Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bələdiyyələr tam, real hakimiyyət hesab olunur

Martın 3-də Mingəçevir Media Mərkəzində “Yoxsulluğun azaldılmasında və gender bərabərliyinin təmin olunmasında yerli özünüidarə orqanlarının rolu” mövzusunda jurnalistlər üçün təlim keçirilib. Təlimə Mingəçevirdə və ətraf bölgələrdə-Ağdaş, Yevlax, Şəki, Oğuz və Goranboyda fəaliyyət göstərən KİV nümayəndələri qatılıb. İştirakçıları salamlayan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) eksperti Samir Əliyev bildirib ki, məqsəd insanlara ictimai xidmətlərin çatdırılmasında yerli özünüidarə qurumlarının idarəetmə imkanları barədə bilgiləri jurnalistlərə çatdırmaqdır.
Təlimçinin xahişi ilə iştirakçılar özləri və yaşadıqları bölgələrin bələdiyyələri barədə fikirlərini açıqlayıblar.
“Mingəçevir işıqları” qəzetinin şöbə müdiri Yeganə Nəbiyevanın dediyinə görə, bələdiyyələr daha çox torpaq satan təşkilat kimi tanınır: “Biz bələdiyyəni kasıb bir qurum hesab edirdik, amma məlum oldu ki, onların yetərincə gəlirləri var”.
“Kür”qəzetinin əməkdaşı Ramiz Həmidov isə bildirib ki, bələdiyyələr müstəqil deyil: “Onların səlahiyyəti artırılsa, daha yaxşı olar, işlərinin öhdəsindən yetərincə gələrlər”.
“Mübariz” qəzetinin redaktoru Fəxrəddin Xəlilov Goranboyda 51 bələdiyyənin fəaliyyət göstərdiyini və onların müəyyən işlər gördüyünü nəzərə çatdırıb: “Bələdiyyəni çox sıxırlar. Onların büdcəsinin nə qədər olduğunu isə bilmirəm”.
“Sosial xəbər” qəzetinin redaktoru Qurbanəli Ömər belə bir fikri vurğulayıb ki, Milli Məclisdə aparılan müzakirələrdə bələdiyyələrdən narazılıq ifadə olunub: “Millət vəkilləri qeyd edirlər ki, bələdiyyə üzvləri savadsızdırlar və onlara səlahiyyətlər verilə bilməz. Yaxşı olmazmı ki, bələdiyyə üzvləri demokratik yolla seçilsinlər?”.
Mingəçevir bələdiyyəsinin üzvü Zahid Qasımlı deyib ki, Mingəçevir bələdiyyəsinin 2011-ci ildə 140 min manat büdcəsi olub: “Əmlak vergisi sıfırdır. Çünki yığılmır. Bütün karxanaları məhkəməyə vermişik. Amma nəticəsi yoxdur. Mədən vergisini ala bilmirik”.
İTYİB ekspertinin dediyinə görə, Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirməyə imkan verir: “Azərbaycanda paytaxt bələdiyyəsi yoxdur və bələdiyyə sistemi birpilləlidir. Bələdiyyələr və onların orqanları dövlət hakimiyyəti orqanları sisteminə daxil deyildir. Yerli büdcələrin gəlir mənbələri yerli vergilərdən və qeyri-vergi gəlirlərindən ibarətdir. Bələdiyyə vergiləri birbaşa vətəndaşlardan yığır”.
Ekspertin qənaətinə görə, Avropa Xartiyası yerli özünüidarə orqanlarını tam, real hakimiyyət hesab edir: “Yerli özünüidarə orqanlarının maliyyə vəsaitləri Konstitusiya ilə, yaxud qanunla onlara verilən səlahiyyətlərə mütənasib olmalıdır”.
Tədbir boyu İTYİB-in eksperti jurnalistləri maraqlandıran sualları cavablandırıb. Əsas diqqəti isə yerli özünüidarə orqanları və onların əhəmiyyəti ilə bağlı məsələlərə yönəldilib.

Şərhlər bağlıdır.