Bizimlə həyatınız həmişə işıqlı olacaq!

QHT-lərin sosial sahibkarlıqda rolu ilə bağlı ictimai müzakirə aparılıb

Sosial sahibkarlıq sosial, mədəni və ətraf mühit məsələlərinin çözümünə istiqamətlənmiş, sərbəst bazar qaydalarına əsaslanan iqtisadi fəaliyyət növüdür. Hazırda dünyada prioritet trendlərdən birinə çevrilmiş bu fəaliyyət növü icma əsaslı problemlərə yeni həll yolları gətirərək, ümumi maraqlara xidmət edir. Sosial sahibkarlar isə maddi fayda və mənfəəti ikinci plana alaraq, əsas hədəf kimi sosial problemlərin həllini seçirlər.

Azərbaycanda bu sahə yeni olmasına baxmayaraq, artıq müəyyən addımlar atılIb. Təhsil və sosial sahibkarlıq sahəsində ixtisaslaşan Education HUB mövcud sahəyə ictimaiyyətin diqqətini yönəlmək üçün silsilə müzakirələrə başlayıb. Müzakirələrdə QHT-lərin iqtisadi və sosial hədəfləri arasında tarazlıq, sosial sahibkarlıq vasitəsilə dayanıqlı inkişafa nail olmaq, sosial sahibkarlığın ölkəmizə gətirdiyi və gətirə biləcəyi faydalar, eləcə də qarşıya çıxan çətinliklər, eləcə də Azərbaycan qanunvericiliyində sosial sahibkarlığın hüquqi bazasının yaradılması  məsələləri müzakirə olunub. Avqustun 17-də keçirlən müzakirənin moderatorları hüquqşünas Abil Bayramov və Education HUB-ın Proqram Meneceri Gulnara İsmailova olub.

Qardaş ölkədən müzakirəyə qonaq qismində dəvət olunan sosial sahibkar, “Bir Yudum Kitab” plaformasının təsisçisi Alparslan Dəmir Türkiyədə sosial sahibkarların fəaliyyət sahələri, cəmiyyətə gətirdiyi töhfə barədə ətraflı məlumat verib, yeni innovativ ideyaları paylaşıb.

Çıxış edən QHT nümayəndələri – Azərbaycana Birgə Yardım İB-nin (UAFA) Proqram rəhbəri Sevinc Məmmədova sosial bizneslərin QHT-lərin maliyyə mənbəyinin  davamlılığına gətirib çıxardığını qeyd edib: “UAFA-nın sosial biznes layihəsi olan Enjoy Chocolates tərəfindən əldə edilmiş gəlir təşkilatın aztəminatlı ailələrə və xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi sosial xidmətlərə yönəldildi”.  “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova NAYORA-nın xətti ilə təşkil olunan sosial sahibkarlıq proqramı haqda məlumat verib, gənclər arasında məlumatlılığın artırılması və bu sahədə ədəbiyyatın hazırlanmasının vacibliyini vurğulayıb. Şərq Tərəfdaşlıq Vətəndaş Cəmiyyətin proqramının təqaüdçüsü Arzu İsmayılova sosial sahibkarlıqda innovativ təşəbbüslərə daha da əhəmiyyət verilməsini və bu sahə üçün xüsusi fondların ayrılmasına ehtiyac olduğunu diqqətə çatdırıb. “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri, dosent İsrayıl İsgəndərov sosial sahibkarlıqla bağlı tədqiqatlarına aparılmasının vacibliyindən, Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova isə əhalinin aztəminatlı təbəqəsinin özünüməşğulluq xidmətinə cəlb olunmasında sosial sahibkarlığın yeni imkanlar yaratmasından danışıb.

Müzakirə iştirakçıları sosial sahibkarlığın qanunvericiliklə hüquqi statusunun tənzimlənməsi, vergi güzəştlərinin hazırlanması və sair məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Education HUB tərəfindən Sosial Sahibkarlar Assosiyasının yaradılması təşəbbüsü irəli sürülüb və iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.

Şərhlər bağlıdır.