Mingəçevir Turizm Kolleci Beynəlxalq Sərgidə uğurla təmsil olundu
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə hər il ölkə paytaxtında düzənlənən Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə ildən-ilə maraq artır. Bunun bir göstəricisi də odur ki, iştirakçı dövlətlərin, həmçinin şirkət və müəssisələrin hüdudları yeni coğrafiyalara uzanır. Bu günlərdə başa çatmış və sayca 15-ci olan sərginin önəmi və perspektivləri növbəti dəfə hər bir iştirakçıda ən müsbət təəssüratlara yol açdı. İştirakçı kəlməsini ifadə edərkən əlbəttə ki, yalnız sərgini yaxından izləmək fürsəti olmuş insanlar nəzərdə tutulmur. Həm də, bu mötəbər beynəlxalq tədbirdə rəsmən təmsil olunmaq şansı əldə etmiş şirkət və müəssisələrdən söhbət gedir. Məlumat üçün qeyd edək ki. on beşinci yubiley sərgidə 29 dövlətin 333 şirkət və müəssisəsi iştirak edirdi.
Beynəlxalq Sərgidə təmsilçilikdən söhbət düşmükən ən vacib məqamı vurğulamaq yerinə düşər. Məsələ burasındadır ki, on illik yubiley yaşını qeyd etməyə hazırlaşan Mingəçevir Turizm Kolleci dörd ildir ki, dalbadal bu mötəbər beynəlxalq tədbirə dəvət alır və çox böyük uğurla doğma kollektivini, şəhərini və ölkəsini təmsil edir. Fəaliyyətə başladığı on il ərzində tədris prosesində qabacıl dünyəvi təhsil-təlim üsullarını başarıyla tətbiq edib, saysız-hesabsız nailiyyətlər qazanmağa müvəffəq olan bu nüfuzlu kollektiv həm də beynəlxalq əməkdaşlıq sayəsində ciddi uğurlara imza atıb.Yəni turizm sahəsi üçün peşəkar kadr hazırlığı missiyasını inamla çiyinlərində daşıyan kollektivin ismi mübaliğəsiz olaraq etiraf etmək lazımdır ki, Azərbaycanla yanaşı Avroasiyanın qabaqcıl elm-təhsil ocaqlarında dolaşmaqdadır.
Qazandığı davamlı naliyyətlər dövlət rəsmilərinin də diqqətindən yayınmır. Məhz bu uğuları müqabilində kollektivə bəslənilən etimad sayəsində Mingəçevir Turizm Kolleci dörd ildir ki, Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirak və təmsilçilik hüququ qazanır. Kollektiv hər yeni sərgiyə daha ciddi hazırlıq mərhələsi keçir və ən yaxşı tərəfdən üstünlüklərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Sirr deyil ki, beynəlxalq ictimaiyyət təhsilə, onun inkişaf dinamikasına xüsusi həssaslıq nümayiş etdirir və bu mənada kollecə adı çəkilən sərgidə göstərilən diqqət və maraq başa düşüləndir.Üstəlik nəzərə almaq lazımdır ki, Turizm Kollecinin təmsilçilik guşəsi hər dəfə yeni estetik zövq oxşayan elementlər və məlumatlar toplusu ilə zənginləşdirilir. Bu da guşəni seyrçilər üçün daha da cəlbedici edir. Məsələn, son sərgidə Turizm Kollecinin uğuları haqqında xeyli sayda kitablar, büklet və broşurlar, prospektlər, foto şəkillər, döş nişanları, digər kiçik həcmli suvenirlər, tələbələrin əl işlərindən və rəsm əsərlərindən ibarət nümunələr, beynəlxalq təltiflər və digər eksponatlar yer alıb. Nəşri məlumatların əksəriyyəti həm də ingilis və rus dillərində təqdim olunub.
Guşədə milli geyimli gənc tar ifaçısının iştirakı da milli dəyərlərin təbliğinə yönəlik uğulu seçim idi. Eyni zamanda xüsusi monitor vasitəsilə kollecin uğurlarından bəhs edən slayd və videoçarxlar davamlı qaydada qonaqlara nümayiş olunub. Yeri düşmükən, bu ilki sərgidə kollektiv doqquz nəfərlik pedaqoq-tələbə heyəti ilə təmsil edilib. Onlar çox böyük həvəs və istəklə iştirakçı qonaqlarla ünsiyyət qurur, onlara kollec haqqında ətraflı məlumatlar çatdırıb suallarına aydınlıq gətirirdilər. Kollec təmsilçiləri sərgi müddətində Balkan ölkələrindən, MDB məkanından, İrandan və digər ölkələrdən olan xeyli iştirakçı ilə səmimi dialoq içində olub.
Sərginin önəmindən xəbər verən kifayət sayda örnək göstərmək olar. Onun işində Beynəlxalq Turizm Təşkilatı, Asiyanın analoji qurum nümayəndələri, qabaqcıl turizm şirkətləri və otellər iştirak edirdi. Açılış mərasimində çıxış edən Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev də bu və digər məsələlərə öz nitqində yer ayırdı, həmçinin Mingəçevir Turizm Kolecinin ünvanına ən xoş arzularını çatdırdı. Daha sonra kollecin guşəsini ziyarət edən nazir təəssüralarından dolayı kollektivə təşəkkürlərini ifadə etdi.
Kollektiv üçün sərginin zirvə nöqtəsi isə prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə baş tutan görüş və yaxın səmimi ünsiyyət oldu. Dövlət başçısına Mingəçevir Turizm Kollecinin on illik yubiley hazırlıqları barədə ətraflı məlumat verən kollecin direktoru, professor Əyyub Əyyubov kollektiv adından ona təşəkkür etdi. Bildirdi ki, məhz cənab prezidentin sərəncamı ilə on il öncə Mingəçevir Turizm Kollecinin əsası qoyulub. Əyyub Əyyubov qeyd etdi ki, məhz dövlət başçısının diqqət və qayğısı sayəsində kollektiv tədrisdə mütərəqqi yenilikləri tətbiq edir, maddi-texniki bazanı gücləndirir və başarıyla bu yolda zəngin beynəlxalq əlaqələrindən yaralanmağa üstünlük verir. Artıq bu günədək Mingəçevir Turizm Kollecində təhsilini uğurla başa vurmuş beş mindən çox məzun hazırda turizm sahəsində daimi əməklə məşğul olur və turizmin ümumi inkişafına töhvə verir. Prezident İlham Əliyev maraq içində kollec rəhbərinin məlumatlarını dinlədi, müxtəlif suallar ünvanladı və guşəni seyr etdi. Dövlət başçısı gördüklərindən və duyduqlarından məmnun qaldığını kollektivin diqqətinə çatdırdı və ona yeni uğurlar arzuladı.
Kollektiv üçün faydalı olan sərgidə görüşlər zamanı yeni əməkdaşlıqların təməli qoyuldu.
Şərhlər bağlıdır.