Mingəçevir Bələdiyyəsi 2011-ci ildə
Mingəçevir Bələdiyyəsi öz işində Azərbaycan Respublikası Prezidentinin bələdiyyələrlə bağlı verdiyi fərman və sərəncamlardan, Milli Məclisin yerli özünüidarəetmə ilə əlaqədar qəbul etdiyi qərarlardan, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri, həmçinin bələdiyyə iclasları tərəfindən qəbul edilmiş qərarları əsas götürərək, fəaliyyətini qurmağa çalışır.
2011-ci il ərzində Mingəçevir Bələdiyyəsinin 14 iclası keçirilmiş, 70 məsələ müzakirə edilmişdir. İclaslarda bələdiyyənin mülkiyyətində olan torpaqların icarəyə və mülkiyyətə verilməsi ilə, şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və bir sıra başqa tədbirlərin keçirilməsinə maliyyə vəsaitlərinin ayrılması ilə və təşkilatı məsələlərlə bağlı qərarlar qəbul olunmuşdur.
Hesabat dövründə bələdiyyəyə 669 məktub, ərizə və şikayət daxil olmuşdur ki, bunların 308 ədədi fərdi mənzil tikintisi üçün torpaq sahəsi almaq, 18 ədədi sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi icarəyə götürmək, 45 ədədi maddi yardım, 298 ədədi isə müxtəlif məzmunda olmuşdur.
“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərə vaxtında baxılmış, nəticəsi barədə vətəndaşlara məlumat verilmişdir. 180 müraciət təmin olunmuş, 421 müraciətə əsaslandırılmış cavablar verilmiş, 66 ərizə aidiyyatı üzrə göndərilmiş, 2 ərizəyə anonim olduğu üçün baxılmamışdır. İl ərzində 93 vətəndaş bələdiyyə sədri tərəfindən qəbul edilmşdir.
2011-ci il ərzində bələdiyyə büdcəsinə 370819,66 manat vəsait toplanmışdır. Bu vəsait əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin satışından (120885,50 manat), torpaq sahələrinin icarəyə verilməsindən (62513,56 manat), yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisindən (22950,00 manat), dövlət büdcəsindən ayrılan dotasiyadan (140000,00 manat) və bələdiyyənin digər fəaliyyətindən əldə olunan gəlirlərdir.
Hesabat dövründə bələdiyyə büdcəsindən 371107,57 manat vəsait xərclənmişdir. Əmək haqqı və onunla bağlı sair ödəmələrə 154303,04 manat, Dövlət Sosial Müdafiə Fonduna 41933,66 manat, təmir və abadlaşdırma xidmətləri üçün mal və materialların alınmasına 76009,30 manat, inzibati xərclərə (dəftərxana ləvazimatları, təsərrüfat mallarının, nəqliyyat vasitələri üçün yanacaq və sürtgü materiallarının alınmasına, nəqliyyat xidməti haqqına və s.) 18784,53 manat, kommunal və rabitə xərclərinə 7057,71 manat, əsas vəsaitlərin alınmasına 7493,50 manat, imkansız ailələrə maddi yardıma 2451,00 manat, dəfn və mərasim xidmətlərinə 1258,00 manat, mətbuata abunə xərclərinə 4909,90 manat, bankın xidmət haqqına 3218,95 manat, gəlir vergisinə 10238,49 manat və sair cari xərclərə 36167,89 manat ayrılmışdır.
Bələdiyyənin 2011-ci ildə gördüyü işlərdən bir neçəsinə nəzər salaq. Bildiymiz kimi, Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələri Assosiasiyasının “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsünə ilk qoşulanlardan biri Mingəçevir Bələdiyyəsidir. Həmin təşəbbüsə əsasən, hər il azı bir sosial obyekt (park, bağ, istirahət guşəsi və s.) tikilib sakinlərə təhvil verilir. Ötən il bələdiyyə Sağ sahildəki Y.Muradov küçəsinin gediş-gəliş hissəsində – 1500 kv.metr ərazidə istirahət üçün hər cür şəraiti olan bir istirahət parkını tikib əhalinin istifadəsinə verib. Bu məqsədlə büdcədən 20439,91 manat vəsait xərclənib.
Bundan başqa, qum-çınqıl mədənlərinə gedən yolun təmirinə 1410,00 manat, İlk Qurucular Parkında təmir işlərinə 2000,00 manat, S.Vurğun küçəsindəki binaların dam örtüyünün dəyişdirilməsinə 3000,00 manat, bələdiyyə parkına heyvan fiqurlarının alınmasına 1100,00 manat, Sahil parkında abadlaşdırma işlərinə 1486,00 manat, fərdi mənzil tikintisi üçün əhaliyə paylanan ərazidə su kanalı və körpünün salınmasına 1245,00 manat xərclənmişdi. Bələdiyyə büdcəsindən hesabat dövründə park və fəvvarələrin saxlanmasına 11000,00 manat, qəbiristanlıqların saxlanmasına 4219,00 manat, təhsil sahəsinə 7923,00 manat, məişət xidmətlərinə 1510,00 manat vəsait ayrılmışdır.
2011-ci ildə məhəllə komitələrinin müraciətləri əsasında bir sıra işlər görülmüşdür. 14 ərazidə sosial obyektlərin (əsasən xeyir-şər mağarlarının) təmirinə kömək məqsədi ilə 3576,27 manat dəyərində müxtəlif tikinti materialları alınıb verilmişdir. “Oğuz”, “Aydın”, “Şimşək”, “Yüksəliş”, “Bozdağ”, “Birlik” məhəllə komitələrinə və məhəllə komitəsi olmayan bir neçə ünvana (H.Əliyev pr. 41, “N” saylı hərbi hissəyə, N.Nərimanov pr. ev 30) 535 ədəd şifer, 200 metr taxta, mismar, boya, santexnika materialları və s. ilə yardım olunmuşdur.
Vətəndaşlara maddi yardımlar göstərilməsi daim bələdiyyənin diqqət mərkəzindədir. Yardımlar pul, material və ərzaq şəklində olmuşdu. 64 nəfər xəstə, əlil və imkansız vətəndaşa 2451,00 manat pul, 16 nəfərə 1550,30 manatlıq müxtəlif tikinti materialları yardımı göstərilmişdir. Bir qrup köçkünə 900,00 manatlıq ərzaq paylanmışdır.
Bələdiyyənin “Dəfn mərasimi xidmətləri” sahəsi tərəfindən il ərzində 268 dəfn təşkil olunmuşdur. 34 nəfər imkansız ailə dəfn üçün xidmət haqqından azad edilib. 16 nəfər bələdiyyə hesabına dəfn olunub. Bunun üçün bələdiyyə büdcəsindən 1258,00 manat vəsait xərclənib.
Hesabat dövründə bələdiyyə bir sıra tədbirin keçirilməsinə də maliyyə ayırıb. Belə ki, Qurban Bayramı münasibəti ilə 850,00 manat, şəhər gününə 500,00 manat, bələdiyyə işçilərinin ekskursiyasına 800,00 manat, qonaqların mehmanxana xərclərinə 2353,00 manat vəsait xərcləmişdir.
Bələdiyyə nəzdində fəaliyyət göstərən “Peşəyönümlü Maraq Kursları”nı kompüter işi üzrə 238 nəfər, ingilis dili üzrə 27 nəfər bitirmişdir. Fiziki cəhətdən qüsurlu 5 nəfər bələdiyyə hesabına təhsil almışdır. Kursların fəaliyyətindən bələdiyyə büdcəsinə 6943,00 manat vəsait daxil olub.
2011-ci ildə vətəndaşların müraciətləri əsasında bələdiyyə iclası 19 nəfərə fərdi mənzil tikintisi üçün 7297 kv.metr torpaq sahəsinin mülkiyyətə verilməsi barədə qərar çıxarmışdır. Bunlardan 3 nəfər hərbçi, 1 nəfər şəhid ailəsi kimi rüsumdan azad edilmişdir. 5 nəfərə sahibkarlıq fəaliyyəti üçün 572 kv.metr torpaq sahəsi icarəyə verilmişdir.
Ötən il dekabrın 19-dan 26-na kimi bələdiyyə “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində bir sıra tədbirlər həyata keçirmişdir: “Açıq qapı” günləri, “Qaynar xətt”, “Poçt qutusu” vasitəsi ilə həftə ərzində vətəndaşların qəbulu təşkil olunmuş, məhəllələrdə sakinlərlə görüşlər keçirilmiş, uşaq parlamentinin üzvləri və ali məktəblərin tələbələri ilə “Dəyirmi masa”larda müxtəlif mövzular üzrə fikir mübadilələri aparılmış, bələdiyyə büdcəsinin ictimai dinləməsi keçirilmişdir.
Bələdiyyə 2011-ci ildə də yerli və beynəlxalq qeyri-Hökumət təşkilatları ilə, kütləvi informasiya vasitələri ilə sıx əlaqələr qura bilmişdir. Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) “Bələdiyyələrin fəaliyyətində şəffaflıq” proqramı çərçivəsində elan etdiyi qrant müsabiqəsində Mingəçevir Bələdiyyəsi iştirak etmiş və iki layihə AƏF tərəfindən dəstəklənmişdir. Ötən ilin 6 ayında “Bələdiyyələrlə məhəllə komitələrinin əlaqələrini möhkəmləndirmək məqsədi ilə təlim və seminarların təşkili” və “Yeniyetmə qızların gender həssaslı problemlərlə bağlı maarifləndirilməsi” layihələri həyata keçirilmiş, bələdiyyənin nəzdində Qadınlar Məclisi təsis olunmuşdur. Layihələrin icrası üçün AƏF bələdiyyə büdcəsinə 4595,00 manat vəsait köçürmüşdür.
Bu dövr ərzində bələdiyyə üzvləri müxtəlif yerli və respublika əhəmiyyətli tədbirlərdə yaxından iştirak etmiş, məhəllələrdə əhali ilə görüşlər keçirmiş, bir sıra tədbirlərin təşkilatçısı olmuşlar. Mətbuat və elektron KİV-lərdə bələdiyyənin fəaliyyəti ilə bağlı məqalələr dərc edilmiş, çıxışlar hazırlanmışdır. Yerli televiziyada (MTV-də) “Bələdiyyə saatı” verilişi təsis olunub. Həmin verilişdə vaxtaşırı olaraq bələdiyyə üzvləri bələdiyyənin fəaliyyəti, qarşılaşdığı problemlər, bələdiyyənin qərar və sərəncamları barədə məlumatlarla çıxış ediblər. Proqramda bələdiyyənin hesabatları ictimaiyyətə çatdırılıb, müxtəlif mövzularla bağlı fikir mübadilələri aparılıb. MTV ilə bələdiyyə arasında bağlanmış müqaviləyə əsasən veriliş ayda bir dəfə efirə çıxır.
Sözsüz ki, bələdiyyənin 2011-ci il üçün planlaşdırılan işlərinin hamısını həyata keçirmək mümkün olmamışdır. Bələdiyyə büdcəsini formalaşdıran ən iri mənbə olan əmlak və mədən vergilərinin toplanmasında problemlər vardır. Dayanacaqlardan və mehmanxanalardan yığılan rüsumlar nəzərdə tutulduğundan az olmuşdur. Bu səbəbdən də nəzərdə tutulmuş bir sıra layihələrin reallaşdırılmasında çətinliklər yaranıb.
Mingəçevir Bələdiyyəsi bundan sonra da fəaliyyətini gücləndirmək məqsədi ilə qarşıya çıxan problem və nöqsanları aradan qaldırmaq üçün potensialını səfərbər edəcək, yerli əhəmiyyətli məsələlərin həllində sakinlərin yardımçısı olacaqdır.
Cavanşir Yusubov,
Mingəçevir Bələdiyyəsinin sədri
Şərhlər bağlıdır.