Mingəçevir Gənclər Evi qarşısına qoyduğu hədəflərin öhdəsindən layiqincə gəlib
Tural müəllim, 2 Fevral tarixinin milli Gənclər Günü kimi qeyd olunması gənclərə necə təsir edir? Sizcə bu əlamətdar gün Azərbaycan gəncliyinin inkişafında hansı rolu oynayır?
– Bu əlamətdar tarixi gün gənclərə nə qədər dəyərli olduqlarını, necə böyük diqqət və qayğı ilə əhatələndiklərini, ölkə səviyyəsində dəstəkləndiklərini hiss etdirir. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi: “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”.
2 fevral 1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumunun həyata keçirilməsi gənclərin şəbəkələşməsi, onların inkişafında yeni mərhələnin başlanğıcı oldu. Əsası ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti gəncliyimizin inkişafı, onların cəmiyyətdə özünə uyğun yer tapmasında əvəzsiz rol oynayıb. Bu gün uğurla davam etdirilən, dövrün tələblərinə uyğun şəkildə icra olunan gənclər siyasəti gənclərə geniş perspektivlər yaradır. Prezident İlham Əliyevin hər çıxışında gənclərə olan etimadının şahidi oluruq. Gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi, onlara dövlət qayğısının artırılması məqsədilə təsdiq edilən müxtəlif proqramlar da bunu sübut edir. Bu gün Azərbaycan gəncliyi bütün dünyada öz gücünü, intellektini, dünyagörüşünü nümayiş etdirir, ölkə daxilində və beynəlxalq arenada qələbələr qazanır, cəmiyyətdə özünə layiqli yer tutur. Yeni dövrün müasir düşüncəli, bilikli və özünə inanan gəncləri olaraq tariximizə adlarını qızıl hərflərlə həkk etdirirlər.
Azərbaycan Gəncləri Günü ilə əlaqədar #Gənclərhəftəsi-nə start verdiniz. Həftə çərçivəsində nə kimi fəaliyyətlər həyata keçirdiniz, gənclərə nə kimi imkanlar yaratdınız?
-Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən elan edilən #Gənclərhəftəsi-ndə gənclər üçün silsilə fəaliyyətlər təşkil edib, onlara gəncliyin unudulmaz bir həftəsini yaşatmağa çalışdıq. Bu bizim üçün ilk deyil, istər milli Gənclər Günü, istərsə də Beynəlxalq Gənclər Günündə müəssisə olaraq müxtəlif adlar altında silsilə fəaliyyətlər təşkil edib, daha çox gəncə çatmışıq. Bu dəfə ənənəmizə sadiq qalaraq, yeni və gənclərə öz bacarıqlarını nümayiş etdirə biləcəkləri, dəyərli olduqlarını hiss etdikləri, hər anından zövq alacaqları fəaliyyətlər, müsabiqə və sərgilər təşkil etdik. Nümunə kimi “EveryVision” müsabiqəsini, “Qalib GələcəkSƏN” intellektual yarışını, istedadlı gəncimizin əl işlərindən ibarət “Bu şəkil ki var, çox qəliz məsələdir” adlı rəsm sərgisini, “Stand-up” şou, mini-futbol turnirini, sosial şəbəkə ünvanlarımızda keçirilən müsabiqə və #Gəncəm challenge-ni göstərə bilərəm. Bütün bu işlər böyük, gənc ruhlu, güclü bir komandanın işidir. Komanda olaraq biz mütəmadi olaraq gənclərlə görüşüb onların təklif və istəklərini dinləyir, iradlarını öyrənərək nəticə çıxarır və hər dəfə daha mükəmməl iş görməyə çalışırıq.
Region gənclərinin peşəkarlığı, bilik və bacarığını necə qiymətləndirirsiniz? Gənclərin üzərinə hansı vəzifələr düşür?
– Ötən illərlə müqayisədə region gənclərinin peşəkarlığı, bilik və bacarığı daha yüksəkdir. Onlar öz mövqeyini, hədəflərini doğru şəkildə müəyyənləşdirməyi bacarır, nə istədiklərini bilir və istəklərinə çatmaq üçün əzmlə irəli doğru addımlayırlar. Gənclərimiz bu gün öz bilik və bacarıqlarını reallaşdırmaq üçün bütün imkanlarla təmin olunub. Hansı bölgədə yaşamasından asılı olmayaraq onlar xaricdə təhsil almaq, müxtəlif təlim və seminarlarda ödənişsiz şəkildə iştirak etmək imkanına malikdir. Məhz bu imkanlar onlara dünyada baş verən prosesləri yaxından izləməyi, mənfi və müsbəti bir-birindən ayırd etməyi, yeni biliklər öyrənərək onları ölkəmizin inkişafı naminə tətbiq etməyi öyrədir.
Bugünkü gənclərimiz həm də milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşır, Vətənə bağılıqları, sədaqətləri ilə də ön sırada yer alırlar. İkinci Qarabağ müharibəsi zamanı ön cəbhədə könüllü olaraq vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan gənclərimiz sosial şəbəkələr üzərində də güclərini səfərbər etdi. Əzəli və əbədi düşümənimizə qarşı bir yumruq kimi birləşən gənclər dünyanın hansı bölgəsində yaşamasından asılı olmayaraq ölkəsinin ən çətin anında öz dəstəyini göstərdi. Budur əsl Azərbaycan gənci. Avropa qiyafəli, milli ruhda, vətənpərvərlik hisləri ilə çağlayan gənclərimiz bizim həqiqi mənəvi sərvətimizdir.
Gənclərin üzərinə çox böyük məsuliyyət düşür, onlar bugünkü kimi tədqiqatçı, inkişafa meylli olmalı, daim üzərlərində işləməli, öz potensiallarından yaxşı istifadə edərək ölkəmizi böyük arenalarda daha yüksək pillələrə qaldırmalıdır.
Bəs gənclərin şəxsi inkişafı üçün nə kimi yeniliklər etməyi düşünürsünüz? Beynəlxalq əməkdaşlıqla bağlı işlər davam etdirilirmi?
-Gənclərin şəxsi inkişafı və asudə vaxtının səmərəli təşkili məqsədilə növbəti mərhələdə düşərgələr, uzunmüddətli layihə və proqramlar təşkil etməyi planlaşdırırıq. Bu layihə və proqramlardan bir hissəsi pandemiya ilə əlaqədar icrası müvəqqəti dayandırılan layihələrdir. “Səyyar Gənclər Evi”, “Gənclərin Şəxsi İnkişaf və Karyera Məktəbi”, inkluziv qrupa daxil olan gənclər üçün “Danışan Komputerlər” layihəsini nümunə göstərə bilərəm. Yeni layihələr isə gənclərin təklifi nəzərə alınaraq hazırlanan proyektlərdir ki, onlar üzərində iş davam etdirilir. Yeni mərhələdə texnologiyaya marağı olan gənclərin texnoloji biliklərinin artırılması, robototexnika sahəsində yeni bilik və bacarıqlara yiyələnmələri əsas məqsədimizdir.
Gənclərin beynəlxalq təmsilçilik məsələləri üzərində işlər davam etdirilir. Beynəlxalq qurumlarla əməkdaşlıq edən ilk Gənclər Evlərindən biriyik və hazırda Türkiyənin bəzi gənclərlə işləyən təşkilatları, Avropanın müxtəlif ölkələrinin gənclərlə işləyən dövlət və qeyri-hökumət təşkilatları ilə əlaqələrimizi gücləndiririk. Növbəti mərhələdə gənclərin və gənclərlə işləyən mütəxəssislərin mübadiləsi prosesinə təkrar start veriləcək.
“Mingəçevir Gənclər Evi” SXM qarşısına qoyduğu hədəflərin öhdəsindən layiqincə gəlib, gənclərin şəxsi inkişafının təmin olunması, bilik və bacarıqlarının, istedad və maraqlarının üzə çıxarılması, onların təşəbbüslərinin dəstəklənməsi və ən əsası kadr hazırlığının aparılması məsələlərini uğurla həyata keçirib.
Sonda gənclərə nə tövsiyə edərdiniz?
– Gənclər hər zaman cəmiyyətin aparıcı qüvvəsi olub. Keçmişdə də bu belə idi, bu gün də. Əgər biz nəyəsə nail olmaq, yüksək nəticələr əldə etmək istəyiriksə, gənclərimizi doğru şəkildə yetişdirməli, onlara düzgün istiqamət verməliyik. Hər gənc bizim üçün eyni dərəcədə qiymətlidir və biz onları qazanmaq üçün müxtəlif üsullardan istifadə edirik. Çünki hər kəs özünəməxsus və təkrarsızdır, ona görə biz hər bir gəncə individual olaraq yanaşmalı, onların postensialını doğru qiymətləndirib fərqli strategiyalar hazırlamalıyıq. Gənclərə onlar üçün yaradılan imkanlardan maksimum şəkildə istifadə etməyi, asudə vaxtlarını doğru şəkildə istifadə etməyi tövsiyə edirəm. Gənclik bir andır, heç bitməyəcək kimi görünən, ən çox öyrəndiyiniz, nəticə çıxartdığınız, inkişaf etdiyiniz və özünüzə, gələcəyinizə sərmayə qoyduğunuz təkrarolunmaz bir dövrdür.
Gənclərimizi 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edir, hədəflərinə çatmağı, yeni uğurlara imza atmağı və bayrağımızı zirvələrdə qürurla dalğalandırmağı arzulayıram.
Söhbətləşdi:
Firəngiz TELMANLI
Şərhlər bağlıdır.