Mingəçevir Turizm Kollecində yeni tədris ilinin ilk günü
Təbrik nitqi ilə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov ölkədə təhsilin, turizmin inkişafına, turizm yönlü kadr hazlığı prosesinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söhbət açıb: “Cənab prezident İlham Əliyev başda olmaqla aidiyyati nazirlik və dövlət qurumları ümumən cəmiyyətin hərtərəfli inkişafı üçün bütün zəruri addımları atır, komleks tədbirlər həyata keçirir. Ölkədə minimum əmək haqqı mislinin yüksəldilməsi, pedaqoqların əmək haqqlarının və tələbələrin təqaüdlərinin artırılması vətəndaşların dövlətçiliyə olan inamını daha da gücləndirib. Bu işlər pedaqoq və tələbələr önündə yeni perspektivlər açır. Pedaqoqlar kadr hazırlığında daha nəticə yönümlü yaradıcı fəaliyyət, gənclər isə ixtisaslı və hərtərəfli mütəxəssis kimi yetişmək üçün əlavə stimul qazanır”.
Əyyub Əyyubov kollecin sıralarına yeni tədris ilində tələbə adını qazanmış 728 gəncin də qatıldığını xatırladaraq bu seçimin gənclər və valideyinlər arasında Mingəçevir Turizm Kollecinə olan inam və etimadın göstəricisi olduğunu bildirib:
“Kollektivimiz ölkədə və onun hüdudlarında kənarda qazandığı uğurları ilə diqqət mərkəzinə düşmüş bir ünlü təhsil ocağıdır. Bu kolleci seçənlər heç zaman yanılmayıb. Artıq turizm sənayesinin müxtəlif istiqamətlərində kollecimizin 7 mindən çox yetirməsi daimi əmək fəaliyyəti ilə məşğul olaraq Azərbaycan turizminin inkişafına önəmli töfhə verir. Digər tərəfdən yeni qaydalara əsasən kollecin məzunlarına birbaşa ali təhsil müəssisələrində təhsil almaq imkanlarının yaradılması da cəmiyyətdə kolleclərə olan marağı xeyli artırıb. Biz hər il olduğu kimi, bu tədris ilində də tədris prosesində daha mütərəqqi metodları tətbiq etməklə mövqelərimizi daha da möhkəmləndirmək niyyətindəyik. Təhsil müəssisəmiz 2006-cı ildən fəaliyyət göstərir, ötən ildən isə Azərbaycan Dövlət turizm Agentliyinin tabeliyinə daxil edilib.Agentliyinin əsas strategiyasına uyğun olaraq kollecimizdə obyektivlik və şəffaflıq yüksək səviyyədə təmin edilir, nəticəyönümlü kadr hazırlığı həyata keçirilir. Dövlət Turizm Agentliyin sədri cənab Fuad Nağıyev başda olmaqla Agentliyin bütün əməkdaşları bizə hərtərəfli dəstək nümayiş etdirir. Bu gün ölkə turizmi yüksəliş dönəmini yaşayır, hesab edirəm ki, gələcəyin kadrları olaraq bu inkişafın davamlı olması həm də sizin hazırlıq səviyyənizdən asılı olacaq.”
Daha sonra tədbirdə digər çıxışlar dinlənilib. Yüksək balla kollecə qəbul olan tələbələr, valideynlər, keçmiş məzunlər və kollektivin təcrübəli mütəxəssisləri düşüncələrini və təbriklərini paylaşıb.
Tədbir həm də digər maraqlı məqamları ilə yadda qalıb. Belə ki, kollecin istedadlı tələbələri tədbir boyu təqdim etdikləri şer və bədii kompozisiya nümunələri ilə iştirakçıların qəlbində xoş təəssüratlara yol açıb.
Şərhlər bağlıdır.