2020-ci ilin 6 ayında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları və ilin ikinci yarımilliyinin yekunlarına həsr olunmuş şura iclası keçirilib.
İclası giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iyul ayının 15-də ölkə Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin yarımilliyinin yekunları və qarşıya qoyulan vəzifələrə həsr edilmiş müşavirənin keçirildiyi, bu müşavirədə müzakirə edilən məsələlər və qarşıda duran vəzifələr haqqında məlumat verib və gündəlikdə duran məsələləri iştirakçıların nəzərinə çatdırıb.
Daha sonra İcra Hakimiyyəti başçısının müavini, şəhər təsərrüfatı üzrə şöbə müdiri Məhluqə Cavadova gündəlikdə duran məsələlərlə bağlı məruzə ilə çıxış edib. M.Cavadova bu ilin 6 ayının Mingəçevir şəhəri üçün uğurlu olmasından və ölkə Prezidenti Cənab İlham Əliyevin iyunun 25-də Mingəçevir şəhərinə səfər edərək bir sıra obyektlərin açılışında iştirak etdiyindən danışıb. O, şəhərin sosial-iqtisadi inkişafı sahəsində aparılan işlərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Məruzə ətrafında çıxış edən Mingəçevir Şəhər Su Kanal idarəsinin rəisi Maarif Məmmədov, Mənzil Təsərrüfatı Abadlaşdırma İdarəsinin rəisi Qürbət Məmmədov, Mingəçevir Telekommunikasiya Qovşağının rəisi Mahir Mürsəlov rəhbərlik etdikləri müəssisələrin fəaliyyəti, mövcud olan nöqsan və çatışmamazlıqların aradan qaldırılması istiqamətində görüləcək işlər barədə fikirlərini bildiriblər.
“Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov da 6 ay ərzində stansiyada görülmüş işlər barədə geniş məlumat verib. O, reabilitasiya proqramı çərçivəsində 8 blokun hər birində yenidənqurma işi aparılması və yenidənqurmadan sonra stansiyanın itirilmiş gücünün bərpa edilməsi haqda danışıb.
Müzakirə olunan məsələnin yekunu olaraq iştirakçılar qərar layihəsi ilə tanış edilib.
Şura iclasına yekun vuran şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bir daha vurğulayıb ki, qərar layihəsində göstərilən iradlara ciddi yanaşılmalı, nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq təşkilatların rəhbərləri öz imkanlarını səfərbər edərək gücləndirməlidirlər. Başçı hər bir təşkilatda şəffaflığın təmin edilməsinin və görülən işlər haqqında mütəmadi olaraq kütləvi informasiya vasitələrində məlumat verilməsinin zəruriliyini qeyd edib. İ.İsmayılov 2020-ci ilin I yarımilliyinin yekunlarına həsr olunmuş müşavirədə ölkə prezidentinin giriş və yekun nitqində qarşıya qoyulan vəzifələrin birmənalı və yüksək məsuliyyətlə yerinə yetirilməsinin vacibliyini bir daha müşavirə iştirakçılarının nəzərinə çatdırıb.
Şərhlər bağlıdır.