Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir teatrında 20 Yanvar faciəsi anıldı

222

Biz öyrəndik təqvimlərə… Ona uyğun bayramları, faciə günlərini qeyd etməyə. Sevincimizi, kədərimizi təqvimin cırılıb atılan vərəqləri kimi unutmağı da öyrəndik. Dərdin ağırlığını çəkənlər isə ovunmadı, sakitləşmədi yurd həsrəti, şəhid nisgilinə. İçində fəryad edən analar, atalar, uşaqlar, sevgililər gecələr xısın-xısın ağladılar. Göz yaşları islatdı balışlarını. Vaxtsız dən saldı saçlarına əzizinin yoxluğu…

26 il də əzab verə-verə beləcə keçdi. Amma azadlıq carçıları unudulmadı. Onlar ilk qaranquşlar kimi yuva saldılar ürəklərdə. Tankların qarşısına əli yalın çıxdılar. Güllələrə tuş gələn sinələrini sipər etdilər. Əzildilər, amma yenilmədilər. Haray, qişqiriq, inilti bugün də təkrarlandı. Bu dəfə Mingəçevir Dövlət Dram Teatrının səhnəsində. Yaşadıq həmin müdhiş gecəni. Səhnəni rəmzi olaraq al qana boyayan qanlı 20 Yanvar gecəsi canlandı yenidən.

Nələr oldu bir gecədə? Bakı qan içində çalxalandı. “Biz ölərik, Bakını vermərik” dedi igidlər. Örpəyini balasının məzarı üstünə örtüb ağı deyən ananın “Gör necə arıqlamısan? Yat, mənim qəhrəman balam” sözləri ağlatdı tamaşaçıları.  Fərizə və İlhamın nakam sevgisi kövrəltdi gəncləri.

“Yaşamaq üçün doğulmuşuq, Vətən üçün ölməliyik” adlı kompozisiyanın quruluşçu rejissoru respublikanın Əməkdar artisti Ella Yaqubovadır.  Gözəl aktyor ansamblı hadisələri ustalıqla ifa etdilər.  Ulu öndərin görüntüləri, Şəmistan Əlizamanlının ifası, “N” saylı hərbi hissədən dəvət olunmuş əsgərlərin səhnədə keşik çəkməsi və “Koroğlu” operasının möhtəşəm Uvertürasının sədaları altında salona gətirilən bayrağ tamaşaya xüsusi rəng qatdı. Azərbaycanın Himnini aktyorlar və tamaşaçılar urəklə ifa etdilər. Nikbin notlarla bitən kompozisiya gənclərdə vətənpərvərlik eşqinin yüksəlməsinə, Azərbaycanın işıqlı həyatına əminlik yaratdı.

Şərhlər bağlıdır.