Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MVA “Dostluq” parkında təmizlik aksiyası keçirdi

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin könüllüləri iyulun 28-də növbəti aksiyaya toplaşıblar. Onlar bir neçə saat ərzində şəhərin “Dostluq” istirahət parkında təmizlik işləri aparıblar. Yaşıllıq üzərinə atılmış çoxlu siqaret kötükləri, polietilen şüşələr və tum qabları, məişət tullantıları və digər töküntülər yerdən götürülərək, selofan kisələrə yığılıb və nəzərdə tutulan əraziyə aparılaraq, zərərsizləşdirilib.
Maraqlı burasıdır ki, aksiyaya Mingəçevir İcra Hakimiyyəti başçısının müavini Məhluqə Cavadova, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Əli Ağamirov və idarənin işçiləri də qatılıblar. Məhluqə xanım 2015-ci ilin I Avropa Olimpiadasına hazırlıq dövründə belə aksiyaların keçirilməsini müsbət dəyərləndirib. Onun dediyinə görə, digər təşkilatların da belə xeyirxah addımlar atması yaxşı olardı: “Hər birimiz şəhərimizin təmizliyi üçün kiçicik bir töhfə versə, görün Mingəçevir nə qədər gözəllləşər”.
Aksiya iştirakçıları parkın yük maşınları dayanan hissəsində zibilin, əsasən siqaret kötüklərinin yerə atıldığının şahidi olublar. Ə.Ağamirov bildirib ki, bir addımlıqda zibil qutuları var, amma buna məhəl qoyulmur : “Biz onlarn yanına da zibil qutusu qoyacağıq. Görək bundan sonra nə deyirlər”.
MVA-nın prezidenti Fərman Nəbiyevin dediyinə görə, məqsəd ictimaiyyətdə könüllülük vərdişləri aşılamaqdır: “İnsanlar başqalarını gözləmədən öz problemlərinin həllinə nail ola bilərlər”.
Təmizlik işlərindən sonra könüllülər Mingəçevir Media Mərkəzində gələcək fəaliyyətlə bağlı müzakirələr aparıblar.

Şərhlər bağlıdır.