Mingəçevir Bələdiyyəsinin bu dəfəki hesabatı nə ilə yadda qaldı?
İyulun 23-də Mingəçevir Bələdiyyəsində 2014-cü ilin birinci yarımilliyinin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib. Bələdiyyə sədri Coşqun Abdullayev məruzə ilə çıxış edib. O, bildirib ki, ötən müddətdə təşkilatın hesabına 274307 manat vəsait daxil olub. Bunun 70268,5 manatı torpaq və 1940 manatı əmlak satışı, 35323 manatı icarəyə verilmiş torpağa görə icarə haqqı, 11790 manatı mədən vergisi, 4369 manatı fiziki şəxslərdən alınan əmlak və 2108 manatı torpaq vergisi, 140 min manatı dotasiya və digər gəlir mənbələri üzrə formalaşıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi və ödənişlərin yığımında ciddi irəliləyişlər olub. Belə ki, fiziki şəxslərdən torpaq vergisindən daxilolmalar 4, torpaq satışından 6, səyyar ticarət və ictimai iaşədən 1,7 dəfə artım qeydə alınıb.
6 ayda 216651 manat vəsait xərclənib. Bunun 38%-ə yaxını əmək haqqı və sosial müdafiə ayırmalarına, 74235 manatı abadlaşma, 17120 manatı sosial-mədəni və məişət təyinatlı obyektlərin təmirinə, 6080 manatı maddi yardıma. 5074 manatı qəbiristanlığın saxlanması və dəfn mərasiminə, qalan vəsait isə digər ehtiyaclara, əsasən məhəllədaxili problemlərin həllinə sərf olunub.
Ötən dövrdə vətəndaşların yerli özünüidarə prosesinə cəlb olunması istiqamətində davamlı tədbirlər həyata keçirilib, bələdiyyə ərazisində 3 yeni məhəllə komitəsi təsis olunub, 2 komitənin tərkibi dəyişdirilib, 6 komitənin hesabat xarakterli yığıncağı keçirilib.
C.Abdullayev 6 ay ərzində bələdiyyədə 9 iclas keçirildiyini və 57 məsələyə baxıldığını nəzərə çatdırıb. 33-ü torpaq sahəsi ayrılması. 12-i park və məhəllələrdə tikinti-abadlıq işləri aparılması və tədbirlərin keçirilməsi, 2-si maddi yardım və 10-u təşkilati məsələlərlə bağlı olub. Eyni zamanda bələdiyyə üzvləri bir neçə regional və beynəlxlq tədbirə qatılıb.
Bələdiyyə sədri əmlak və mədən vergilərinin, dayanacaq və mehmanxana rüsumlarının, reklamdan daxil olan ödənişlərin toplanmasında çətinliklərin qaldığını, bələdiyyə nəzdində müxtəlif təyinatlı istehsal və xidmət sahələrinin yaradılmasının vacibliyini də diqqətə çatdırıb.
Məruzə ətrafında müzakirəyə qoşulanlar həyətlərdəki xeyir-şər mağarlarının təmiri, binaların zirzəmilərində su-kanalizasiya xətlərinin dəyişdirilməsi, sağ sahildə tibb məntəqəsinin açılması, sahibsiz mal-qaranın park və yaşıllıqları korlaması, ağacların suvarılması üçün su mənbələrinə ehtiyacın yaranması kimi məsələləri qaldırıblar. İcra Hakimiyyətinin şöbə müduru Rəsul Paşayev Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə danışıqlar aparıldığını və onun Mingəçevirdə yerli qurumunun yaradılması üçün ilkin razılaşma əldə olunduğunu vurğulayıb: “Bu, bizə imkan verəcək ki, texniki su problemi ilə bağlı yaranan çətinlikləri və digər narahatıqları tənzimləyə bilək”.
Tədbirin sonunda yerli özünü idarə orqanı ilə fəal əməkdaşlıq edən məhəllə komitələrindən bir qrupuna bələdiyyənin fəxri fərmanları verilib.
Şərhlər bağlıdır.