdır. Halbuki kənddə öz evi var, nəqliyyatdan demək olar ki, istifadə etmir. Ailə bir qazan asanda uşağın da, böyüyün də qarnı doyur”.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) layihə meneceri Sevinc Rüstəmova

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) layihə meneceri Sevinc Rüstəmova belə deyir. O, bildirir ki, təmsil etdiyi təşkilat Avropa İttifaqının maliyyəsi ilə ötən ilin sentyabrından “Azərbaycanın regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMİRRA) layihəsini icra edir. Layihə kənd əhalisinin gəlir əldə etməsi və iş yerləri yaratması üçün mikro biznesi və inkişafı dəstəkləyir. Xüsusən Gəncə – Qazax, Quba – Xaçmaz, Şəki – Zaqatala və Kür – Araz (Aran) iqtisadi zonalarında sahibkarlıq bacarıqlarını və bazar imkanlarını artırmaq məqsədi güdür. Öz bizneslərinə başlamaq və onu genişləndirmək istəyən,  start-ap bizneslərə hədəflənən kəndli mikro sahibkarlar maliyyə köməyi əldə etmək imkanı da qazanırlar: “Biz istəyirik ki, onlar öz yerlərində özlərinə məşğuliyyət tapa, az da olsa öz yaşadıqları yerlərdə kiçik pulları əldə edə bilsinlər, kəndlərini, rayonlarını atıb böyük şəhərlərə getməsinlər”.

S.Rüstəmovadan aldığımız məlumata görə, layihə əsasən üç komponentdən ibarətdir:  “İlk iki komponent maariflənmə və maliyyə savadlığının artırılmasıyla bağlıdır. Burda həm ailə, həm də biznes büdcəsinin idarə edilməsidən söhbət gedir. Yəni insanlar verilən pulu kor-koranə xərcləməməlidirlər. Son illərin ən böyük bəlalarından biri artıq borclanmadır. Adamlar ehtiyac olmasa da kreditlər götürürlər. Bəzi gecikdirilmiş kreditlərin təhlili göstərir ki, bir çoxu ehtiyacdan deyil, istəkdən irəli gəlir. Ümumiyyətlə, kredit götürərkən insan nəyi bilməlidir? Məsələn, qonşunun avtomobili var, o da gedib avtomobil alır. Amma sonra borcunu qaytara bilmir. Bu gün ağıllı borcu almaq,  qənaət vərdişləri yaratmaq, israfçılığa yol verməmək, fövqəladə hallara hazır olmaq böyük əhəmiyyət kəsb edir. Təlimdən əvvəl və sonra sorğu aparırıq. Baxırıq ki, onların düşüncələri pula münasibədə nə dərəcədə dəyişib. Maraq üçün bir statistikanı təqdim edim. Təlim iştirakçılarının 78 faizində qənaət etmə düşüncəsi yaranır. Yəni onlar düşünürlər ki, əvvəlki dövrdən fərqli olaraq, suya, enerjijə, digər resurslara necə qənaət edə bilərlər. Yeri gəlmişkən, Qusarda təlimdə idim. Növbəti gün bir xanım gəlib dedi ki,  o, hər axşam saat 6-dan həyətin işığını yanılı qoyurmuş ki, səhər 5-də oğlu işə gedərkən ayaqqabısını geyəndə həyət qaranlıq olmasın. Deyir ki, bu gecə işıqları yandırmayıb. Oğlu işdən qayıdanda soruşub ki, nə baş verib, ay ana, niyə işığı yandırmamışdın? Deyib ki, axşam saat 6-dan səhər 5-ə qədər o işıq niyə boş-boşuna yansın: “Sən böyük oğlansan.  Bu işığı yandırıb, ayaqqabını geyə, sonra da işığı söndürüb işə gedə bilərsən”. Biz Polşanın mikromaliyyə mütəxəssislərinin  tərtib etdiyi modul üzrə bu cür təlimləri əksər rayonlarda təşkil edirik və bu günədək dörd yüz on iki nəfər həmin təlimlərdən bəhrələnib”.    

2-ci hekayə

Məqsəd “Narın” adı ilə öz brendini yaratmaqdır

Aidə Behbudova

Layihə təlimləri barədə Oğuzda yaşayan sahibkar Aidə Behbudovaya Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasından (AQSİA) məlumat veriblər. O da rayonda tanıdığı xanımlarla söhbət aparıb, səkkiz nəfər qadınla Zaqataladakı təlimə dəvət olunub.

Aidə xanım deyir ki, təlimdən çox xoşu gəlib: “Sahibkarlıq sahəsində xeyli məlumatım olsa da, həmin təlim daha faydalı oldu. Məsələn, kredit götürərkən nəyə diqqət yetirmək lazımdır. 2000-ci illərdə biznesə dair kitablar oxuyurdum və bir gün fikirləşdim ki, şəhərdə ac oturmaqdansa niyə kəndə gedib, əkinçiliklə, heyvandarlıqla məşğul olmayım? 2007-ci ildə Sahibkarlığa Kömək Milli Fonduna (hazırda Sahibkarlığın İnkişafı Fondu) biznes planımı təqdim etdim. Atabankın Gəncə filialından 2 il müddətinə 20 min manat kredit götürdüm. Bu, əsasən iribuynuzlu heyvanların alınması üçün idi. Baxmayaraq ki, aşağı faizlə verilmişdi, amma  6 aydan sonra ödəmə prosesi başlayırdı. Sonradan araşdırdım ki, iribuynuzlu heyvan təsərrüfatı az rentabellidir. Ən tez gəlir götürmək quşçuluq sahəsində mümkündür.  Krediti qaytarmaq üçün vaxt az qaldığından aldığım heyvanları satıb bankın borcunu bağlamalı oldum. Amma bu gün mənə kredit təklif olunsa idi, elə çətin durumda qalmazdım. Çünki Avropa İttifaqının maliyyə dəstəyi ilə gerçəkləşən ADSMİRRA layihəsində hansı şərtlərlə kredit götürməyin yollarını izah etdilər. Bizim tərəfə keçən təlimçilərin dediklərinə qulaq asanlar artıq bankların “tələlərinə” düşməyəcək. Kaş 10-15 il qabaq belə təlimlərdə iştirak edəydim”.

Aidə xanım deyir ki, təlimlər  ona dəqiq planlaşdırma və hesabatlılığı  mənimsəməyə imkan yaradıb: “Əslində kiçik büdcə ilə ailəni və təşkilatı idarə etmək olar. Bəzən insanlar çox pul götürürülər, lakin onu əhəmiyyətli işə xərcləyə bilmədiklərindən sonda uduzurlar. Qənaət mövzusu təlim zamanı çox aktual idi. Biz orada ailə büdcəsini yaratmaq və xərcləməklə bağlı maraqlı oyun oynadıq. Yəni büdcəyə hər ailə üzvü nə qədər vəsait gətirir və sonra o, necə bölüşdürülür. Təbii ki, qidaya qənaət etmək olmur, amma bəzi xərclər var ki, onu azaltmaq mümkündür. Məsələn, toylara az gedə, ev əşyalarını dəyişməkdənsə, təmir edə bilərik. Problem ondadır ki, bir çox hallarda əldə etdiyimiz gəlirə uyğun xərclərimizi düzgün bölüşdürməyi və yığımı bacarmırıq, pul gələn kimi xərcləyirik. Yüksək təşkilatçılığı ilə yadda qalan təlimə qatılan 8 oğuzlu qadından 6-sı ikinci təlimə dəvət olunmasa da, birincidən çox faydalandı. Bu təlim xanımlara motivasiya verdi, yeni əlaqələr qurulmasına şərait yaratdı. Təbii ki, kənddən gələn qadınlar öyrəndiklərini öz kəndlərində də paylaşırlar. Bu gün Oğuzun  kəndlərində yaşayan qadınlarımız mərd və çalışqandırlar. Ancaq onların bilik və bacarıqları yetərincə deyil.  Buna görə də belə təlimlərə ciddi ehtiyac var.”.

İkinci təlimə Aidə Behbudova və Səyyarə Məmmədəliyeva dəvət olunub. Onlar ilk təlimdəki ideyalarını burda inkişaf etdirərək, təlimçilərin köməyi ilə biznes planlarını hazırlayıblar: “Sevinc xanım çörək sexi açmaq istəyən Səyyarə xanıma dəstək olmağa söz verdi. Səyyarə də istəyir ki, unu su dəyirmanlarından gətizdirsin, xəmiri balatı ilə hazırlasın. Həkimlər mədə-bağırsaq xəstəliyi  olanlara su dəyirmanının unundan bişirilən çörəyi yeməyi məsləhət bilirlər. Belə çörəklə kənardan da bol-bol müştəri qazanmaq mümkündür. O ki qaldı mənim biznes planıma, qərara aldım ki, sıradan biri olmayan tikiş atelyesi açım. Tikiş sahəsi üzrə gənclik yaşlarımdan maraqlanıram. Kurs da bitirmişəm. Amma atelye yaratmaq fikrinə bu rayona AQSİA-nın nümayəndəsi təyin olunandan sonra gəldim. Baxırdım ki, tələbat var, həm də bu işi bacaran işsiz xanımlar yetərincədir. Oğuz rayon İcra Hakimiyyətindən də belə bir iş açmaq təklifi almışdım”.

Aidə Behbudova bu məqsədlə Oğuzun mərkəzində yerləşən qeyri-yaşayış sahələrindən birini hər ay 150 manat ödəməklə icarəyə götürüb. Yaz aylarından bir neçə xanımı yanına dəvət edib. Hərə evindən köhnə maşınını gətirib. Hətta nümunə kimi müxtəlif dəstləri də tikib sifariş tapmaq istədikləri təşkilatlara göndərməyə macal tapıblar. Amma bu köhnə maşınlarla işləmək çətindir. İynəsi və sapı tez-tez qırılır, məhsuldarlığı aşağıdır. Köhnə maşınların təmiri üçün iki gündən bir usta çağırmalı olurlar. Buna görə də Aidə xanım Avropa İttifaqının maliyyə dəstəyi ilə gerçəkləşən ADSMİRRA layihəsinin biznes təlimində layihə təklifi yazarkən yeni və müasir avadanlıqlar almağın vacib olduğunu əsaslandırıb.

Aidə Behbudova

“Bu layihə başlayanda çox sevindim. Mənə 5  peşəkar dərzi maşını, bir də dərzi ütüsü verəcəklər. Hələ işə ciddi başlamasam da, dörd qadını dərzi kimi qeydiyyata götürmüşəm. Dörd aydır ki,  müxtəlif qurumlarla danışıqlar aparıram. İstəyirəm ki, səhiyyə və təhsil müəssisələri üçün döşək və balış üzlərinin, süfrə və xələtlərin hazırlanmasını öhdəmə götürüm. Döşək dəstlərində qatlama üsulundan istifadə edirəm. Və bağlama yerləri ancaq düymə ilə olacaq. Xüsusi çalarlarla, qaşlarla cehizlik dəstlərini hazırlamağın xəyalını qurmuşam. Bu, sırf əl işidir, təbii ki, qiyməti də ucuz olmayacaq. Adətən insanlar müxtəlif formalarda alış-veriş edirlər. Kimisi ehtiyacdan alır, kimisi xoşuna gəldiyi üçün. Mən insanların nə istədiklərinin fərqindəyəm. Bazarı araşdırıram. Sosial şəbəkələrdə məhsulumu tanıtmağı və satmağı,  istehsalla bərabər mağazamı da açmağı düşünürəm. Məqsədim “Narın” adı ilə öz brendimi yaratmaqdır”.

Aidə xanım Oğuzun Padar kəndində doğulub. Ali təhsil aldıqdan sonra təyinatla tikinti-quraşdırma idarəsinə gəlib, uzun illər burada müxtəlif vəzifələrdə çalışıb. Mingəçevirdə ailə həyatı qurub. İki oğul anasıdır: “Həyat yoldaşım mühəndis idi, kondisionerlərin təmiri ilə məşğul olurdu. Amma birgə həyatımız 11 il çəkdi. Dünyasını dəyişəndən sonra uşaqlarımı təkbaşına böyütməli oldum. Əmək haqqıyla dolanmaq mümkün deyildi. Buna görə də əlavə qazanc axtarırdım. Bir müddət alverlə məşğul oldum. Amma təcrübəsizlikdən əlim gətirmədi. Sonra şirniyyat bişirdim, kafe açdım. 2003-cü ildə isə doğulduğum Padar kəndinə qayıtdım. O zamandan öz təsərrüfatımda orqanik tərəvəz yetişdirirəm”.

Aidə xanım hesab edir ki, Oğuz orqanik məhsul yetişdirmək baxımından çox əlverişli rayondur: “Orqanik məhsul o deməkdir ki, onun torpağı, suyu təmizdir. Yəni bu məhsullara kimyəvi dərmanlar verilmir. Ən başlıcası isə, onlar şitilxanada deyil, açıq günəş altında əmələ gəlir. Ümumiyyətlə, Azərbaycanda istixanalardansa soyuducuların olması vacibdir. Əgər açıq havada təbii pomidor, xiyar, göyərti yetişdirmək üçün ilin 8 ayı ərzində imkan varsa, biz niyə bundan yararlanmırıq? Mən ümumiyyətlə inkubatorla cücə çıxarmağın da əleyhinəyəm. Yumurtanı toyuğun altına qoyanda cücələr həmin toyuğun sevgisi ilə dünyaya gələcək, onların yumurtası və əti də orqanik olacaq. Təbii ki, toyuqların hansı qida ilə yedizdirilməsi də vacibdir”.

Ötən ilin noyabrından AQSİA-nın Oğuz şöbəsinə rəhbərlik edən Aidə Behbudova bu gün evdar xanımların sahibkar kimi  üzə çıxmalarına yardım göstərir. Tez-tez kəndlərə gedir, orada müxtəlif peşə sahibi olan qadınlarla görüşür, onların istək və arzularını öyrənib, yerli hökumətə və AQSİA-ya çatdırır, təkliflər verir.

…Məqalə çapa hazırlananda Aidə xanımdan zəng gəldi.  Dedi ki, məktəbəqədər müəssisələr üçün döşək üzləri və digər məhsullar üzrə sifarişi yerinə yetirmək üçün Oğuz rayon İcra Hakimiyyətindən 1800 manat məbləğində ilk tenderi udub. Oktyabr ayından isə xəstəxana və poliklinikaların elan edəcəyi tenderə qatılmaq fikrindədir: “Əgər sifarişlərim artsa, oğuzlu xanımlar üçün yaradacağım iş yerləri də çoxalacaq”.

3-cü hekayə

Zaqatala xurmasına sevgidən yaranan kooperativ

“Həmişə düşünürdüm: elə bir iş qurum ki, həm çoxlu iş yerləri açım, həm də yüzlərlə, minlərlə ailəyə xeyrim dəysin. Meyvə qurudulması bu baxımdan çox vacib bir işdir. Qurudulan xurma doğrandıqdan sonra da keyfiyyətini itirmir, vakkum qablaşdırmada uzun müddət qalır. Mütəxəssislərin fikrincə, xurmanın tərkibində çox faydalı komponentlər var. Xüsusən radiasiya əleyhinə ən faydalı meyvə kimi istifadə olunur. Quruyandan sonra çəkisi 4 dəfə azalır. Bu gün yaş xurmanın 1 kiloqramını 10-15 qəpiyə əldə etmək olur, quru xurmanın satışı isə  hələ ötən il Zaqatalanın özündə 3 manatdan yuxarı olub.  Balakən istisna olmaqla, bizim bölgədə hələ ki, heç kim bu işlə peşəkar formada məşğul olmur”.

Bu fikirlər Zaqatalada doğulub boya-başa çatan və yaşayan Rəfael Sulxayevə məxsusdur. O, həyat yoldaşı Dilarə, qardaşları Ramin və Renat, qardaşı arvadı Aynurə ilə birgə “Bizim meyvə” adı ilə yaratdığı ailə kooperativində cənnət meyvəsi sayılan yaş xurmanın ömrünü illərlə uzatmağa qərar verib.

Dilarə, Renat, Rəfael, Aynurə və Ramin Sulxayevlər

Bu gənclər Azərbaycanda meyvələrin  bağlarda qalıb, tələf olmasından narahatdırlar. Xüsusən də xurmanın.  Yaş məhsul ucuz satıldığıdan, ən başlıcası isə tez xarab olduğundan əksər ailələr onu yığmaqda maraqlı deyil. Amma qurutma sexi olsa, həmin işlə məşğul olanlarla bərabər digər kəndlilər də qazanc əldə edə biləcəklər. Yəni onlar məhsullarını qurutma sexinə satacaqlar.

Zavod şəraitində hazırlanmış meyvə qurutma avadanlıqları mövcuddur, lakin qiyməti çox bahadır. Buna görə də Rəfael və ailə üzvləri 2 x 4 metr ölçüdə qurutma kamerasını tanış sexlərin birində özlərinin layihəsi üzrə hazırlatmağa başlayıblar: “Kameranın içində hər ipin üstündə 20-yə yaxın xurma asılacaq. Aşağıdan isti külək daxil olacaq, borudan geri sovrularaq, sirkulyasiya üsulu ilə dövrə vuracaq. Kameradan nəmişliyin çıxarılması kondensat yolu ilə nəzərdə tutulub. Fizika qanunlarına görə, burada kondensat əmələ gəlməlidir. Havalar isti keçərsə, kondensat yaratma zəif gedəcək. O zaman kameraya qoşulan əlavə qurğu çöldən küləyi daxil edəcək, içəridəki nəmişliyi yuxarıdakı borularla xaric edəcək”.

Kameranın kiçik ölçüdə olması iqtisadi baxımdan sərfəlidir, çünki az xurma ilə də onu işlətmək olacaq. Həm də kameranı istənilən yerə, məsələn birbaşa məhsul və işçi qüvvəsi olan əraziyə rahat aparmağa imkan yaranacaq. Hazırkı halda kamera təbii qaz ilə çalışacaq. Alternativ yanacaq kimi fındıq qabığı nəzərdə tutulub. O, yaxşı istilik verir, amma iqtisadi baxımdan qazla müqayisədə bahadır.

Rəfael bu qənaətdədir ki, “Azərbaycanın regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsindən faydalana bilsələr, həm kameraların sayını artıracaq, həm də ilkin mərhələdə meydana çıxan digər xərclərini asanlıqla qarşılayacaqlar: “Bu layihə barədə məlumatı müştərisi olduğum Turan Bankdan aldım. İlk təlim maliyyə savadlılığı ilə bağlı idi. Çox faydalı oldu. Bu təlimdə insanın həyatında həmişə lazım olacaq informasiyaları əldə etdik. Məsələn, pulun xərclənməsi, kreditin alınması, qənaət yolları barədə çox dəyərli məsləhətlər aldıq. Əvvəldən məlumat verdilər ki, özəl  fərqli ideyalar axtarırlar və əsasən kənd təsərrüfatının inkişafında maraqlıdırlar. Birinci təlimdə ideyamızı verdik, ikinci təlimdə isə inkişaf etdirdik. Bizim ailə kooperativi ilkin vəsaiti ala bilsə, əlimizdəki maket üzrə quraşdırılmasına başlanan kameradan bir neçəsi olacaq. Gələcəkdə sexi böyük bir müəssisəyə çevirmək fikrindəyik. Hətta yaş məhsulu saxlamaq üçün iri soyuducular almaq, hazır məhsul üçün ventilyasiyalı xüsusi anbarlar tikmək iddiasındayıq”.

Rəfael dostu Şəmsəddin İgidovla xurma qurutma kamerasının iş prinsiplərini müzakirə edərkən

Rəfaelin yaxın dostu Şəmsəddin İgidov xurmanın toplanmasında və digər işlərdə ailə kooperativinə yaxından dəstək olacağını deyir: “Uşaqlığımdan görmüşəm ki, valideynlərim, qohumlarım yaş xurma toplayıb, satır. Böyüyəndən mən də onlara qoşulmuşam. Biz burda xurmanın yığımı və göndərilməsi ilə, atam isə xarici bazarlarda satışı ilə məşğuldur. Yaş xurmanı daşımaq həmişə çətin olur. Yəni risklər yüksəkdir. Təsəvvür edin, bir maşına 1500 yeşik xurma vurulur. Hardasa 13-14 ton. Qablaşdırma 3-4 gün çəkir. Qabaqcadan evlərə yeşiklər paylayırıq. Yeşiklər bir sıralıdır. Ümumiyyətlə daşınma zamanı xurmanın əzilməsi, xarab olması mümkündür. Xurma çox incə məhsuldur. Biri azca əzildimi, başlayır çürüməyə və yanındakını da sıradan çıxarır. Onu toplayanda da gərək ehtiyatlı davranasan, çünki adi barmaq izi sonradan zədələrə çevrilir. Burda qablaşdırılandan sonra 5 gün ərzində yolda olur. Adətən malı tanış sürücülərlə Rusiyanın Volqoqrad şəhərinə göndəririk. Bu gün Rusiyada qurudulmuş xurmaya da tələbat çoxdur”.

Rəfael isə hesab edir ki, elə Azərbaycanın özündə bu məhsulu sata bilərlər: “Bakıda quru meyvə satışı ilə məşğul olanlarla əlaqə yaratmışam. Onlar bizdən böyük həcmdə -100 tona qədər qurudulmuş xurmanı almağa söz veriblər. Yəni bir rahatlıq yaranır ki, malımız əlimizdə qalmayacaq. Adətən dolu dəyən, günəş yandıran ləkəli xurmanı daşımaq olmur. Beş günün içində korlanır. Amma həmin xurma qurutmaya yarayır. Biz onu soyub, quruda bilərik. Belə yaş xurmaları isə daha ucuz qiymətə almaq mümkündür. Eyni zamanda xurmanı doğranmış halda qurutmaq və  qablaşdırmaq çox sərfəlidir. Növbəti addımımız qurudulmuş xurmanı qablaşdırmaq, sərgilərdə, yarmarkalarda iştirak etməklə bağlı olacaq”.

Əslində builki xurma mövsümü başlayıb, amma kooperativ üzvləri bir qədər gecikiblər. Rəfael bəyin dediyinə görə, xurma mövsümü sentyabrın sonundan noyabrın axırınadək davam edir: “Ondan sonra soyuducular hesabına mövsümi 2 ay uzada bilərik. Biz soyuducu xidmətləri ilə də danışıqlar aparırıq. Rayonda belə soyuducular mövcuddur. Amma soyuduculara da malı indidən doldurmaq lazımdır. Çünki dəymiş xurma nə daşımağa, nə də qurutmağa yarıyır. Təxminən ilin 4 ayı ərzində bu fəaliyyətlə məşğul olmağa imkan var. Bu isə mövsüm ərzində yüzlərlə həmyerlimizə iş imkanı yaradacaq”.

Hazırda Balakəndə yerləşən “Balxurma” müəssisəsi əhalidən bu malı alır. Onlar bu gənclər üçün nə dərəcədə rəqib ola bilərlər? Rəfael hesab edir ki, xurma həddən çoxdur və gələcək rəqibləri hamısını almaq iqtidarında deyil: “Həm də həmin müəssisəyə böyük yatırım qoyulub. İşçi qüvvəsi də çoxdur. Yəni xərcləri böyükdür. Amma bizim xərclərimiz cüzidir. Hətta qurutma kamerasını da özüümüz yığırıq. Bu yerdə rəqabəti udmuş oluruq. Xammal bizə çox ucuz başa gəlir. Çünki bu rayonda hamını tanıyırıq, əlaqələimiz var. Rusiyaya yaş halda göndərilən malın daşınmağa yaramayan qalıqlarını qəpik-quruşa ala bilirik. Doğrudur, risklərimiz də var. Yəni daha az qazana bilərik. Sabah işığımızı, qazımızı kəssələr, məcburuq kameramızı fındıq qabığı ilə işlədək. Həm də qazancımız olmasa da, ailəmiz ac qalası deyil, çünki başqa biznesimiz də var”.

Yeri gəlmişkən, 34 yaşlı Rəfaelin tələbəlik illərindən elektronikaya marağı olub. Telefon təmirindən başlayıb. Hazırda rayonda telefon təmiri və satışı, eyni zamanda kompüter satışı və nəzarət kameralarının quraşdırılması ilə məşğul olan iki dükanı var. Ailəsini də həmin xırda biznesdən əldə etdiyi gəlir hesabına dolandırır. Amma ADSMİRRA layihəsinin ayıracağı vəsaiti tezliklə əldə edə bilsə, Rəfaelin və başçılıq etdiyi kooperativin xurmaya sevgisi faydalı və davamlı istehsal prosesinə çevrləcək.

Və hekayələrin davamı

Kiçik bir məbləğ insanlarda stimul yaradır   

AMFA-nın  layihə meneceri Sevinc Rüstəmovanın dediyinə görə, Avroa İttifaqının maliyyələşdirdiyi ADSMİRRA layihəsi yeni bizneslərə başlamaq və yaxud mövcud biznesini genişləndirmək istəyənlərə maliyyə dəstəyi də göstərəcək: “Biz hazırda ötən ilin noyabrından təlimlərinə start verdiyimiz layihənin ortasındayıq. İndiyədək 140 nəfər biznes təlimlərinə qatılıb. Hazırda onların biznes planları nəzərdən keçirilir. Məlumat üçün bildirim ki, sentyabrın sonu və oktyabrın əvvəllərində 50 nəfərə maliyyə dəstəyi göstərəcəyik. Bu say arta da bilər”..

Sevinc xanım layihənin gedişi barədə məlumat verərkən

Sevinc xanım əlavə etdi ki, Beynəlxalq Əmək Təşkilatının modulu üzrə “Öz biznesinə başla və onu inkişaf etdir” adı ilə keçirilən növbəti təlimləri Dövlət Məşğulluq Xidməti də təşkil edir: “Təlim iştirakçıları ilə bir çox məsələlər müzakirə olunur. Yəni nə üçün onlara pul vəsaiti lazımdır?  Onlara nə qədər sərmayə kapitalı gərəkdir? Onların biznes ideyası nədir? Bizim təlimçinin dəstəyi, istiqamət verməsi  ilə onlar öz biznes planlarını işləyiblər. Sizi inandırım ki, 1000 manata ehtiyacı olan sahibkarlarmız da var.  Bu yaxında Naxçıvanda idim, burada bir sahibkar 300 manatıq biznes təklifi yazmışdı. Toxucudur, toxumağa sapı yoxdur. Biz əsasən gənc ailələrlə işləyirik. Amma istisnalar da olur. Əslində bu layihə həm də motivasiya rolunu oynayır. Kiçik bir məbləğ insanlarda stimul yaradır”.

Onu da öyrəndik ki, gələcəkdə layihə çərçivəsində Sahibkarlar Yarmarkası keçiriləcək, mikro və kiçik sahibkarlar haqqında “Yellow Pages” kataloqu hazırlanacaq, kənd yerlərində mikrobiznesin inkişaf etdirilməsinə dair təcrübə barədə keyslər yazılacaq. Eyni zamanda layihə nəticələrini paylaşmaq üçün onun yekunlarına həsr olunacaq konfrans da planlaşdırılıb. Bütün bu tədbirlər Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasının sürətləndirilməsi ilə bağlı Azərbaycanın üzərinə götürdüyü öhdəliyə dəstək olmaqla, 4-cü (keyfiyyətli təhsil), 5-ci (gender bərabərliyi) və 8-ci (layiqli əmək və iqtisadi artım) qlobal məqsədlərin icrasına töhfə verəcək.

Layihənin icraçı partnyor təşkilatları Polşanın Mikromaliyyə Mərkəzi (MFC) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Konfederasiyasıdır. “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimiai Birliyi (AQSİA), “Sahibkar Qadınlar” İctimai Birliyi, Azərbaycan Arıçılar Assosiasiyası, Maliyyə İnstitutlarından Turan Bank ASCİnkişaf üçün Maliyyə MMC isə tərəfdaş qurumlar kimi layihəni dəstəkləyirlər.

P.S. Bu dəfəki Oğuz və Zaqatala səfərimizdən, layiqli yaşam üçün öz biznesinə başlayan və onu inkişaf etdirən insanlarla tanışlığımızdan xeyli məmnun qaldıq. İnandıq ki, paytaxtdan uzaq bölgələrimizdə iş adamları Avropa İttifaqının və AMFA-nın  dəstəyilə kiçik bizneslərini böyüdə, özlərinin və ətrafındakıların həyatlarını yaxşılaşdıra biləcəklər.     

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close